"Biz öz istəyimizə çatdıq və qalibiyyət əldə etdik" - TƏƏSSÜRATLAR

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə 25-27 oktyabr tarixlərində ənənəvi “Mingəçevir Reqatası-2023” beynəlxalq turniri keçirilir. “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan reqatada 8 ölkə - Azərbaycan, Gürcüstan, Qazaxıstan, Litva, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 14 komanda mübarizə aparır. Yarışın ilk günündə Azərbaycan 4 medal qazanıb. Qaliblər öz təəssüratlarını SİA ilə bölüşüb.

"Mingəçevir Reqatası-2023"ün qalibi Amil Ramazanov: "Ötən il ilk dəfə "Mingəçevir Reqatası"nda iştirak etmişdim. Amma həmin dövrdə avarçəkmə ilə yeni məşğul olmağa başlamışdım. Ona görə də 2022-ci ildə mükafatçılar sırasına adımı yazdıra bilmədim. Bu, bir idmançı üçün ruhdan düşmək deyil, daha əzmli çalışmaq üçün şərait yaradır. Bunun üçün məşqləri daha da gücləndirdim ki, bu il "Mingəçevir Reqatası"nda mükafatçılar arasında yer tutum. Əziyyətimin bəhrəsidir ki, bu gün mən "Mingəçevir Reqatası-2023"də öz adımı qaliblər siyahısına yazdırmışam. Nə xoşdur ki, Azərbaycanla yanaşı daha 7 ölkədən idmançılar mübarizə aparır. Bu beynəlxalq yarışda medal qazandığım üçün çox sevincliyəm".

"Mingəçevir Reqatası-2023"ün qalibi Niyaz Məlikov: ""Mingəçevir Reqatası-2022"də iştirak etmişdim. Yenə də bu ilki komanda yoldaşım Emil ilə birincilik əldə etmişdik. Lakin o zaman başqa ölkələrlə mübarizə aparmırdıq. "Mingəçevir Reqatası-2023"də isə Azərbaycandan başqa 7 ölkə idmançıları ilə yarışaraq qələbə qazandıq. Bu yarışa ciddi hazırlaşmışdıq. Bakıda hər gün iki dəfə məşq edirdik. Bütün bunların nəticəsi idi ki, biz öz istəyimizə çatdıq və qalibiyyət əldə etdik".

"Mingəçevir Reqatası-2023"ün qalibi Emil Zeynalov: "Biz Bakıda Xəzər dənizində məşq edirdik. Həm trinajor alətlərində, həm də suda məşqlər keçmişik. Bu gərgin məşqlərin nəticəsi bizim qalibiyyətimiz oldu. "Mingəçevir Reqatası-2023"də birinci yer tutduq. Məqsədim gələcəkdə daha böyük uğurlar qazanmaq, digər beynəlxalq yarışlarda da iştirak edərək Azərbaycan bayrağını yüksəklərə qaldırmaqdır. Artıq iki ildir ki, həm "Prezident Kuboku", həm də "Mingəçevir Reqatası" keçirilir. Öncəki yarışda da başqa ölkələr iştirak etmişdi. Bu dəfə də Azərbaycanla birgə 8 ölkə mübarizə aparır. Digər ölkələrin idmançıları ilə də münasibət qururuq. Onlar da təşkilatçılıqdan razıdır. Düşünürəm ki, "Mingəçevir Reqatası" ildən-ilə daha yüksək səviyyədə təşkil olunur".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə