Tələbələr peyvənd olunmanı necə qarşılayır? - SORĞU

Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi Aynur Ədil: "Covid-19 pasportunun tələb olunması ali təhsil müəssisələri üçün çox əhəmiyyətlidir və vacibdir. Ona görə ki, bu daha çox tələbələrin həyatını qaranti altına alır. Yəni Covid-19 pasportu olandan sonra kimin vaksinasiyadan keçdiyini biləcəyik. Bu isə xəstəliyin və virusun qarşısını almaq üçündür. Beləliklə virusa yoluxma riski azalmış olur. Yoluxan şəxs vaksin olunduğu üçün xəstəliyi daha yüngül formada keçirir. Amma hər iki halda Covid-19 pasportunun alınmasının tərəfdarıyam. Vaksinasiyadan keçməyi hər kəsə tövsiyyə edirəm".

Xəzər Universiteti tələbəsi Zərdüşt Quluzadə: "Mən universitetlərin açılmasını uzun müddətdir ki, gözləyirəm. Çünki, pandemiya dövründə təhsildən çox uzaq qaldıq. Mənim fərdi inkişafımda çox maneə oldu. Düşünürəm ki, onlayn tədris nə qədər inkişaf etsə də ənənəvi təhsillə bir tutula bilməz. Bütün tələbələrin fikirləri də düşüncəmə görə bu yöndədir. Tələbələr təhsil mərkəzlərinin açılmasını səbirsizliklə gözləyirlər. Bunun üçün vaksin tələb olunur. Lakin tələbələr əmin olmaq istəyir ki, vaksin olunduqdan sonra dərsə gedə biləcəklər. Xüsusi məhdudiyyətlər içində dərsə getmək istəyənlər çoxdur".

Azərbaycan İqtisad Universitetinin tələbəsi Şahin İsazadə: "Covid-19 pandemiyası dünyanı öz cənginə aldı və bizim ölkəmizdən də yan keçmədi. Əsas da bunun fəsadı kimi deyərdim ki, ənənəvi tədrisdən uzaqlaşıb, onlayn tədrisə keçilib. Artıq müəyyən olunmuş, daha səmərəli bir yol var. O da peyvənd olunub, təhsilə davam etmək. Peyvənd olunmanı normal qarşılayıram, düşünürəm ki, əvvəlki həyatımıza qayıtmaq üçün bu vacib şərtdir".

Azərbaycan Dillər Universitetinin tələbəsi Ayşən Sadıqova: "Məncə hər kəs vaksin olunmalıdır. Amma məcburi olmamalıdır. Vaksinasiya prosesindən keçmək hər kəsin sağlamlığı üçün əsas şərtdir. Universitetlərin açılmasını mən düzgün hesab etmirəm. Pasportun olmamasına görə məhdudiyyətlərin qoyulmasını düzgün hesab etmirəm. Vaksinasiya məcburi deyil, könüllü şəkildə təşkil olunmalıdır. Onlayn təhsil daha yaxşıdır. Oxuyan tələbə onlayn tədrisi də normal şəkildə qavraya bilər. Onlayn şəkildə vaxtımıza da qənaət edirik".

Azərbaycan İqtisad Universitetinin tələbəsi Günay Nəsibova: "Peyvəndin fəsadlarını və hazırda insanlar üzərində olan reaksiyaları haqqında bir çox həkim məlumat verir. Sözün açığı peyvənd olunmanın tərəfdarı deyiləm. Ancaq hal-hazırki vəziyyətdə peyvənd olmaq məcburidir. Tədris müəssisələrində pasportun tələb olunması müsbət haldı. Ən azından hər kəs peyvənd olsa hər şey qaydasında düşər deyə düşünürəm".

Azərbaycan İqtisad Universitetinin tələbəsi Qəmzə Pirazi: "Məsələyə münasibətim yaxşıdır. Zənnimcə, hal-hazırda bu bəladan qurtulmağın yeganə yolu peyvənd olunmaqdır. Ən azından bu yoluxmanı tam aradan qaldırmasa da, xeyli azaldacaq. Mən özüm də peyvənd olunmuşam".

Bakı Slavyan Universitetinin tələbəsi Şəbnəm İsgəndərova: "Peyvəndlərin tərkibləri haqqında müəyyən şaiələr olduğu üçün biraz tərəddüd içərisindəyəm, lakin bir sıra yerlərə Covid pasportu tələb olunduğu üçün könülsüz könüllü formada vurduracağam. Tələbələrin peyvənd olunması universitetlərin ənənəvi qayda da təhsilə keçməsinə kömək olacaq deyə düşünürəm. Zənnimcə, müsbət bir nəticə ilə sonlanacaq".


Azərbaycan Dillər Universitetinin tələbəsi Aytac İbrahimxəlilova: "Tələbələrin peyvənd olunmasına qarşı çıxmıram. Ancaq ikinci dozanın vurulması ürəkaçan deyil. Əksər hallarda immuniteti zəif olan insanlar peyvənd olunmadan da yoluxma ehtimalı daha yüksəkdir. Yoluxmanın hər keçən gün biraz daha artması yenidən sərt karantin rejiminə keçməyimizə səbəb ola bilər".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə