...Rusiyanın Ukraynaya təcavüzünün təzyiqi altında olan bütün Avropa hökumətləri ümid edir ki, yüz milyardlarla dollarlıq əlavə hərbi xərclər onlara iqtisadi tənəzzüldən qurtulmağa kömək edəcək.
Lakin “The New York Times” iddia edir ki, artan müdafiə büdcələrinin əhəmiyyətli uzunmüddətli iqtisadi artıma gətirib çıxarıb- gətirməyəcəyi hələ də bəlli deyil.
Yoxsa bu, sadəcə olaraq silah istehsalçılarının varlanmasının bir yoludur?
...Müvəffəqiyyət əlavə pulun necə xərcləndiyindən və onun haradan gəldiyindən – yüksək vergilərdən, borclanmadan və ya təhsilə ixtisardan asılı ola bilər.
SİA-nın məlumatına görə, bunu da “The New York Times” yazır.
Müdafiə investisiyalarının yeni iş yerləri yarada biləcəyinə və “sənaye potensialına böyük təkan” verə biləcəyinə də ümidlər var.
Məsələn, İtaliyada baş nazir Giorgia Meloni bu ay hərbi birləşmələri maliyyələşdirmək üçün Avropa Birliyinin proqramına qoşuldu və silah istehsalçıları ilə görüşdü.
O, onları mülki sektora da fayda verəcək layihələrə investisiya qoymağa çağırıb.
İqtisadçılar ümumilikdə hesab edirlər ki, hərbi xərclərin hər dolları ümumi daxili məhsulu 50 sent artıracaq.
Düzdür, Avropa Komissiyasının hesablamalarına görə, müdafiə xərclərinin artırılması 2028-ci ilə qədər 27 ölkənin daxil olduğu Avropa İttifaqının ümumi istehsalında kiçik artıma – 0,3-0,6 faizə gətirib çıxaracaq.
Təhsilə və ya infrastruktura çəkilən xərclərin gəliri adətən daha yüksək olur və ilkin investisiyanı üstələyir. İqtisadçılar bildirirlər ki, hərbi xərclərdən böyük iqtisadi səmərə yalnız gələcəkdə mülki sektorda tətbiqini tapacaq tədqiqat və inkişafa əhəmiyyətli miqdarda vəsait xərcləndiyi halda yaranacaq.
Harvardda iqtisadiyyat professoru Kennet Roqoff “The New York Times”a deyib ki, “...məktəb tikmək əvəzinə tank almaqda yaxşı heç nə yoxdur”.
Digər tərəfdən, alim deyir ki, müdafiə sektorundakı texnoloji tərəqqilərin “yan təsirləri” var.
İnternet, GPS, rəqəmsal kameralar, mikrodalğalı sobalar, neylon - bütün bunlar müdafiə tədqiqatları nəticəsində ortaya çıxan yeniliklərdir.
Yazda Avropa Komissiyası Avropa Müdafiə Fondunun proqramı çərçivəsində 62 layihənin maliyyələşdirilməsinə 910 milyon avro ayrıldığını açıqlamışdı. Proqrama Avropa İttifaqı ölkələri və Norveçlə yanaşı, Ukrayna da ilk dəfə cəlb olunub. 300-ə yaxın proqram arasında yeni nəsil intellektual aerosistemlərin yaradılmasına yönəlmiş ukraynalı tərtibatçıların Kiçik UAS layihəsi seçilmişdir.
Bu, Ukrayna müəssisələrinin Avropa İttifaqının müdafiə əməkdaşlığının bu alətində ilk iştirakıdır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə