Belə məkanlardan uzaq durmaq sağlamlıq baxımından da çox vacibdir - MÜTƏXƏSSİS AÇIQLADI

"İlk olaraq onu deyə bilərik ki, ət və ət məhsulları yüksək risk qrupuna aid olan məhsullardandır. Bu qrupa ət, toyuq, balıq kimi qidalar daxildir. Zülal, dəmir, sink, fosfor, maqnezium kimi minerallar, B6, B12, B1 və A vitaminləri ilə lif baxımından zəngindir. Bununla yanaşı da heyvanlar müxtəlif xəstəliklər daşıya bilirlər. Biz həmin heyvanların istər əti, istər südü, istərsə digər məhsulları ilə qidalandığımız zaman xəstəliklərə yoluxa bilərik". Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, heyvanların nəzarətsiz kəsilməsi heyvandakı xəstəliklərin insanlara yoluxmasına səbəb ola bilir: "Heyvanlardan insanlara keçən xəstəliklərin ən əsasları bağırsaq parazitləri, dəli dana, ruam, tuberkulyoz, salmonelladır. Baytar həkim nəzarətindən keçməyən ətlərin istehlak olunmaması bu baxımdan vacibdir.

Ölkəmizə gətirilən və "fast-food" restoranlar şəbəkəsində istifadə olunan ətlərin də mənşəyi və kəsimi barədə məlumatımız az olduğundan belə məkanlardan uzaq durmaq sağlamlıq baxımından da çox vacibdir".

Asim Vəliyev sözlərinə belə davam edərək bildirib ki, "fast food" qidalar insan sağlamlığı baxımından çox təhlükəlidir: "Başlıca xəstəliklər piylənmə (obezitə), hipertoniya, 2-ci tip diabet və ürək-damar xəstəlikləridir. Üstəlik bu qidalara bağımlılıq yaradan “mononatrium qlutamat” adlı E621 kodlu qatqı maddələsi də qatılır ki, bu qidalarla qidalanan insanlarda o qidalara qarşı asılılıq yaranır və davamlı istehlakçıya çevirilirlər.

Yaxşı olardı ki, bu kimi restoranlarda qidalanmaq əvəzinə etibar etdiyiniz restoranlarda, kəsilən ətlərin sağlam olduğuna əmin olduğunuz və daha çox ev üsulu hazırlanan qidalara üstünlük verərdiniz".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə