"Bizim haqqımız var ki, Qərbi Azərbaycanın bizə məxsus olduğunu dünyaya bəyan edək" - DEPUTAT DANIŞDI

“Bizim hər cəhətdən haqqımız var ki, Qərbi Azərbaycan torpaqlarının Azərbaycana məxsus olduğunu, zamanında oradan qovulmuş insanların öz dədə-baba yurduna qayıtmaq hüququnu dünyaya bəyan edək. Bu mənada cənab Prezidentin ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının bir qrup ziyalıları ilə görüşündə söylədiyi fikirlər bizim üçün bir manifest və fəaliyyət planının tərkib hissəsidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

Onun sözlərinə görə, Cənab Prezident İlham Əliyevin çağırışından sonra Qərbi Azərbaycan İcması Qayıdış Konsepsiyası hazırladı: “Biz də icmanın üzvləri kimi konsepsiyanın hazırlanmasında iştirak etdik. Qərbi Azərbaycana qayıdışla bağlı sosial sorğu keçirildi və təxminən 90%-ə yaxın insan doğma yurduna qayıtmaq, orada yaşamaq istəklərini bildirdi. Bu da onu göstərir ki, bizim xalqımız torpağa, vətənə necə bağlı bir xalqdır”.

Deputat sözlərinə davam edərək bildirib ki, 1988-1990-cı illərdə Qarabağ separatizminin ermənilər tərəfindən başladıldığı dövrdə Qərbi Azərbaycanda demək olar ki, bir nəfər belə azərbaycanlı qalmadı: “Həmin insanların heç 1%-i Azərbaycanı tərk edib başqa bir ölkəyə getmədi. Amma zamanında Azərbaycana köçən ermənilərin heç biri Ermənistanda qalmadı. Bu onu göstərir ki, bu torpaqların əsl sahibi bizlərik. Ermənilər gəlmə olduğundan harada yaşamaq üçün münbit yer görürsə, oranı özlərinə vətən hesab edirlər. Əgər indiki Qərbi Azərbaycan onların tarixi torpağı olsaydı, 1988-1990-cı illərdə buradan köçən ermənilər gedib orada məskunlaşardılar. O yerlərin müqəddəsliyi də bizimlə əlaqədardır. Cənab Prezidentin çıxışında söylədiyi və bizim konsepsiyada qəbul etdiyimiz fikirlər yavaş-yavaş ora qayıtmağımız üçün bir yol xəritəsi olacaq və biz müddət oraya qayıdacağıq”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə