COP29-a ev sahibliyi Azərbaycana nə qazandıracaq? - MÜNASİBƏT BİLDİRİLDİ

“BMT-nin iqlim dəyişikliyi üzrə 29-cu konfransı başlamasına sayılı günlər qalıb. Artıq Azərbaycan COP-un hazırlıq işlərinin yekunlaşdığını və iştrakçıları qarşılamağa tam hazır olduğumuzu elan edib. Bu konfransa dünyanın 190-dan artıq ölkəsindən nümayəndələr gələcək və ilkin hesablamalara görə, onların sayı 70-80 min nəfər olacaq. Bu qədər qonağı qarşılamaq çətin məsələ olsa da, Azərbaycan bunun öhdəsindən yüksək səviyyədə gələcək”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, Avropa Şurasının Parlamenti dünən Azərbaycanla bağlı qətnamə qəbul etdi və həmin qətnamədə çox sayda yalan və böhtanlar yer alır: “Yəni, Azərbaycanı istəməyən qüvvələr sözün həqiqi mənasında birləşib COP29-un ölkəmizdə keçirilməsinə qarşı çıxırlar. Lakin bütün bunlar əbəsdir. Çünki keçən il Dubayda keçirilən COP28-də ölkələrin əksəriyyəti COP29-un Azərbaycanda keçirilməsi üçün səs veriblər. Buna görə də Azərbaycana qarşı olan qüvvələr etdikləri ilə heç nəyə nail olmayacaqlar, atdıqları daş öz başlarına dəyəcək.

COP dünyamiqyaslı tədbirdir və hər ölkədə keçirilməsi mümkün olmur. Buna görə də COP29-a Azərbaycanın ev sahibliyi etməsi ölkəmizə çox böyük uğur gətirəcək. Ölkəmizə gələn müxtəlif ölkələrin media nümayəndələri Azərbaycan reallıqları, həqiqətlərlə tanış olacaqlar. Bu da beynəlxalq aləmdə nüfuzumuzun artırılması baxımından olduqca müsbət haldır.

COP-un məqsədi dünya karbon qazının miqdarının sənayeləşmədən əvvəlki dövrdə olduğu miqdar ilə məhdudlaşdırmağa nail olmaqdır. Bunun üçün də Azərbaycanda xüsusi tədbirlər görülür. 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan etmişik və bu istiqamətdə də mühüm işlər görülür. Yaşıl enerji istehsalı artırılır, artıq bəzi kəndlərdə yalnız yaşıl enerjidən istifadə olunur. Bütövlükdə COP29 yüksək səviyyədə keçiriləcək və Azərbaycan üçün müsbət nəticələrlə yadda qalacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə