Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (GİN) və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışına start verilir. SİA yarışla bağlı qurum rəsmilərinin fikirlərini öyrənib.
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov: “Son illər ərzində dövlətin idmana göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan beynəlxalq arenada idman ölkəsi kimi tanınır. Dünya idman ictimaiyyətinin də ölkəmizdə bu sahədə gedən müsbət proseslərə çox böyük maraqla yanaşması və uğurlarımızı yüksək qiymətləndirməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu idman siyasəti sayəsində mümkün olmuşdur.
Azərbaycanın hərtərəfli inkişafı üçün idman potensialının güclənməsi çox böyük əhəmiyyət daşıyır. Xüsusilə vurğulanmalıdır ki, Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkədə bədən tərbiyəsi və idman geniş vüsət almış, respublikamız Beynəlxalq Olimpiya Hərəkatına qoşulmuş və bu sahədə sistemli şəkildə böyük işlər görülmüşdür. İdmanla məşğul olmaq üçün lazımi şərait yaradılmış, həmin şəraitdən bəhrələnib idmana gəlmiş uşaqların və yeniyetmələrin yarışlarda özlərini sınaması təmin edilmişdir”.Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov deyib.

Onun sözlərinə görə, ölkəmizdə bir çox idman növləri ilə yanaşı velosiped idman növünü də qeyd etmək istərdim: “Velosiped idmanı dünyada populyar idman növlərindəndir. Mütəxəssislər bədənin möhkəmləndirilməsi və sağlamlıq baxımından bu idman növünü mükəmməl hesab edirlər. Azərbaycanda da bu idman növünün populyarlaşması və inkişafı üçün bir sıra tədbirlər və yarışlar həyata keçirilir. Beynəlxalq velosiped yarışları sırasına Tur de Azərbaycan adlı turnir də daxil olub. Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan və yüksək səviyyədə təşkil olunan çoxgünlük veloyarışda dünyanın tanınmış idmançıları, güclü komandaları qələbə uğrunda mübarizə aparır. İlk dəfə Azərbaycanda keçirilən Avropa Oyunları proqramına veloidmanın da daxil edilməsi bu növə marağının daha da artırılmasına səbəb olub. Müasir standardlara cavab verən Velotrek və dağ velosipedi parkı idmançıların və bu idmana həvəskar səviyyədə maraq göstərənlərin ixtiyarındadır”.
Qurum rəsmisi sözlərinə davam edərək bildirib ki, beləliklə, daha bir beynəlxalq tədbirlərdən biri də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə 2023-cü ilin iyun ayının 7-dən 11-dək keçiriləcək Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışıdır: “Federasiyadan verilən məlumata görə, şose velosipedinin qrup ötüşməsi növü üzrə təşkil ediləcək veloturda dünyanın 16-dək ölkəsindən 18-dək komandanın tərkibində 100-dən çox idmançı medallar uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, nüfuzlu yarışın nəticələrinə əsasən velosipedçilər “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazana biləcəklər. Belə beynəlxalq yarışların keçirilməsi ölkədə idmana olan marağın daha da artmasına və sağlam nəslin yetişməsinə güclü təkan verməklə bərabər, hərtərəfli faydaların əldə olunmasına da müsbət təsir göstərəcək. Sonda isə idmançılarımıza bu yarışlarda uğurlar, yüksək nailiyyətlər və qələbələr arzulayıram”.
Azərbaycan Velosiped Federasiyasının üzvü Səhər Mehman da öz fikirlərini bölüşüb: "Artıq bu gün "Əziz Şuşa" beynəlxalq velosiped yarışının startına hazırlaşırıq. Hər birimizdə böyük həyəcan var. Belə mötəbər yarışda iştirak etmək həm təşkilatçı, həm də bir azərbaycanlı kimi çox gözəl hisdir. Bu veloturda idmançılar "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya xalları qazana biləcəklər. Hazırda bütün dünyanın idman həvəskarlarının diqqəti ölkəmizə yönəlib. Həm Azərbaycan, həm də dünya ölkələri üçün velosiped yarışı maraq doğurur. Ölkəmizdə uşaqdan-böyüyə hər kəsin diqqətini cəlb edir. Bu, bizim üçün əvəzolunmaz uğurlardandır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB