“Gənc müəllimlər və Yaşıl düşüncə” forumu keçirilib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə “Gənc müəllimlər və Yaşıl düşüncə” mövzusunda forum keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 450 müəllimin iştirak etdiyi forumda əvvəlcə Dövlət Himni səsləndirilib, ardınca şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AGMA-nın sədri Pərvinə Qədimova bildirib ki, forumun keçirilməsində məqsəd qarşıdan gələn COP29-la bağlı müəllimlərin məlumatlılığını artırmaq, həmçinin qarşılıqlı fikir və təcrübə mübadiləsi aparmaqdan ibarətdir.

Milli Məclisin deputatları Ceyhun Məmmədov və Naqif Həmzəyev gənc müəllimlərin bu cür vacib mövzuda maariflənməsinin olduqca məqsədəuyğun və vacib olduğunu vurğulayıblar.

Xarici İşlər Nazirliyinin İnsan Hüquqları təsisatları ilə əməkdaşlıq idarəsinin rəis müavini, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi komandasının həmrəhbəri Jalə İbrahimova “Azərbaycanın COP29 Sədrliyinin gündəliyi və qlobal iqlim təşəbbüsləri” və Bakı Mühəndislik Universitetinin kimya və biologiya kafedrasının baş müəllimi Elşad Yunusov “Tədrisdə “Yaşıl düşüncə”nin formalaşdırılmasına dair addımlar” adlı mövzularla çıxış edərək müəllimləri maraqlandıran sualları cavablandırıblar və bununla da konfrans işini yekunlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə