"Hələ də kəndimizdən çıxdığım yaşdayam" - SORĞU

Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Qərbi Azərbaycan torpaqlarından minlərlə azərbaycanlı deportasiya olunub. Soydaşlarımız Azərbaycanın müxtəlif bölgələrinə səpələniblər. SİA Qərbi Azərbaycan sakinləri arasında sorğu keçirib.

Qərbi azərbaycanlı Müqəddəs Vəliyev: “Biz kəndimizdən deportasiya olunanda mənim 14 yaşım var idi. Həmin günlər çox çətin idi. Uşaqlıq xatirələrimə ləkə kimi yaxılıb. Amma kəndimizdə keçirdiyim 14 ili heçnəyə dəyişmərəm. Oranın havası, yaylaqları, suyu, torpağı bambaşqa idi. Doğrudur, artıq neçə ildir ki burada yaşayıram amma fikrim elə hey öz torpaqlarımızdadır”.

Qərbi azərbaycanlı Nargilə Səfərova: “Qərbi Azərbaycan mənim üçün Vətən deməkdir. Orada doğulub boya-başa çatmışam, orada oxumuşam. Mənim qəlbim o yerlərdədir. Qərbi Azərbaycan deyiləndə ürəyimin sarı simi titrəyir. Vətən dərdi çəkənlər bilər ki, bu həsrət necə ağırdır. 63 yaşım olsa da, hələ də kəndimizdən çıxdığım yaşdayam. Gözəl yurdumuzdan ayrı qalmaq sözlə ifadə olunmayacaq qədər çətindir”.

Qərbi azərbaycanlı Nizami Aləmşahov: “Cənab Prezident İlham Əliyev Qərbi Azərbaycana Qayıdışla bağlı çağırış edəndə ümidlərimiz yenidən canlandı. İnanırıq ki, biz yenidən öz torpaqlarımıza qayıdacağıq. Çünki Azərbaycan iradəli və güclü xalqdır. Necə ki Qarabağ döyüşündə o torpaqların sahibinin kim olduğunu göstərdik, eyni zamanda Qərbi Azərbaycan torpaqlarının da bizə aid olduğunu hər kəsə sübut edəcəyik. Qərbi Azərbaycana qayıdış bizim haqqımız, hüququmuzdur”.

Qərbi azərbaycanlı Tərlan Rzayeva: “ Vətən.. Biz hal-hazırda burada yaşasaq da, orada doğulub böyümüşük. Ona görə də Qərbi Azərbaycan bizim üçün doğma vətəndir. Cənab İlham Əliyevin Qərbi Azərbaycana qayıdış üçün çağırış etməsi bizim üçün çox böyük önəm daşıyır. Düşünürük ki, bir gün dədə-baba yurdumuzu yenidən görəcəyik. Arzum budur ki, tezliklə doğma yurdumuza qayıdaq. Nə qədər yer gəzmişəm, amma yenə də öz torpaqlarımız qədər gözəl, münbit, doğma deyil”.

Qərbi azərbaycanlı Bəşir Əhmədov: “Mən Qərbi Azərbaycanın Qafan rayonundanam. Rayonumuzun sakinləri necə mehriban, səmimi, adama can yandıran idilər. Biz orada bütün qonşularımızla doğmalaşırdıq. İndi burada az qala qonşular bir-birini tanımır. Bizim kəndin adamları da, özü də gözəl idi. Hələ də uşaqlar internetdən açıb Qafanın şəkillərini göstərir. İçim sızıldayır. Vətən dərdi çox ağırdır. O cür yerləri qoyub gəlmək adamın heç ürəyinə sığmırdı. Amma Allah qoysa, gəldiyimiz kimi də öz yerlərimizə qayıdacağıq”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə