Azyaşlı uşaqlarda piylənməyə NƏ SƏBƏB OLUR? - DİETOLOQ AÇIQLADI

"Bir insana baxdığımız zaman onun artıq çəkili olduğu o an aydın olur. Çünki piy toxuması çox üstünlük təşkil edir. Əsas da uşaqlarda qarın bölgəsində və sinə bölgəsində piy toxuması toplanması artıq çəkinin olduğunu göstərir və bizim dəyərləndirməyimiz də belə olur ki, normalda hər bir uşaq pediatr, endokrinoloq ve dietoloq tərəfindən təqib olunmalı, illik aldığı və verdiyi çəki və boy uzanmasına baxılmalıdır". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Sevinc Həsənzadə deyib.

Onun sözlərinə görə, artıq çəki müxtəlif xəstəliklərə səbəb olur: "Bəzən valideynlər istəyir ki, uşağın çəkisi çox olsun, el dilində desək, “tompuş” olsun. Amma əslində bu, çox böyük bir metobolik və endokrin xəstəliklərə səbəb olur. Bunlardan ən öndə gələn boy qısalığı, cinsi zəiflik, cinsiyyət orqanının yaşa görə kiçik olması, vaxtından əvvəl şəkər xəstəliyinin, təzyiq xəstəliyinin erkən yaşda ortaya çıxmasıdır. Belə uşaqlarda müxtəlif metobolik xəstəliklər, istər dəri rənginin qaralması, istər bədəndə insulin miqdarının artması, bunlar çox böyük problemlərə səbəb olur ki, bu zaman “qısır döngü” olur. Necə olur? Uşaq deyək ki, yemək yeyir, insulinin miqdarı artır və nəticədə daha çox yemək istəyir. Yəni bir sözlə uşağın özündən asılı olmadan aşırı yemək istəyi yaranır və doyumsuzluq hissi olur".

Dietoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, bir fakt isə uşağın ailəsində məsələn, ana və atasının çəkisi çoxdursa, uşaqların 80%-nin çəkisi çox olur və bu da uşaqların ömür boyu çəkisinin yüksək davam etməsinə və piylənmə xəstəliyindən əziyyət çəkməsinə gətirib çıxarır: "Digər faktor isə nəzarətsizlikdir. Məsələn, ailədə deyək ki, ata da çalışır, ana da çalışır. Uşağı evdə nəzarətsiz qoyub gedirlər. Uşaq özbaşına qalır. Nə istəyir edir, nə istəyir yeyir, nə istəyir içir. Bu nəzarətsizlik nəticəsində piylənmə xəstəliyi, yəni artıq çəki xəstəliyi ortaya çıxır.

Başqa bir faktor isə “fast food” yeyilməsidir. Bu, “fast food” məhsulları dediyimiz bağırsaqlardan sürətli sovrulan qızartma məhsullarıdır. Bağırsaqdan sürətli sovrulduğuna görə insulini bədəndə çox yüksəldir. Bu da artıq çəkiyə səbəb olur. Qazlı içkilərin içilməsi də artıq piylənməyə gətirib çıxarır. Qazlı içkilər mədə şirəsini artırdığına görə aclıq hissinə səbəb olur. Eyni zamanda, sümüklərin əriməsinə, sümük problemlərinə, çoxlu miqdarda şəkər qəbul etməyimizə səbəb olur. Bu qazlı içkilərin həyatımızdan çıxarılması lazımdır. Ondan başqa digər bir faktor isə üçüncü bir şəxsin ailədə uşağın yeməyinə qarışması, məsələn, daha çox nənə faktoru deyək. Çünki misal üçün deyək, ana, ata ciddi pəhriz elədi. Uşaq yemək yemədi, ona şokolad, və ya digər şəkərli şeylər verilmədi və ya meyvə suyu içilmədi. Amma uşaq çox rahatlıqla nənəsindən bunları istəyə bilir. Halbuki, bunlar çox yanlış davranışlardır və gələcəkdə artıq çəkiyə səbəb olur.

Piylənmənin digər bir səbəbi isə yemək yeyə-yeyə telefona və ya televiziyaya baxmaqdır. Bu da çox böyük faktordur, çünki televiziyaya baxan uşaq nə qədər yemək yediyini, nə yediyini, yeməyin müddətini unudur. Məsələn, ya sürətlə yeyir, çox yemək yeməsinə səbəb olur, ya da yemək miqdarı çox olur və ya deyək ki, iştahaçıcı bir film və ya cizgi film izlədi, orada yeməkdən danışılırsa və iştah açırsa, bu da uşağın çox yeməsinə səbəb olur. Bütün bu faktorlara diqqət etmək çox önəmlidir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə