"Son iki ay ərzində 107 kəndin siyahıya alınması başa çatdırılıb" - İCMA SƏDRİ AÇIQLADI

“Biz artıq xeyli müddətdir ki, Qərbi Azərbaycandan sonuncu deportasiya zamanı qovulanların siyahıya alınması prosesini aparırıq. Ötən ilin 24 dekabrına qədər biz 130-a yaxın kəndin siyahıya alınmasını aparmışdıq”. Bu sözləri SİA-ya açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.

Onun sözlərinə görə, son iki ay ərzində daha 107 kəndin siyahıya alınması başa çatdırılıb: “Hazırda tam şəkildə başa çatdırılan Qərbi Azərbaycan kəndləri üzrə qovulan soydaşlarımızın adlı siyahısı artıq 237 kənd üzrə tamamlanıb. Qalan kəndlər üzrə də siyahıya alma prosesi davam etdirilir. Bir neçə ayın içində artıq bu prosesi tamamilə yekunlaşdırmaq fikrindəyik. Bu yekundan sonra sonuncu deportasiya zamanı ata-baba ocaqlarından qovulmuş insanların adlı siyahısını müvafiq qurumlara təqdim edəcək və beynəlxalq ictimaiyyətə açıqlayacağıq. Daha sonra isə 1948-1953-cü illərdə Stalinin fərmanı ilə Qərbi Azərbaycandan qovulan soydaşlarımızın siyahısını yekunlaşdırmaq istiqamətində işlər aparacağıq. Sonrakı mərhələlərdə isə təbii ki, daha əvvəlki dövrdə xüsusilə sovet dövründə və ara dövrlərdə həmin ərazidən sıxışdırılaraq həyata keçirilən etnik təmizləmə nəticəsində qovulan soydaşlarımızı siyahıya alınmasına başlayacağıq”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə