Yol təmiri işləri planlaşdırılarkən nəqliyyat axını necə düzgün idarə olunmalıdır? - EKSPERT
"Yol təmiri işləri aparılarkən ən vacib məsələlərdən biri hərəkətin düzgün təşkili və nəqliyyat axınının səmərəli idarə edilməsidir. Təmir işləri görülən ərazilərdə hərəkətin təhlükəsiz və fasiləsiz davam etməsi üçün əvvəlcədən müvafiq tədbirlər görülməlidir".
Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

Onun sözlərinə görə, əgər yolun yalnız bir hissəsində təmir işləri aparılırsa, digər hərəkət zolaqlarından istifadə etməklə nəqliyyatın hərəkətini tənzimləmək mümkündür: "Lakin asfalt örtüyünün yenilənməsi, kanalizasiya və ya digər kommunikasiya xətlərinin çəkilməsi, eləcə də qazıntı işlərinin aparıldığı ərazilərdə təhlükəsizlik baxımından nəqliyyat vasitələrinin həmin hissəyə girişinə icazə verilməməlidir.
Cari, yəni iri həcmli xərc tələb etməyən təmir işləri zamanı nəqliyyatın hərəkəti mümkün qədər optimallaşdırılmalıdır. Sürücülər üçün rahat və təhlükəsiz şərait yaradılmalı, nəqliyyat axınının fasiləsiz davam etməsi təmin olunmalıdır.
Digər mühüm məsələ nəqliyyatın hərəkət qabiliyyətinin qorunmasıdır. Yəni nəqliyyat vasitələri, sürət aşağı olsa belə, maneəsiz şəkildə hərəkət edə bilməlidir. Yolun tam bağlanması yalnız zəruri hallarda tətbiq olunmalıdır.
Bəzən alternativ yolların yaradılması ilə bağlı fikirlər səsləndirilir. Əslində isə təmir aparılan ərazi üçün yeni yolun inşa edilməsi real və məqsədəuyğun yanaşma deyil. Daha düzgün həll mövcud alternativ küçə və prospektlərdən istifadənin təşkil edilməsi, sürücülərin əvvəlcədən həmin istiqamətlərə yönləndirilməsidir.
Belə yanaşma həm nəqliyyat sıxlığının azalmasına, həm də hərəkətin daha səmərəli təşkilinə müsbət təsir göstərir. Buna görə də yol təmiri zamanı əsas məqsəd təhlükəsizliyi təmin etməklə yanaşı, nəqliyyatın mümkün qədər rahat və fasiləsiz hərəkətini qorumaq olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə



USD
EUR
GBP
RUB