Yay mövsümündə insanlar ən çox hansı qidalara üstünlük verməlidir? - EKSPERT AÇIQLADI

"Yay aylarında isti hava şəraiti ilə əlaqədar orqanizmimizdə bir sıra fizioloji dəyişikliklər baş verir. Tərləmə artdığı üçün su və mineral itkisinin çoxalmasına gətirib çıxarır. Bu səbəbdən yay mövsümündə həm sağlam qalmaq, həm də orqanizmin enerji balansını qorumaq üçün qidalanmağımıza diqqət yetirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.
Onun sözlərinə görə, ilk olaraq su balansını qorumaq çox vacibdir. Tərləmə yolu ilə çoxlu miqdarda su itiririk. Bu səbəbdən gündəlik ən azı hər kq çəkiyə 0.3 ml su içmək tövsiyə olunur. Su ilə yanaşı təbii meyvə suları, ayran, mineral su və şəkərsiz soyuq çaylar da qəbul edə bilərik. Qazlı və şəkərli içkilərdən isə mümkün qədər uzaq durmaq lazımdır. Bu içkilər susuzluğu aradan qaldırmaq əvəzinə orqanizmi daha da susuz qoyur: "Yay aylarında ağır, yağlı və çox ədviyyatlı yeməklər orqanizmi yükləyə və həzmi çətinləşdirə bilər. Bunun əvəzinə yüngül, təzə və az yağlı yeməklərə üstünlük verilməlidir. Məsələn, tərəvəz salatları, buxarda bişirilmiş yeməklər, toyuq və balıq kimi az yağlı zülal mənbələri həm doyurucu, həm də faydalıdır.

Mövsümündə olan məhsullar həm daha dadlı, həm də daha qidalandırıcı olur. Yay aylarında bol miqdarda qarpız, yemiş, çiyələk, alça, şaftalı, ərik və digər meyvələr tərkibindəki su, vitamin və antioksidantlar vasitəsilə həm susuzluğu aradan qaldırır, həm də immunitet sistemini gücləndirir. Tərəvəzlərdən pomidor, xiyar, badımcan, bibər və yaşıl yarpaqlı tərəvəzlər gündəlik rasiona daxil edilməlidir.

İsti hava mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaradır. Zəhərlənməyə səbəb olmamaq üçün qidaların saxlanma şəraitinə və hazırlanmasına daha diqqətlə yanaşmaq lazımdır. Xüsusilə süd məhsulları, ət və dəniz məhsulları tez xarab olduğu üçün soyuducu şəraitində saxlanmalı, çiy və bişmiş qidalar ayrılıqda qorunmalıdır. Küçə şəraitində satılan və gigiyenasına əmin olmadığınız qidalardan uzaq durmağınız məsləhətdir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə