Qışda mikroblar məhv olur və ətraf-mühit təmizlənir - SORĞU

Fəsil dəyişkənliyi insanların fəaliyyətinə də, sağlamlığına da təsir edən qlobal hadisədir. Hər fəslin öz gözəlliyi var. Fəsil dəyişdikcə hava şəraiti də dəyişir. Müxtəlif hava şəraitinin təsiri insanların rifahında, xəstəliklərin gedişatında da özünü göstərir. Bəs gəlin görək hava dəyişikliyi haqqında şəhər sakinləri nə düşünür. SİA bu məsələ ilə bağlı sorğu keçirib.

Şəhər sakini Fidan Məmmədzadə: "Hər fəslin öz gözəlliyi var. Amma mən qış fəslinə üstünlük verirəm. Çünki qışda mikroblar məhv olur, ətraf-mühit təmizlənir. Amma bu il qış özünü göstərmədi. Fevralda əksər günlər yaz fəslini xatırlatdı. Qış aylarında soyuq havalar hökm sürmədiyi halda virus da, xəstəliklər də artır. Bu da insanların sağlamlığına mənfi təsir göstərir".

Şəhər sakini Əkbər Allahverdiyev: "Mənə görə ən gözəl fəsil yaydır. Günəşin özü insan psixologiyasına böyük təsiri var. Həmçinin, havanın isti olması evsiz insanlar, daim açıq hava şəraitində işləyənlər üçün də yaxşıdır. Biz yalnız özümüzü düşünməməliyik".

Şəhər sakini Tamara Əliyeva: "Fəsillərin içində yaza üstünlük verirəm. Yaz fəslində havalar digər fəsillərə nisbətən daha xoş keçir. Amma digər fəsillərin əhəmiyyətini də unutmamaq lazımdır. Bəzən insanlar qışda soyuq olur deyə onu sevmir. Amma əgər insanın həyatında hər şey yaxşı olsa, onun üçün havanın soyuq və ya isti olmasının heç bir fərqi olmur.

Şəhər sakini Elman Qədirov: "Məncə, yaz fəsli daha yaxşıdır. Çünki təbiət oyandıqca insanlarda da canlanma baş verir. Ətraf yaşıllaşır. Elə yaşıl rəngin özü də insanlara müsbət təsir edir. Cəmiyyətdə gələcəyə dair bir ümid yaradır. Hər şey inkişaf edir, o cümlədən insanlar da. Çünki insanların özü də təbiətin bir parçasıdır".

Şəhər sakini Sevinc Əliyeva: "Mən havalar isti keçdiyi üçün yaz və yay fəsillərinə üstünlük verirəm. Yaz fəslinin isə bir başqa gözəlliyi var. Yazda hər tərəf canlanır, ağaclar çiçəklənir. Lakin fəsillər dəyişir. Fəsil dəyişdikcə də insanların abu-havası da dəyişir. Həmçinin havaların tez-tez dəyişməsi sağlamlığa da təsir edir. Ona görə də insanlar havaya aldanmamalı, hər havaya uyğun şəkildə geyinməlidir".

Şəhər sakini Amin Eyvazov: "Mən yay fəslini xoşlayıram. Qışda xəstəliklərlə daha çox mübarizə aparmalı oluruq. Bununla yanaşı, havaların soyuq keçməsi əhvalıma da pis təsir edir".

Şəhər sakini Afaq Fiqarova: "Hər fəslin mənfi və müsbət cəhətləri var. Gərək ki, hər fəsli öz gözəllikləri və çətinlikləri ilə qəbul edək. Lakin mən payız fəslini daha çox sevirəm. Havalar nə çox soyuq, nə də çox isti keçir".

Şəhər sakini Məhəmmədəli Süleymanlı: "Mənim sevdiyim fəsil qışdır. Yaz və yay fəsillərində insanların qaynaşması mənə xoş gəlmir. Özüm də soyuq insan olduğum üçün soyuq havaları daha çox sevirəm".

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə