"Qalatasaray"dan "Yuventus"a FUTBOL DƏRSİ!

İstanbulun "Qalatasaray" klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Yuventus" darmadağın edib. İstanbuldakı "Rams Park" stadionunda keçirilən görüş 5:2 hesabı ilə başa çatıb.

Oyunda hesabı meydan sahibləri açıb – 15-ci dəqiqədə Qabriel Sara fərqlənib. Bir dəqiqə sonra "Yuventus" Ten Kopmeynersin qolu ilə tarazlığı bərpa edib. 32-ci dəqiqədə niderlandlı futbolçu dublunu rəsmiləşdirib. Bu, qonaqların son qolu olub.

İkinci hissədə "Qalatasaray" futbolçuları dörd dəfə fərqləniblər. 49-cu və 75-ci dəqiqələrdə Noa Lanq, 60-cı dəqiqədə Davinson Sançes, 86-cı dəqiqədə isə Saşa Boe qol vurub. 67-ci dəqiqədə "Yuventus" oyunçusu Xuan Kabal ikinci sarı vərəqə alaraq meydanı tərk edib.

Bu komandalar arasındakı cavab görüşü 26 fevralda, Bakı vaxtı ilə saat 00:00-da Turin şəhərindəki "Allianz Stadium"da keçiriləcək.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə