Kiçik ada dövlətlərinin və icmaların ekosistemləri müzakirə edilib - FOTOLAR

Noyabrın 21-də COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə “İqlim dəyişmələri şəraitində Kiçik ada dövlətləri (SİDS) və icmaların ekosistemləri” mövzusunda panel sessiyası keçirilib. SİA xəbər verir ki, iqlim müdafiəçisi və Vanuatunun COP29 üzrə xüsusi elçisi Ali Serimin moderatorluğu ilə keçirilən tədbirdə SİDS-lərin üzləşdiyi dəniz səviyyəsinin yüksəlməsi, ekstremal hava hadisələri, okean turşulaşması, biomüxtəlifliyin azalması, su çatışmazlığı, iqtisadi çətinliklər kimi əsas problemlərdən danışılıb.

Tədbirdə Birləşmiş Millətlər Təşkilatı yanında Palau Missiyasının müşaviri Anjelik Puponno, Tuvalunun daxili işlər, iqlim dəyişikliyi və ətraf mühit naziri Maina Talia, Millətlər Birliyi təşkilatının (Commonwealth of Nations) Baş katibi Patrisia Canet Skotland, “ODI Global” mərkəzinin qlobal risk və dayanıqlılıq proqramının direktoru Rebekka Nadin və Azərbaycan Respublikasının Kosmik Agentliyi Azərkosmosun Coğrafi informasiya sistemləri Mərkəzinin tematik emal bölməsinin rəhbəri Murad Camalov çıxış ediblər.

Bildirilib ki, Kiçik ada dövlətləri coğrafi yerləşmələri və iqtisadi quruluşları səbəbindən iqlim dəyişikliklərinə ən həssas ölkələr arasında yer alır. Qeyd edilib ki, dəniz səviyyəsinin yüksəlməsi bu kiçik ada ölkələrində sahil eroziyası, şorlaşma, su basması və yaşayış məntəqələrinin itməsi kimi problemlər yaradıb.

Çıxış edənlər diqqətə çatdırıb ki, qasırğalar, daşqınlar, quraqlıqlar kimi ekstremal hava hadisələri infrastruktur, kənd təsərrüfatı və turizm sektoruna ciddi zərər verir. Okean turşlaşması dəniz ekosistemlərinə zərər verərək, balıqçılıq və digər dəniz məhsulları ilə bağlı fəaliyyətləri təhdid edir. Biomüxtəlifliyin azalması Mərcan qayalıqlarının ağarması, dəniz canlılarının məhv olması və ekosistem xidmətlərinin zəifləməsi kimi nəticələrə səbəb olur. Adaların sakinləri şirin su ehtiyatlarının azalması, şorlaşma və suyun keyfiyyətinin pisləşməsi kimi problemlər yaşayır. Həmçinin çıxışlarda iqlim dəyişikliyinin turizm, balıqçılıq və kənd təsərrüfatı kimi əsas gəlir mənbələrini zəiflətdiyi, bərpa işlərinə böyük vəsait ayrılması və borc yükünün artması kimi iqtisadi çətinliklər yaratdığı vurğulanıb.

Tədbirdə iqlim dəyişikliyinin SİDS-lərin ekosistemlərinə təsirlərindən də danışılıb. Bildirilib ki, Mərcan qayalıqları dəniz həyatının müxtəlif növləri üçün əhəmiyyətli yaşayış mühitini təşkil edir. Onların dağılması, biomüxtəlifliyin azalmasına və balıqçılıq sektoruna ciddi zərər verərək yerli icmaların gəlirlərini azaldır. Manqrov meşələri məhv olur. Bu meşələr sahil eroziyasını azaltmaq, suyun keyfiyyətini yaxşılaşdırmaq və biomüxtəlifliyi qorumaq kimi vacib funksiyaları yerinə yetirir. Onların məhv olması sahil xəttinin çəkilməsinə, suyun çirklənməsinə və balıqçılıq potensialının azalmasına səbəb olur. Dəniz otları suyun keyfiyyətini yaxşılaşdırmaq, sahil eroziyasını azaltmaq və dəniz həyatına sığınacaq təmin etmək kimi funksiyaları yerinə yetirir. Onların azalması suyun bulanmasına, oksigen səviyyəsinin aşağı düşməsinə və balıqçılıq məhsuldarlığının azalmasına səbəb olur.

Kiçik ada dövlətlərinin üzləşdiyi bu təbii fəlakətlərin həlli üçün qlobal səviyyədə karbon emissiyalarının azaldılması, təmiz enerji mənbələrinə keçid və davamlı inkişaf məqsədlərinə nail olunmalıdır. Bəzi fəlakətlərin təsirlərini azaltmaq üçün adaptasiya tədbirləri vacibdir. Dəniz səviyyəsinin yüksəlməsinə qarşı müdafiə bəndləri və digər mühəndislik qurğularının tikilməsi, su ehtiyatlarının idarə edilməsi, əkinçilik üsullarının dəyişdirilməsi və erkən xəbərdarlıq sistemlərinin qurulması kimi vacib tədbirlər görülməlidir.

Tədbirdə beynəlxalq əməkdaşlığın əhəmiyyəti qeyd edilərək bildirilib ki, iqlim maliyyələşdirməsinin artırılması, texnologiya transferi və bilik mübadiləsi vasitəsilə SİDS-lərin adaptasiya və dayanıqlılıq qabiliyyətləri artırılmalıdır.

Çıxış edənlər, həmçinin iqlim dəyişikliklərinin Kiçik ada dövlətləri və onların ekosistemlərinin mövcudluğu üçün ciddi bir təhdid olduğunu vurğulayıblar. Qeyd edilib ki, bu problemin həlli üçün qlobal və yerli səviyyədə birgə səylər göstərilməli, adaptasiya tədbirləri gücləndirilməli və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan siyasətlər hazırlanmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə