Spirtli içkilərin yeniyetmə yaşına çatmamış şəxslərə satılmasına CƏMİYYƏTİN BAXIŞI - SORĞU
Hazırda bütün dünya narkomaniya və alkoqalimz ilə mübarizə aparır. Bu xoşagəlməz hal hər yaş təbəqəsi arasında özünə yer etsə də, ən dəhşətlisi onun yeniyetmə və gənclər arasında da geniş vüsat almasıdır. İndi bəşər övladının alkoqol adlanan böyük bir düşməni var ki, onunla da mübarizə aparmaq bir o qədər asan deyil. Eyni zamanda mağazalarda uşaqlara və yetkinlik yaşına çatmayan şəxslərə qanunsuz olaraq siqaret və spirtli içkilər satılır. Bəs bu kimi halların qarşısını necə almaq olar? Bu hallar uşaqların alkoqola olan meylini artırırmı? Mövzu ilə əlaqədar olaraq SİA paytaxt sakinlərinin fikirlərini öyrənmək məqsədi ilə sorğu keçirib.

Şəhər sakini Kəmalə Nəsibova: “Mən düşünürəm ki, azyaşlı və yetkinlik yaşına çatmamış şəxslərin siqaret, enerji və spirtli içkiləri qəbul etməsinə ciddi şəkildə nəzarət olunmalıdır. Təbii ki, bu nəzarət polis və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin üzərinə düşür. Fikrimcə, azyaşlı uşaqlara siqaret və içkilərin satılması yolverilməz bir haldır. Lakin təəssüflər olsun ki, parklarda və küçələrdə uşaqların əlində enerji içkilərinin olduğunu görürük. Həmçinin gələcəyin anası olan qızlarımızın siqaret çəkməsi çox üzücü bir haldır. Ona görə mən adiyyatı qurumlardan xahiş edirəm ki, bu işə ciddi şəkildə nəzarət olunsun”.

Şəhər sakini İlham Həmzəyev: “Mən bir vətəndaş kimi yetkinlik yaşına çatmamış şəxslərin və uşaqların spirtli və enerji içkilərdən istifadəsinə qarşıyam. Çünki bu kimi içkilər onların gələcəkləri və bir şəxs kimi formalaşmaqları üçün çox böyük əngəldir. Fikrimcə, uşaqları içkilərdən və siqaretdən yayındırmaq üçün valdeyinlər ciddi şəkildə nəzarət etməlidirlər. Çünki başsız və nəzarətsiz qalmış uşaq hər şeyə meyil edə bilər”.

Şəhər sakini Məmməd Allahyarov: “Məlum məsələdir ki, uşaqların və gənclərin spirtli içkilərdən istifadə etməsi qəbuledilməzdir. Çünki bu nə mentalitetdə, nə də dində qəbul olunmur. Bununla yanaşı eyni zamanda insanların sağlamlıqları üçün də spirtli içkilər ziyandır. Əgər kimsə öz ömrünü qısaltmaq və sağlam şəkildə yaşamaq istəmirsə bu cür içkilərdən istifadə edə bilər”.

Şəhər sakini İlahə Mehdiyeva: “Mənim özüm şəxsən mağazada uşaqlara spirtli içkilərin satılması hadisəsinə şahid olmuşam. Lakin mən həmin an satıcıdan uşağın pulunu qaytarmasını və həmin içkilərin ondan götürməsini tələb etdim. Əgər o həmin an satıcı mənim dediyimi etməsəydi dərhal polisə zəng edəcəkdim. İçkini alan uşağı da, ailəsini də tanıyırdım. Düşünürəm ki, hər bir kəs mağazada və ya küçədə belə bir hallarla rastlaşarsa, həmin an buna qarşı çıxsalar daha yaxşı olar. Bununla da həmin uşaqlar tərbiyələnmiş olarlar”.

Şəhər sakini Mobil İsgəndərov: “Mən özüm bir valdeyin kimi spirtli içkilərdən istifadə etməmişəm ki, övladlarım da mənə baxıb onu özlərinə ibrət götürsünlər. Çünki uşaqlar böyüklərindən nəyisə götürüb, öz həyatlarında tətbiq edirlər. Lakin mağazada uşaqlara və yeniyetmə yaşına çatmamış şəxslərə spirtli içkilərin satılması məsələsinə gəldikdə isə deyə bilərəm ki, bu qanuni cəhətdən yolverilməzdir. Məncə, həmin şəxslər məsuliyyətə cəlb olunmalıdır”.

Şəhər sakini Şahin Mənsimov: “Mənim fikrimə görə, içki nəinki uşaqlara, eyni zamanda yetkin yaşına çatmış insanlar üçün də zərərlidir. Lakin xüsusi olaraq bu hal uşaqların gələcək həyatı baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki içki qəbul edən şəxsin orqanizması çürümüş bir vəziyyətdə olur. Demək olar ki, bu hal o şəxsin ömür boyu onu yalnız buraxmır. Həmçinin uşaqlıqdan və yeniyetmə dövründən içki içən şəxslərdə artıq gələcəkdə buna qarşı aslılıq yaranır. Onun üçün ciddi bir şəkildə bu barədə tədbir görülməlidir”.

Şəhər sakini Gülnaz Qasımova: “Gənclərimiz və uşaqlarımız bizim gələcəyimizdir. Onların sağlam şəkildə böyüməsi üçün ciddi şəkildə tədbir görülməlidir. Çünki nəzarətdə bəzi boşluqlar olduğu təqdirdə artıq onlarda davranış pozuntuları baş verir. Bunun nəticəsi olaraq artıq onlarda siqaretə, içkiyə və s. başqa şeylərə asılılıq yaranır. Onun üçün onları məlumatlandırmaq məqsədilə məktəblərdə müxtəlif cür layihələr həyata keçirilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB