“Buenos-Ayres-2018”in lisenziyaçıları ilə görüş keçirilib - FOTOLAR

“Buenos-Ayres-2018”in lisenziyaçıları ilə görüş keçirilib - FOTOLAR

Bu gün Milli Olimpiya Komitəsində (MOK) “Buenos-Ayres-2018” yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya əldə etmiş idmançılar, həmçinin məşqçilər və federasiya nümayəndələri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan MOK-un idman mütəxəssisi Vaqif Əliyev bu oyunların əhəmiyyətindən danışıb. O, “Buenos-Ayres-2018”ə hazırlıq, yaşayış və akreditasiya məslələri haqqında məlumat verərək qarşıdan gələn oyunlarda idmançılara uğurlar arzu edib.

Daha sonra MOK-un əməkdaşı Ceyhun Rəhmanov tərəfindən Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Gündəliyi 2020 haqqında məlumat verilib. Olimpiya Gündəliyi 2020-nin əsas müddəası olan dopinqlə mübarizə haqqında videoçarx təqdim olunub.

Milli Olimpiya Komitəsinin əməkdaşı, “Buenos-Ayres-2018”in gənc səfiri Səkinə Vəliyeva Oyunlar haqqında ətraflı məlumat verib. Təqdimat zamanı idman yarışlarının sayı, növləri, onların keçiriləcəyi məkanlar, iştirakçı idmançıların və rəsmilərin ehtimal olunan sayı, idmançıların qalacaqları binalar və digər mühüm əhəmiyyət kəsb edən sahələr barədə iştirakçılara ilkin məlumat verilib. Həmçinin, bu oyunlarda xüsusi diqqətin dopinqə qarşı mübarizəyə yönəldildiyi qeyd olunub.

Tədbir iştirakçıların - atlet və məşqçilərin sual cavab sessiyası ilə sona çatıb.

Xatırladaq ki, yeniyetmələrin III Yay Olimpiya Oyunları Argentinanın Buenos-Ayres şəhərində 6-18 oktyabr tarixində keçiriləcək. Oyunlarda 4 minə yaxın idmançının iştirakı gözlənilir. Hazırda Azərbaycan yığma komandasının hesabında 7 lisenziya mövcuddur ki, bunlardan 2-si üzgüçülük, 1-i gimnastika, 2-si stolüstü tennis, 1-i taekvondo və 1-i boks idman növü üzrə əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə