Şəhər sakinləri bayram tətilini NECƏ DƏYƏRLƏNDİRƏCƏK? - SORĞU

2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Martın 20-i bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdirilərək 25 mart qeyri-iş günü hesab olunub. Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə gününə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq. Bəs gəlin görək şəhər sakinləri bayram tətilini necə dəyərləndirəcək. SİA bu mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Məlahət Ağayeva: "Bayram tətilində nəvələrimlə birgə rayona getməyi planlaşdırırıq. Düşünürəm ki, şəhərdə bayram biraz sönük şəkildə qeyd olunur. Kənd yerində isə bayram daha maraqlı keçir. Sakitlik üçün biraz şəhərdən uzaqlaşmaq lazımdır".

Şəhər sakini Araz Əsədli: "Tətili evdə ailəmlə keçirərək istirahət etməyə çalışacam. Çünki bütün ay boyunca işləyirik. Bu, bizim üçün bir fürsətdir. Stressdən uzaq olmağın, dincəlməyin xalqımıza faydası olacaq".

Şəhər sakini Səadət Manafova: "Öncəliklə xalqımızı Novruz bayramı münasibətilə təbrik edirəm. Novruz tətilində nəvələrim bizə gələcək. Onlarla birgə vaxt keçirməyi sevirəm. Bu mənim üçün ən dəyərli tətil, ən səmərəli vaxt olacaq".

Şəhər sakini Əli Dadaşzadə: "Mən xidmət sektorunda çalışdığım üçün qeyri-iş günlərini də işdə dəyərləndirəcəm. Bayramda da xalqa xidmət edəcəm. Azərbaycan xalqının da bayramını təbrik edirəm. Hər kəsə kiçik büdcəylə belə xoşbəxt olmağı arzu edirəm. İşgüzar xalqımız tətil müddətindən istifadə edərək bacardıqları qədər dincəlsinlər".

Şəhər sakini İlahə Kərimli: "Bayramda ailəmlə birlikdə rayona valideynlərimin yanına gedəcəyik. Bizim iş, uşaqların da dərs problemlərindən, stressdən uzaqlaşmağı lazımdır. Böyüklərimizlə bir yerdə Novruz adət-ənənələrini keçirmək, əvvəlki bayramları unutmamaq gərəkdir".

Şəhər sakini Əziz Süleymanov: "Tətildə sadəcə evdə olmağı planlaşdırıram. Çünki işdən, problemlərdən istirahət üçün vaxt tapmaq olmur. Amma özümüzü düşündüyümüz qədər, uşaqları da düşünməliyik. Bu onların da bayramıdır. Ona görə də tətildə övladlarımı zooparka və ya əyləncə mərkəzinə aparmağı düşünürəm".

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə