"Bütün dünya ermənilərin gerçək üzünü görməlidir" - SƏDR DANIŞDI

"Qərbi Azərbaycan İcması olaraq bizim əsas hədəflərimizdən biri, əgər son 200 ildə soydaşlarımızın başına gətirilən faciələrlə bağlı bütün faktları və sənədləri ortaya qoymaqdırsa, ikinci bir hədəfimiz isə bütün bu faktları, Qərbi Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır". Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.

Onun sözlərinə görə, son 30 ilin təcrübəsindən biz gördük ki, bir çox beynəlxalq təşkilatlar Azərbaycan həqiqətlərini etiraf etmək gücündə və marağında deyillər: "Amma bu həqiqətləri biz mütləq beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Bu ona görə vacibdir ki, ermənilərin gerçək niyyəti artıq bütün dünyaya bəlli olsun. Ermənilər zaman-zaman dünya ictimaiyyətinə öz yalanlarını sırayıblar. Qarabağ məsələsində də ermənilər yalan məlumatlar yayırdılar. Son 200 il ərzində Qərbi Azərbaycan ərazisində soydaşlarımıza qarşı ermənilər saysız-hesabsız deportasiyalar, soyqırımlar və etnik təmizləmələr tətbiq ediblər. Bunlar hamısı sübut edir ki, ermənilərin dərdi yalnız Qarabağ məsələsi deyil".

Sədr bildirib ki, onlar sadəcə olaraq bu coğrafiyada azərbaycanlıların bütün izlərini silmək, kökünü kəsmək istiqamətində əllərindən gələni ediblər: "Son bir əsrdə 4 dəfə azərbaycanlı əhalinin deportasiyaya, soyqırıma məruz qalması bunu bir daha isbat edir. Artıq ermənilərin bu məkrli niyyətləri qismən dünya ictimaiyyətinə bəlli olub. Qərbi Azərbaycan İcması olaraq biz bu istiqamətdə əlimizdən gələni etməkdə qərarlıyıq. Qərarımız budur ki, bütün dünya ermənilərin gerçək üzünü görməli, onların əsl niyyətlərini bilməlidir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə