Qərbi Azərbaycan İcması bəyanat yayıb

“Ermənistanın Baş naziri Nikol Paşinyan Alman Xarici Əlaqələr Şurasında (DGAP) bu günkü çıxışında Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına şəraitin yaradılması barədə çağırışları Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təsir edən bir hal kimi qələmə verməyə cəhd etmişdir. Biz Baş nazirə xatırlatmaq istərdik ki, etnik təmizləmə insanlıq əleyhinə cinayətdir və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaları təməl insan haqlarıdır”. SİA xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.

Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə geri qayıtmasına şərait yaratmaq Ermənistanın BMT-nin Nizamnaməsi, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Avropa İnsan Hüquqları Konvensiyası, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt və digər mühüm beynəlxalq sənədlərdən irəli gələn öhdəliyidir. Həmçinin, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının təmin olunması regional sülh və təhlükəsizliyin bərqərar olmasının zəruri şərtidir. Biz sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışa dair konsepsiyasımızı hazırlayıb ictimaiyyətə bəyan etmişik. Biz bir daha Baş nazir Paşinyanı Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmaq üçün müvafiq beynəlxalq proses çərçivəsində dərhal İcma ilə danışıqlara başlamağa çağırırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə