"Arzum idi ki, klubum dədə-baba yurdumun adını daşısın" - MÜSAHİBƏ

Qərbi Azərbaycan sakini Göygöl rayon "İrəvan" İdman klubunun prezidenti Fəxri Cəfərovun SİA-ya müsahibəsini təqdim edirik:

- Fəxri bəy, Qərbi Azərbaycandan nə vaxt deportasiya olunmusunuz?

- Mən əslən Qərbi Azərbaycanın İrəvan şəhərindənəm. Bildiyiniz kimi, Qərbi Azərbaycandan soydaşlarımız bir neçə dəfə deportasiyaya məruz qalıb. Mənim babamgil də 1948-ci ildə İrəvandan deportasiya olunub. Mən heç vaxt Qərbi Azərbaycanı görməmişəm. Amma çox istərdim ki, ora getmək, doğma torpaqlarımızda yarışmaq qismət olsun. Əminəm ki, ölkə başçımızın güclü siyasəti və rəşadətli ordumuz sayəsində mən də daxil olmaqla bütün həmyerlilərimin bu arzusu gerçək olacaq.

- Göygöl rayon “İrəvan” İdman klubunun yaranması kimin təşəbbüsü ilə baş verdi?

- Mən illərdir ki, məşqçi müəllim vəzifəsində çalışıram. İndi fəaliyyət göstərən Qərbi Azərbaycan İcması öncədən Qaçqınlar Cəmiyyəti idi. Mən də orada müəyyən tədbirlərdə, iclaslarda iştirak edirdim. Həmin vaxtlar müşahidə edirdim ki, o cəmiyyətdə yığılan hər kəsin bir məqsədi var ki bu da gələcəkdə Qərbi Azərbaycana qayıtmaqdır. Çox istəyirdim ki, klub dədə-baba yurdumun adını daşısın. Elə bu fikir və istəklə klubumuzun adını Göygöl rayon “İrəvan” İdman klubu qoyduq.

- İdmançı kimi Azərbaycan idmanının inkişafı barədə nə düşünürsünüz?

- Bugünkü gündə Azərbaycan Respublikası dünyada digər sahələrdə olduğu kimi idman sahəsində də öz sözünü demiş bir ölkədir. Düşünürəm ki, idman sahəsi də kifayət qədər inkişaf edir. Daha da inkişaf etdirilməsi üçün müvafiq tədbirlər görülür və uğurlu addımlar atılır.

- "İrəvan" İdman klubu sizin fikrinizcə indi hansı səviyyədədir və daha da irəli aparmaq üçün hansı addımlar atılmalıdır?

- Hazırda “İrəvan” İdman klubunun gördüyü işlər qənaətbəxşdir. Hətta 2022-ci ildə dünya çempionumuz da olub. İllik hesabatda da qeyd etdiyim kimi il ərzində artıq 40-a yaxın dünya çempionumuz olub. Yəni, klubun hazırkı fəaliyyəti ürəkaçandır. Hazırda 6 bölməmiz var. İstəyirik ki, ölkənin bütün regionlarında “İrəvan” İdman klubunun bölmələrinin sayı artsın. İnkişaf edək və gələcəkdə böyük bir təşkilata çevrilək. Bu baxımdan klub tərəfindən irəlidəki günlərdə bir sıra layihələr həyata keçirməyi planlaşdırırıq.

- Gələcək planlarınızda nələr var?

- Gələcək planlarımızda böyük arenalara çıxmaq var. Yəni, dünya çempionatlarında sadəcə 1-2 nəfərin bizi təmsil etməyini istəmirik. Klubun bütün bölmələrinin inkişaf edərək daha böyük arenalara çıxması üçün çalışırıq. Daha da irəli getmək üçün bir sıra tədbirlər planı hazırlayırıq.

- Nə vaxtsa, Qərbi Azərbaycanda yarışmağı xəyal etmisinizmi?

- Əslində, Qərbi Azərbaycanda yarışmaq bir xəyal deyil. Biz artıq buna reallıq kimi baxırıq. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, biz Qərbi Azərbaycana, o cümlədən, İrəvana qayıdacağıq. Vaxt gələcək İrəvanda böyük yarışlar, önəmli tədbirlər həyata keçirəcəyik. Hesab edirəm ki, bu tarix o qədər də uzaq deyil.

- Son olaraq, “İrəvan” İdman klubuna nəyi arzu edərdiniz?

- “İrəvan” İdman klubuna arzu edirəm ki, Allah qoysa elə İrəvanın özündə böyük bir idman festivalı keçirək. Bizim dağətəyi rayonda yaşamağımıza baxmayaraq, istəyərdim ki, bizim uşaqlarımlz hər şeydən məlumatlı olsunlar, inteqrasiya edə bilsinlər və ən əsası da irəli getsinlər, böyük arenlara çıxsınlar. Klubumuza arzum budur ki, inşAllah dünya çempionatlarında, beynəlxalq arenalarda iştirak etsinlər. Bunu tək öz klubuma yox, xalqıma, xalqımızın bütün idman sahəsində çalışan məşqçilərin, tələləbələrinin hər birinə arzulayıram.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə