"Qərbi Azərbaycan İcmasının mövqeyi ondan ibarətdir ki..." - QURUM RƏSMİSİ AÇIQLADI

“Qərbi Azərbaycan İcması öz doğma torpaqlarına qayıtmaq üçün Qayıdış Konsepsiyası hazırlayıb. Buna uyğun olaraq da xüsusi fəaliyyət proqramı həyata keçirir. Hazırlanmış konsepsiya beynəlxalq hüquq və ədalətin bərpasını, sülh və birgə yaşayışı ehtiva edir. Ona görə də bir çox beynəlxalq təşkilatlara, o cümlədən, BMT, Avropa İttifaqına və Avropa Şurasına müraciətlərdən sonra Qərbi Azərbaycan İcması birbaşa Ermənistanın baş naziri Nikol Paşinyana məktub ünvanladı”. Bu sözləri SİA-ya Qərbi Azərbaycan İcmasının sədr müavini, millət vəkili Hikmət Babaoğlu SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məktubla Qərbi Azərbaycandan olan həmyerlilərimizin öz ata-baba yurdlarına ləyaqətlə qayıtması və yaşaması üçün şərait yaratması ilə bağlı müraciət etdi: “Bu tamamilə tarixə, beynəlxalq hüquqa və bugünkü reallığa əsaslanan bir müraciətdir. Çünki münaqişədən öncə Qarabağda ermənilər yaşayırdı, bu gün də yaşayırlar. Bu, Azərbaycan dövlətinin humanitar mövqeyidir”.

Hikmət Babaoğlu sözlərinə davam edərək bildirib ki, Qərbi Azərbaycan İcması eyni mövqeyi Paşinyandan gözləyir: “Əgər Qarabağda ermənilər yaşayırsa, nəyə görə Göyçədə, Zəngəzurda azərbaycanlılar yaşamamalıdır?! Qərbi Azərbaycan İcması Ermənistan hökumətini bununla bağlı dialoqa çağırıb. Bu dialoqda Qərbi Azərbaycan İcmasının mövqeyini ondan ibarətdir ki, soydaşlarımızın öz tarixi torpaqlarında kollektiv və fərdi yaşaması üçün Ermənistan zəmanət verməlidir. Qərbi Azərbaycanlıların etibar etdiyi bir ölkənin sülhməramlıları təhlükəsizliklə bağlı təminat həyata keçirməlidir. Eyni zamanda, Ermənistan konstitutsiyası Qərbi Azərbaycanlılar üçün əl çatan olmalıdır. Beləliklə, Ermənistan və Azərbaycan arasında etibarlı mühit formalaşa bilər ki, bu da iki ölkə arasında sülhün uzunmüddətli və əsaslı olmasına gətirib çıxara bilər”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə