Çin və Rusiya Trampın İranı təcrid planını çətinləşdirə bilər

Çin və Rusiya Trampın İranı təcrid planını çətinləşdirə bilər

ABŞ Prezidenti Donald Tramp İranı iqtisadi baxımdan təcrid etmək və Tehranla iqtisadi əlaqələri davam etdirən ölkələrə qarşı təzyiqi artırmaq niyyətindədir. Lakin analitiklər hesab edirlər ki, İranın Çin və Rusiya ilə formalaşmış geniş ticarət və siyasi əlaqələri Vaşinqtonun bu strategiyasını həyata keçirməsini ciddi şəkildə çətinləşdirə bilər.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tramp İranın iqtisadi imkanlarını zəiflətmək məqsədilə yeni və daha sərt tədbirlərə əl atacağını açıqlayıb. ABŞ Prezidenti Tehranla iqtisadi əlaqələri davam etdirən ölkələri də maliyyə cəzaları ilə hədələyərək İranın neft satışına, maliyyə əməliyyatlarına, gəmiçilik fəaliyyətinə və sanksiyalardan yayınma mexanizmlərinə dəstək verilməsinin qarşısının alınmasını tələb edib.

Trampın sözlərinə görə, İranı iqtisadi baxımdan dəstəkləyən ölkələrə qarşı “böyük iqtisadi nəticələr” yarana bilər. Vaşinqton bununla Tehran üzərində maksimum iqtisadi təzyiq formalaşdırmağa çalışır.

Lakin ekspertlər hesab edirlər ki, ABŞ-ın bu planının qarşısında ən ciddi maneələrdən biri İranın Çin və Rusiya ilə münasibətləridir.

Çin İranın əsas iqtisadi tərəfdaşı hesab olunur. Analitik məlumatlara görə, 2025-ci ildə İranın dəniz yolu ilə ixrac etdiyi neftin təxminən 80 faizi Çinin payına düşüb. Bu isə Pekinin Tehran üçün nə qədər mühüm iqtisadi tərəfdaş olduğunu göstərir.

ABŞ-ın Çin şirkətlərinə və banklarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməsi nəzəri baxımdan mümkün olsa da, bunun Vaşinqton üçün ciddi siyasi və iqtisadi risklər yarada biləcəyi bildirilir.

Çindəki bir sıra neft emalı müəssisələrinin müstəqil fəaliyyət göstərməsi və ABŞ-ın maliyyə sistemindən nisbətən az asılı olması Vaşinqtonun onlara təzyiq imkanlarını məhdudlaşdırır.

Eyni zamanda, Çin banklarına qarşı sərt tədbirlər Pekinin ABŞ-a qarşı cavab addımları atmasına səbəb ola bilər. Bu isə onsuz da mürəkkəb olan ABŞ-Çin iqtisadi münasibətlərində yeni gərginlik yarada bilər.

Çinli ekspert Yu Jie hesab edir ki, Trampın İranın iqtisadi tərəfdaşlarını hədəfə almaqla bağlı təhdidləri Pekinin Tehranla mövcud ticarət əlaqələrini dəyişdirməyəcək.

Onun fikrincə, hazırda Vaşinqton və Pekin münasibətləri nisbətən sabitləşdirməyə çalışır və tərəflər arasında müəyyən “müvəqqəti atəşkəs” xarakterli iqtisadi anlaşma mövcuddur. Bu səbəbdən ABŞ-ın İran məsələsi üzərindən Çinlə münasibətləri yenidən kəskinləşdirmək istəməsi ehtimalı aşağı qiymətləndirilir.

Rusiya ilə bağlı vəziyyət isə bir qədər fərqlidir. Moskva artıq ABŞ və Qərbin genişmiqyaslı sanksiyaları ilə üz-üzədir və böyük ölçüdə Qərbin rəhbərlik etdiyi iqtisadi sistemdən kənarda fəaliyyət göstərir.

Bu səbəbdən Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi Vaşinqtonun Tehran üzərində yaratmaq istədiyi təzyiq baxımından əvvəlki qədər təsirli olmaya bilər.

Analitiklər bildirirlər ki, Rusiya və İran arasında enerji, ticarət və hərbi sahələrdə əməkdaşlıq son illərdə genişlənib. Moskvanın İranla əlaqələri ABŞ-ın Tehranı tam iqtisadi təcrid etmək cəhdlərinin qarşısında əlavə maneə yaradır.

Georgetown Universitetinin Qətərdəki kampusundan ekspert Pol Musqreyv hesab edir ki, Trampın strategiyasının əsas çətinliyi onun beynəlxalq koordinasiya olmadan həyata keçirilməsidir.

Onun fikrincə, İran kimi böyük iqtisadi əlaqələrə malik ölkəyə qarşı genişmiqyaslı sanksiya siyasətinin effektiv olması üçün yalnız ABŞ-ın deyil, digər böyük dövlətlərin də bu prosesə qoşulması lazımdır.

Burada xüsusilə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri – ABŞ, Çin, Rusiya, Fransa və Böyük Britaniya arasındakı mövqe fərqləri ön plana çıxır.

ABŞ isə Çin və Rusiya ilə tam razılaşmadan İranı iqtisadi cəhətdən təcrid etməyə çalışır. Analitiklərin fikrincə, bu, Vaşinqtonun qarşısında ciddi diplomatik və iqtisadi maneələr yaradır.

Çinin Xarici İşlər Nazirliyi də ABŞ-ın İrana qarşı əlavə iqtisadi təzyiq siyasətinə münasibət bildirib.

Çin tərəfi hesab edir ki, yeni sanksiyalar problemin həllinə kömək etməyəcək və müvafiq tərəflər məsələni diplomatik və siyasi yollarla həll etməlidirlər.

Pekin eyni zamanda Vaşinqtonla münasibətlərin daha da gərginləşməsində maraqlı deyil. ABŞ və Çin arasında iqtisadi və geosiyasi rəqabət davam etsə də, tərəflər münasibətləri tam qarşıdurma mərhələsinə gətirməməyə çalışırlar.

Bu baxımdan İran məsələsi Vaşinqton-Pekin münasibətləri üçün əlavə sınaq kimi qiymətləndirilir.

ABŞ sanksiyalarından yayınmaq üçün Tehran Qərbdən kənar iqtisadi və maliyyə mexanizmlərini genişləndirməyə çalışır.

İran BRICS çərçivəsində yeni maliyyə imkanlarından istifadə etmək niyyətindədir. İran Mərkəzi Bankının rəhbəri ölkəsinin BRICS-in Yeni İnkişaf Bankına qoşulmaq planlarının olduğunu açıqlayıb.

Tehran hesab edir ki, BRICS ölkələri arasında milli valyutalarla hesablaşmaların genişləndirilməsi İranın Qərb maliyyə sistemindən asılılığını azaltmağa imkan verə bilər.

Bununla yanaşı, İran ikitərəfli və üçtərəfli maliyyə əməkdaşlığı mexanizmlərini də inkişaf etdirməyə çalışır. Yeni İnkişaf Bankı isə İranın mümkün üzvlüyü ilə bağlı hələlik rəsmi mövqe açıqlamayıb.

ABŞ-ın təzyiq strategiyası nə qədər effektiv olacaq?

Ekspertlərin qənaətinə görə, Tramp administrasiyasının İranı iqtisadi cəhətdən sıxışdırmaq planı müəyyən nəticələr verə bilər, lakin Tehranı tamamilə təcrid etmək daha mürəkkəb məsələdir.

ABŞ-ın əsas üstünlüyü dollar sistemi və beynəlxalq maliyyə infrastrukturu üzərindəki təsiridir. Lakin İranın Çin və Rusiya kimi ABŞ sanksiyalarına qarşı daha dayanıqlı mövqeyə malik dövlətlərlə iqtisadi əlaqələri Vaşinqtonun imkanlarını məhdudlaşdırır.

Digər tərəfdən, Çinə qarşı həddindən artıq sərt ikinci dərəcəli sanksiyaların tətbiqi ABŞ-Çin iqtisadi münasibətlərinə ciddi zərbə vura bilər. Bu isə Vaşinqton üçün İran məsələsindən daha geniş iqtisadi nəticələr yarada bilər.

Beləliklə, ABŞ-ın İranı təcrid etmək strategiyasının uğuru yalnız Vaşinqtonun tətbiq edəcəyi sanksiyalardan deyil, Çin və Rusiyanın bu siyasətə necə cavab verəcəyindən də asılı olacaq.

İran isə öz növbəsində Çin, Rusiya və BRICS çərçivəsində yeni iqtisadi əlaqələr qurmaqla ABŞ təzyiqinin təsirlərini azaltmağa çalışır.

Tehrandakı Strateji Araşdırmalar Mərkəzinin analitiki Əli Əkbər Dəraini də hesab edir ki, ABŞ-ın ağır sanksiyalarına baxmayaraq, İran iqtisadi fəaliyyətini davam etdirmək üçün yollar tapa bilər.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə