Çin və İran nazirləri arasında telefon danışığı olub

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və çinli həmkarı Vanq Yi arasında ikitərəfli münasibətlərə dair telefon danışığı olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, iki ölkə arasında əlaqələrin inkişaf etdiyini qeyd edən Abdullahiyan 25 illik strateji tərəfdaşlıq proqramının düzgün yolda olduğunu bildirib. Çinin xarici işlər naziri Vanq da iki ölkənin strateji əlaqələrini müsbət qiymətləndirib.

Cənubi Afrika Respublikasında keçiriləcək BRİKS sammiti və üzvlərin genişlənməsi ilə bağlı məsələlərə ölkəsinin yanaşmasını ifadə edən çinli nazir İranın Çinin “Kəmər-Yol” layihəsinin mühüm tərkib hissəsi olduğunu bildirib və Tehran administrasiyasının bu sammitdə layihənin növbəti iclası zamanı iştirakının vacibliyini vurğulayıb.

Vanq Abdullahiyanın Səudiyyə Ərəbistanına səfərindən və Tehran-Riyad əlaqələrinin inkişafından da məmnunluğunu ifadə edib.

Braziliya, Rusiya, Çin, Hindistan və Cənubi Afrikadan ibarət BRİKS ölkələri qrupu üzvlər arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığı hədəfləyir.

BRİKS ölkələrinin ümumi daxili məhsulu (ÜDM) qlobal məhsulun 30 faizindən çoxunu təşkil edir. Qrupun genişləndirilməsinin müzakirə olunacağı BRİKS Liderlər Sammiti 22-24 avqust tarixlərində Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə