Beynəlxalq Atom Enerjisi Təşkilatının (MAQATE) başçısı Yukiya Amanonun təşkilatın İdarə Heyəti üzvlərinə göndərdiyi son hesabat İranı narahat edə bilər. SİA-nın "Anadolu" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hesabatda İranın BMT Təhlükəsizlik Şurasının qərarlarına baxmayaraq uranın zənginləşdirmə fəaliyyətlərini genişləndirdiyi qeyd olunub.
"Bütün xəbərdarlıqlara baxmayaraq" İranda uranın zənginləşdirilməsinin davam etdirildiyini ifadə edən Amano bildirib ki, bu ölkə MAQATE-yə verdiyi rəsmi hesabatlara baxmayaraq Natanz nüvə mərkəzində əlavə texnologiyadan istifadə edərək 34 min 737 kiloqram təbii uranı işlədib və 3,37 faiz zənginləşdirilmiş 3 min 135 kiloqram uran əldə edib. Hesabatda qeyd olunub ki, İranın sahib olduğu bütün nüvə mərkəzlərinin 2004-cü ildən fəaliyyəti hərbi məqsədlər üçün davam etməsi narahatlığı yaradır. İran rəhbərliyinin MAQATE ilə lazımı səviyyədə əməkdaşlıq etmədiyi üçün nüvə proqramının dinc məqsədli olub-olmaması ilə bağlı konkret bir nəticəyə gəlməkdə də çətinlik yarandığı qeyd olunub.
MAQATE rəhbəri hesabatında İran rəhbərliyini imzaladığı Nüvə Silahının Yayılmasının Qarşısının alınması Razılaşmasının tələblərinə əməl etməyə və nüvə mərkəzlərində qəfil yoxlamaları nəzərdə tutan əlavə protokolu təsdiqləməyə də yenidən çağırıb. O, təşkilatın İdarə Heyətinin üzvü olan 35 ölkəyə göndərilən hesabatın 2-3 dekabr tarixlərində İdarə Heyətinin nəzərdə tutulan toplantısında müzakirə ediləcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB