"Dünya çempionatında sensasiyalı oyunlar davam edir" -ƏMƏKDAR JÜRNALİST FİKRƏT ADIGÖZƏLLİ DANIŞDI MÜSAHİBƏ

İdman şərhçisi, Azərbaycanın əməkdar jurnalisti Fikrət Adıgözəlli SİA-ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

-Fikrət müəllim, bildiyiniz kimi, Qətərdə keçirilən dünya çempionatının qrup oyunları başa çatır, artıq növbəti tura yüksələn komandaların adına aydınlıq gəlir. Ümumiyyətlə, bu çempionatda sensasiyalı oyunlar çox oldu. Fikrinizcə, sonda kim çempion olacaq?

- Düşünürəm ki, bu çempionatda həqiqətən maraqlı oyunlar oldu, sensasiyalı nəticələr gördük. Ərəbistan millisinin Argentinanı məğlub etməsi, Mərakeşin Belçikanı məğlub etməsi və s. oyunlar ağlasığmaz nəticələrlə bitdi. Mənim fikrimcə, Braziliya millisinin imkanları bu çempionatda daha yüksək qiymətləndirilir. Onlar finalda ya İngiltərə, ya da Fransa komandaları ilə qarşılaşacaqlar.

- Fikrət müəllim, bəs Yaponiyanın qrupdan lider kimi çıxmasını gözləyirdinizmi?

- Yaponlar Almaniyanı 1-ci turdan sonra məğlub etdikdən sonra belə bir ehtimal yarandı ki, onlar qrupda birinci yeri tuta bilərlər. Xüsusilə də, son turda nəzərə almaq lazımdır ki, İspaniyanı çox düzgün hesablama apardılar ki, qrupda məhz birinci yeri yox, ikinci yeri tutsunlar. Yəni, qonşu oyunla Almaniya-Kosta Rika oyununun nəticəsini nəzərə alaraq elə etdilər ki, onlar finala kimi nə İngiltərə, nə də Brazilya ilə qarşılaşsınlar. Yəni, ona görə də Yaponiya 1-ci yeri tutdu.

- Necə düşünürsünüz, 2002-ci il Dünya Çempionatı ilə bu Dünya Çempionatı arasında oxşarlıqlar varmı?

-Oxşarlıq dedikdə, onu deyə bilərəm ki, bircə oxşarlıq var ki, o vaxt da Dünya Çempionatı Asiya ölkəsində keçirilirdi və indi də Asiya qitəsində keçirilir. Onu da deyə bilərəm ki, fərqlilik kimi o zamanlar oyun üslubu daha yaxşı və nəticələri də gözəl idi, lakin indiki çempionatla bağlı bunu demək olmaz.

- Fikrət müəllim, bildiyiniz kimi, 2002-ci ildə də bir çox Avropa ölkələrinin nəhəngləri qrupda qalmış və Seneqal, Koreya və Yaponiya milliləri növbəti mərhələyə yüksəlmişdilər. Bu il də eyni ssenari təkrarlanır. Fikrinizcə, qrupdan çıxan Seneqal, Mərakeş, Yaponiya milliləri hansı mərhələyə qədər irəliləyə biləcəklər?

- 2002-ci ildən fərqli olaraq bu dəfə bütün dünyanın qitə və materiklərinin komandaları, Antraktida istisna olmaqla - hamısının nümayəndələri 1/8 finala vəsiqə qazanıblar. Bu, ümumiyyətlə, dünya futbol tarixində ilk dəfədir ki, belə bir hadisəyə rast gəlmək olur. Yəni Avstraliya, Şimali Amerika, Cənubi Amerika, Avropa, Asiya və Afrika dünya çempionatında növbəti tura yüksəliblər. O ki qaldı Asiya və Afrika komandalarının hansı mərhələyə qədər irəliləməsinə. Biz qrup mərhələsini gördükdən sonra demək olar ki, istənilən komanda istənilən nəticəni göstərə bilər və istənilən mərhələyə qədər irəliləyə bilərlər. Yəni, burada sensasiyalar o qədərdir ki, heç buna sensasiya da deməzdim, artıq bütün dünyanın müxtəlif ölkələrində futbol oynamağı yaxşı öyrəniblər və bacarırlar. Ona görə də Seneqalın, Mərakeşin və o cümlədən, Yaponiyanın 1/4 finala çıxmasını gözləmək olar.

- Fikrət müəllim, bəs bu dünya çempionatından gözləntiləriniz nələrdir?

- Fikrimcə, ümumən oyun və sonrakı əzmkarlıq fiziki, o cümlədən, texniki hazırlığı nəzərə alsaq, bütün bu keyfiyyətlərinə görə Braziliya komandasına üstünlük verirəm.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə