Məşhur aşpazlar arasında türk aşpazların da olduğunu bilirsinizmi?

Məşhur aşpazlar arasında türk aşpazların da olduğunu bilirsinizmi? SİA bu barədə Tükiyə saytlarına istinad edir.

İstanbulda yerləşən, dünyanın ən yaxşı 50 restoranı arasında yer alan Mikla, aşpaz Mehmet Gürsün "Yeni Anadolu mətbəxi" olaraq xarakterizə etdiyi menyusu ilə diqqət çəkir. Finlandiyada doğulan və İsveçdə böyüyən aşpaz Mehmet Gürs uzun illər ABŞ-da işlədikdən və kulinariya təhsili aldıqdan sonra 1996-cı ildən etibarən İstanbulun yemək mədəniyyətinə yeni zənginliklər qatmağa başlayıb.
Türk aşpazlar adlarını təkcə Türkiyədə deyil, dünyada da tanıdırlar. 10 yaşında ailəsi ilə birlikdə Almaniyaya köçən tuncelili Əli Güngörmüş Michelin ulduzuna malik ilk türk aşpazdır. Atasının fəhlə olaraq işlədiyi Almaniyaya köç edən Əli Güngörmüş gənc yaşlarında maraqlandığı kulinariya təhsilini birinciliklə tamamlayıb və Almaniyada bir çox Michelin ulduzlu restoranlarda işləyib. Türk mədəniyyətinin və mətbəxinin küçə ləzzətlərini digər mətbəxlərə uyğunlaşdıran aşpaz 27 yaşında Aralıq dənizi mətbəxi anlayışı ilə öz restoranını açıb və beləliklə "Miçelin ulduzu"na malik ilk türkiyəli aşpazı adına layiq görülüb.

Almaniyada doğulub böyüyən 35 yaşlı aşpaz Serkan Güzelçoban Michelin ulduzu alan ikinci türk aşpazdır. Dənizlidən olan anasının reseptlərindən ilham alan Güzelçoban restoranında qastronomiya və ləzzətlə yanaşı, ictimai məsuliyyətə də böyük əhəmiyyət verir. Məşhur aşpaza məxsus restoranın mətbəxində və xidmətində çalışanların əksəriyyəti fiziki və əqli cəhətdən qüsurludur.

Asiyanın ən yaxşı 50 restoranı arasında 36-cı yerdə olan Banqkokdakı bir restoranın mətbəxində türk aşpaz da var. Bolu Mengen Aşpazlıq Məktəbini bitirən Fatih Tutak Uzaq Şərqin fərqli yemək mədəniyyəti içərisində türk tarixindən ilhamlanaraq tamamilə Türk-Aralıq dənizi üslubunda menyuya yer açmağı bacarıb.

Türkiyə mətbəxi zəngin çeşidləri və ləzzətləri ilə yanaşı, sağlam və balanslı qidalanmağa uyğun nümunələri ilə diqqət çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə