"İlaxır çərşənbəmizi də yola saldıq. Artıq Novruz bayramının astanasındayıq. Çoxumuz onun gəlişini səbirsizliklə gözləyirik. Novruzda bişirilən xörəklər, şirniyyatlar sanki xüsusilikləri ilə seçilir.
Yeməyə həvəsli olan bir çoxumuz xörəklər bir yana, bolluca paxlava, şəkərbura, qoğal, badambura və saymaqla bitməyən şirniyyatlardan dadacaq, bayramın kefini çıxaracağıq. Hətta aramızda pəhrizlərini pozanlar, həddindən artıq qidalanıb, sonra bunun əziyyətini çəkənlər də olacaq". Bu sözləri SİA-ya açıqlamasında həkim-dietoloq Sevinc Həsənzadə deyib.
Onun sözlərinə görə, bayram günlərində ilk növbədə qidalanmanın optimal rejiminə əməl etmək lazımdır: "Belə ki, gün ərzində 2-3 saatdan bir müəyyən miqdarda qida qəbul etmək məsləhətdir. Bu, toxluğa səbəb olaraq normadan artıq qida qəbulunun da qarşısını alacaqdır. Həmçinin yeməklərin və digər qidaların istifadəsi balanslaşdırılmalıdır. Qidaları qarışdırmamaq və müəyyən həddin gözlənilməsi vacib şərtdir. Həddindən artıq yemək mədə-bağırsaq sistemi üçün problemlər yaradır.
Novruz bayramı daha çox şirniyyat bayramı kimi qəbul olunur. Bayramın yaxınlaşdığı indiki dövrdə insanları məlumatlandırmaq bir həkim-dietoloq kimi özümə borc bilirəm".
Dietoloq sözlərinə belə davam edib: "Bayram müddətində insanlar gərək normadan çox artıq şirniyyat yeməsinlər və orqanizmi yükləməsinlər. Daxili orqanları qorumaq üçün artıq kaloridən çəkinmək lazımdır. Çox zaman bayramlarda yemək süfrəsi ilə çay süfrəsi bir arada təşkil edilir. Bu zaman insanlar heç bir ölçü müəyyən etmədən, porsiyaya fikir vermədən yemək və şirniyyat qəbul edirlər. İnsanlar bilməlidir ki, 1 ədəd şəkərburanın kalorisi 600-650 kaloridir. Bir porsiya plovun da kalorisi eynən bu qədərdir. Plov yeyərkən ən azı insanlar bunun ağır yemək olduğunu bilir, ancaq qoğal, şəkərbura, paxlavaya qətiyyən məhdudiyyət qoymurlar, ölçüsüz qəbul edirlər. Hər çay içəndə paxlava, şəkərbura yeyilir. Ən önəmli məsələ isə ölçünü itirməməkdir. Əgər az miqdarda şirniyyat qəbul etsələr, zaman keçdikcə onlardan əldə olunan kalorini yandırmaq da olar. Paxlava və şorqoğal da hərəsi 700 kaloridir. Yəni Novruz ağır karbohidratlı qidalar bayramıdır. İnsanlarımız nəzərə almalıdırlar ki, bayram bir gün deyil, günlərlədir. Əvvəllər bu şirniyyatlar yalnız bayramda bişirilirdi, ona görə də Novruzun gəlişi daha çox sevindirici olurdu. İndi ilboyu hər yerdə satılır, bayram olmayan günlərdə də insanlar onu alıb yeyirlər.
İlk növbədə yaşlı, cavan, uşaq fərq etmir şəkərli, yüksək təzyiqli və digər xəstəliyi olan insanlar yediklərinə xüsusilə bayramda diqqət etməlidir.
Eyni zamanda, dieta saxlayan şəxslər bayramda istədiyini yeyə bilməyərək özünü digərlərindən seçilmiş sayır. Bu isə bədəndə stress hormonunun artmasına səbəb olur. Həmin hormonun artması digər hormonlara da təsir edir və bu zaman insulinin ümumi səviyyəsi qalxır. Bu o deməkdir ki, arıqlamaq prosesi getmir. İnsulin isə mədəaltı vəzin ifraz etdiyi hormon olaraq piylərin parçalanmasının qarşısını alır. Ona görə də dieta saxlayan insanlar 2 gün istədikləri qidalardan yeyə bilər. Amma 2 gündən sonra pəhrizlərinə davam etməkləri məsləhətdir.
Bayram günlərində insanlara qidalanma ilə bağlı hansısa qayda deyildikdə, onsuz da onlara riayət etmirlər. Ona görə də psixoloji olaraq onları sıxmamalı, həm də başqa insanlardan seçilməmələri üçün fərq qoymamalıyıq.
İstər pəhriz saxlayan, istərsə də saxlamayan insanlar bir qayda olaraq yeməkdən yarım saat əvvəl 250 qram (1 stəkan) su içməlidir. Bu, insanda həm toxluq hissi yaradır, həm də qarşısına qoyulan qida rasionunun 50 faizini yemiş olur".

Sağlam qida mütəxəssisi Ağa Salamov da məsələ ilə bağlı münasibət bildirib: "İnsanlar bayramda istirahət etməklə yanaşı, həm də həddindən çox qida qəbul edərək mədələrini yükləyirlər. Bu qidalanmanın yaxşı tərəfləri olduğu kimi xoşagəlməz tərəfləri də var. Bunun yaxşı tərəfi adət-ənənəyə uyğun olaraq hər bir evdən o yeməklərin, təamların qoxusu çıxmasıdır. Bu, hər şeyin bol, ruzili-bərəkətli olduğunu göstərir. Xoşagəlməz tərəfi isə insanların bəzən normanı aşmasıdır. Ona görə də bayramda diqqətli olmaq lazımdır.
Yeməklərin bişən kimi süfrəyə təqdim edilməsi gərəkdir. Eyni zamanda, yeməkləri hansı ki riskli hesab olunan qidaları süfrədə də çox saxlamaq məsləhət görülmür. Bayramda süfrəmizin bəzəyi olan şəkərbura, paxlava kimi kalorili təamlar da həddindən çox yeyildikdə mədəyə ağırlıq edir. Belə şirniyyatların hamısını birdən yemək olmaz. Ara verərək qəbul etməli, mədəyə yüklənməməlidirlər. Həmçinin, mədəaltı vəzin yüklənməsinə, həzm prosesinin pozulmasına gətirib çıxarır. Ona görə qida rasionuna diqqət etmək, yeməklər arasında fasilə vermək lazımdır. Ümumiyyətlə, yeməkləri yatmadan 4 saat öncə istehlak etmək daha doğru olar".
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB