Azərbaycan və Çin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasının nəticələrini iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyətə mühüm töhfə verəcək tarixi nailiyyət və dönüş nöqtəsi kimi alqışlayıblar. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında aprelin 23-də aparılan danışıqlardan sonra imzalanmış birgə bəyanatda bildirilib.
“Çin COP29-un uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edir. Hər iki tərəf COP29-un nəticələrini iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyətə mühüm töhfə verəcək tarixi nailiyyət və dönüş nöqtəsi kimi alqışlayıblar”, - sənəddə bildirilib.
Tərəflər bütün ölkələri qlobal iqlim idarəçiliyi prosesini dəstəkləməyə, "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası"na və "Paris Sazişi"nə uyğun olaraq öhdəlik və məsuliyyətləri tam və vicdanla yerinə yetirməyə çağırıblar. Tərəflər inkişaf etmiş ölkələri öz tarixi öhdəliklərinə ləyaqətlə yanaşmağa, inkişaf etməkdə olan ölkələrə maliyyə, texnoloji və intellektual dəstək verməyə, inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinə qarşı mübarizə imkanlarının gücləndirməsində kömək etməyə çağırırlar”, - bəyanatda vurğulanıb.
Bundan başqa, tərəflər qlobal iqlim idarəçiliyinə böyük töhfə verməklə iqlim dəyişikliyi ilə mübarizə sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığı gücləndirməyə davam edəcəklər.
Çin tərəfi Azərbaycanın sədrliyi ilə COP29 çərçivəsində irəli sürülən "Dayanıqlı və sağlam şəhərlərin formalaşması üçün Multisektoral Fəaliyyət Yolları” təşəbbüsünü yüksək qiymətləndirir.
“2026-cı ildə Bakı şəhərində 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsini nəzərə alaraq, Çin tərəfi Azərbaycan tərəfinə dəstəyini ifadə edib, sıx və səmərəli əməkdaşlığa hazır olduğunu təsdiqləyib”, - bəyanatda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə