ADY “Çin Dəmir Yolları” ilə Anlaşma Memorandumu imzalayıb - YENİLƏNİB

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) “Çin Dəmir Yolları” Dövlət Korporasiyası ilə dəmiryol nəqliyyatı və tranzit, həmçinin rəqəmsal layihələrin həyata keçirilməsi üzrə əməkdaşlığı daha da möhkəmləndirmək üçün Anlaşma Memorandumu imzalayıb. SİA xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, sənədi ADY sədri Çinə səfəri çərçivəsində “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının prezidenti Sun Syudo ilə birlikdə imzalayıb.

Görüşdə Çin və Azərbaycan arasında strateji əlaqələrin gücləndirilməsi kontekstində nəqliyyat və logistika sektorunda tərəfdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb. Bildirilib ki, iki ölkənin dəmiryol qurumları arasında əməkdaşlıq tranzit daşımalardan və multimodal həllərdən tutmuş infrastrukturun inkişafı və proseslərin rəqəmsallaşdırılmasına qədər geniş spektri əhatə edir.

ADY sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il aprelin 22-də Çinə dövlət səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olub. Əməkdaşlığın əsas elementlərindən biri Azərbaycanın Şərqlə Qərb arasında mühüm tranzit əlaqəsi kimi qəbul etdiyi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafıdır. Çin–Qazaxıstan–Azərbaycan–Gürcüstan–Avropa marşrutu üzrə müntəzəm daşımalar çatdırılma müddətinin azaldılmasına və logistik həllərin şaxələndirilməsinə kömək edir.

Bildirilib ki, səmərəli əməkdaşlığın nəticəsi olaraq 2024-cü ildə iki ölkə arasında dəmiryol nəqliyyatı ilə daşınan yüklərin həcmi 47 % artaraq 612 min ton təşkil edib. 2024-cü ildə Çindən 287 blok-qatar qəbul edilib, bu ilin 6 ayı ərzində bu göstərici artıq 199 blok-qatar təşkil edib. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir.

Qeyd olunub ki, ADY və “Çin Dəmir Yolları” arasında əməkdaşlığın inkişafı Avrasiyanın nəqliyyat əlaqəsinin gücləndirilməsinə və dayanıqlı logistika zəncirlərinin inkişafına mühüm töhfə verir.

Sənəddə beynəlxalq dəhlizlər üzrə yük daşımaları üçün münbit şəraitin yaradılması yolu ilə regional iqtisadi inteqrasiyanın inkişafına dəstək, idarəetmə proseslərinin optimallaşdırılması və daşıma səmərəliliyinin artırılması, həmçinin müştərilərə daha yüksək xidmət təqdim edilməsi məqsədilə müasir və rəqəmsal texnologiyaların tətbiqinin zəruriliyi, Orta Dəhliz üzrə multimodal daşımaların inkişafının strateji əhəmiyyəti və bu marşrutun Çin və Azərbaycandakı logistik terminallarla bağlantısı, Çinin “China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol qurumları arasında Orta Dəhlizin inkişafı üzrə yaradılmış “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmasının zəruriliyi və “Kəmər və Yol Təşəbbüsü”nün reallaşdırılması kontekstində dəmiryol sahəsində əməkdaşlığın dərinləşdirilməsi kimi mühüm istiqamətlər qeyd edilib.

Bundan başqa, səfər çərçivəsində R. Rüstəmov “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti” SC-nin İdarə Heyətinin sədri Talqat Aldıbergenovlə görüşüb.

Görüşdə iki ölkə arasında tranzit daşımalar üzrə əməkdaşlığın daha da genişləndirilməsinin, Çindən Avropa istiqamətində göndərilən konteyner yüklərin təyinat məntəqələrinə vaxtında çatdırılması üçün koordinasiyalı fəaliyyətin gücləndirilməsinin vacibliyi qeyd olunub. Bildirilib ki, Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında yaradılmış “Middle Corridor Multimodal” birgə müəssisəsi Orta Dəhliz üzrə fasiləsiz, etibarlı və səmərəli yükdaşıma əməliyyatlarının təmin edilməsinə dəstək verəcək.

Həmçinin ADY nümayəndə heyəti Çinə işgüzar səfəri zaman 8 iyul tarixində Pekində Yüksəksürətli dəmir yolları üzrə XII Beynəlxalq Konqresdə iştirak edib.

“Yüksəksürətli dəmiryol nəqliyyatı: Dayanıqlılıq, innovasiya və inkişaf” (High-Speed Rail: Sustainability, Innovation, Prosperity”) mövzusunda keçirilən tədbirdə yüksəksürətli qatarların iqtisadi və sosial inkişafda rolu, dayanıqlı inkişaf və texnoloji innovasiyalar kimi məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə