"Səudiyyə Ərəbistanı futbolun inkişafı üçün doğru addım atır" - MÜTƏXƏSSİS DANIŞDI

"Səudiyyə Ərəbistanı klublarına transfer olunan futbolçuların yaşı 30-dan yuxarıdır. Bunun heç bir taktika ilə əlaqəsi yoxdur. Sadəcə, pul qazanmaq üçün həmin klublara transfer olurlar. Məsələn, "Real Madrid" klubunun 25 yaşlı futbolçusu heç vaxt gedib Ərəbistanda futbol oynamaz. Ad qazanmış futbolçuların hamısı ora üz tuturlar. Çünki onlar bilirlər ki, son illəridir və daha yüksək məbləğdə pul qazanmaq üçün Ərəbistan klublarını seçirlər". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan millisinin sabiq üzvü, futbol mütəxəssisi Ceyhun Sultanov deyib.

"Ərəbistan klublarının isə bunu etməkdə məqsədləri orada futbolu inkişaf etdirməkdir. Öz ölkələrində futbolu inkişaf etdirmək üçün belə futbolçulardan istifadə etmək lazımdır. Əslində, bu, doğru addımdır. Ərəbistanın ölkə futbolunun inkişafı üçün pul xərcləməyi yaxşı bir haldır. Bunu biz də etməliyik. Doğrudur, bunu etmək bir qədər çətindir. Çünki bu, böyük məbləğdə pul tələb edir. Amma futbolun inkişafı da elə buradan başlayır. Futbolda belə bir şey var ki, ilk olaraq ad qazanırsan, daha sonra o ad sənə pul qazandırır"- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə