Novruz bayramında bu qidaları əsla yeməyin - DİQQƏT! - MÜSAHİBƏ

Qida üzrə baş mütəxəssis Ağa Salamovun SİA-ya verdiyi müsahibəni təqdim edirik:

- Qarşıdan Novruz bayramı gəlir. Ümumiyyətlə bayram günləri ərafəsində insanlar hansı qidalardan istifadə etməlidir?

- Bayram ərəfəsində süfrələri cürbəcür nemətlər bəzəyir. Şəkərbura, paxlava, boyanmış yumurtalar bu bayramın əvəzolunmaz nemətlərindəndir. Bu zamanlarda bəzi mağazalarda vaxtı keçmiş şəkərburalara, paxlavalara rast gəlmək mümkündür. Mümkün qədər belə məhsullardan uzaq durmaq lazımdır. Uşaq vaxtı ailəmizdəki xanımlar yumurtaları soğan qabığı, çuğundur, kok şirəsi ilə rəngləyərdilər, hətta göyərtilərlə həmin yumurtalara bəzək də vurardılar. Amma indi yumurtaları boyalarla boyayırlar və onları xonçaya əlavə edib satırlar. Çalışmalıyıq ki, təbii yolla boyanan yumurtalardan alaq. Bayram ərəfəsində 5-6 gün öncədən hazırlanmış şirniyyatları almamağa fikir verməliyik. Bayram ərəfəsində marketlərdən hazır şirniyyatların alınmasını məsləhət görməzdim. Ən yaxşısı həmin şirniyyatları evdə hazırlamaqdır.

- Uşaq qidalarının təhlükəsizliyi ilə bağlı bazarlarda vəziyyət heç də ürək açan deyil. Ümumiyyətlə uşaq qidalarının təhlükəsizliyi ilə bağlı vəziyyət nə yerdədir?

- Uşaqlar üçün satılan zərərli çərəzlərlə bağlı məsələlər hələ də həllini tapmayıb deyə bilərik. Çünki biz istehsalçıya deyə bilmərik ki, bu məhsulu istehsal etmə və ya mağazalara qadağa qoya bilmərik ki, bu məhsulu satma. Biz maarifləndirmə işləri apara bilərik ki, valideynlər öz övladlarına bu məhsullardan verməsinlər. Çipsini misal göstərmək olar ki, onun tərkibinin kartofdan hazırlandığı deyilsə də əksinə onun harzırlanmasında trans yağlardan istifadə edilir. Təbii ki bu da uşaqların orqanizminə ciddi şəkildə təsir edir. Həmin yağlar qaraciyərə təsir göstərir, şəkər xəstəliyi, xərçəng xəstəliyi kimi xəstəliklərin yaranmasına səbəb olur. Unutmaq olmaz ki, biz genlərimizi yandırıb-söndürə bilirik. Ağartı məhsullarını istehlak ediriksə ağartı məhsulları genini aktivləşdiririk. Yox əgər istifadə etmiriksə həmin genləri söndürürük. Ziyanlı çərəzləri istehlak etdikdə həmin genləri aktivləşdiririk. Bu zaman mutasiyalar baş verir. Bunu ginekoloqlar təsdiqləyə bilərlər ki, bu zaman gələcəkdə dünyaya gələn uşaqlar şəkərli diabet xəstəliyi ilə doğulur. Bir neçə ciddi xəstəliklərlə dünyaya gəlir.

- Şəkər xəstələri üçün satılan qidalar nə dərəcədə sağlamdır?

- "Aspartam" deyilən bir maddə var ki, bu qazlı içkilərdə istifadə olunur, həmçinin dietik yeməklərdə də dadlandırıcı kimi istifadə olunur. Dietoloqları qınayıram ki, öz pasientlərinə bu cür hazır yeməkləri tövsiyyə edirlər. Həmin dietoloqlar menyu yaza bilmirlər. Bu, savadsız dietoloqların ən asan yolla işbazlara yönləndirdiyi müştərilərdir. Hansı ki, arıqlamaq üçün dietoloqa üz tutur, həmin dietoloqlar isə onları hazır yeməklərə yönəldirlər. Bunlar asan yoldur. Çətin yol isə düzgün dietanı yazmaqdır. Hər müştəriyə düzgün menyu yazmaqdır. Bunu da hər dietoloq bacarmır. Hazır dietik məhsullar insulin səviyyəsini pozur. Əksinə insanın orqanizmini şəkər xəstəliyinə meyilləndirir. Ona görə düşünürəm ki, hazır dietik yeməklərdən uzaq durmaq lazımdır. Məsləhət görərdim ki, özləri üçün detokslar hazırlasınlar, yağlı qidalardan uzaq dursunlar.

- Yaz-yay aylarında kremli məhsullardandan zəhərlənmə halları baş verir və bunun qarşısı necə alınmalıdır?

- Ümumiyyətlə kremli məhsullar yumurtanın ağından, yağdan, qaymaqdan hazırlanır. Bunlar riskli qidalar sırasındadır. Havaların isti olduğu zamanlarda əksər yerlərdə saxlanma şəraiti yaxşı olmur. Yaxud tortu bişirirlər. Həftələrlə satılmayan vitrinlərdə qalır. Bu da mikrobioloji çirklənməyə səbəb olur. Belə hallar zəhərlənmələrə yol aça bilər. Ona görə məhsulun təzə olduğunu yoxlamaq lazımdır. Zəhərlənmə hallarının olmaması üçün şirniyyat evlərində yumurtaların təzəliyi yoxlanılmalıdır. Yumurtalar çox istiyə məruz qalmamalıdır. Belə olduqda yumurtalardan zəhərlənmə halları baş verir.

- Bu gün əksər insanlar allergiyadan əziyyət çəkir. Hansı qidalar allergik xəstəliklərə səbəb olur?

- Allergik reaksiyalar müxtəlif məhsullarda var. Sitrus meyvələrinə, süd, ağartı məhsullarına, ədviyyatlara qarşı allergiyalar vardır. Bunları təyin etmək lazımdır ki, bu insanın nəyə qarşı allergiyası var və həmin məhsullardan uzaq durmalıdır. Ədviyyatlar daha çox allergik reaksiyalar yaradır. Bəzən görürsünüz ki, duz və istiotdan istifadə etmək həmin şəxslərda asqırığa yol açır. Müxtəlif yeməklərə qarşı, kükürd tərkibli yeməklərə qarşı allergik reaksiyalar ola bilər. Allergiyası olan şəxs mütləq şəkildə həmin məhsullardan istifadəni ya minumuma endirməli, ya da həmin məhsullardan istifadə etməməlidir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə