Gənclərin düşüncəsi mentalitetimizə uyğun deyil - SORĞU

Keçən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq ictimai-siyasi fikirdə böyük maraq doğuran problemlərdən biri də adət-ənənə məsələsi idi. Hər millətin öz adət-ənənəsi, milli ruhu, milli təfəkkürü var. Adət-ənənənin formalaşması xalqın keçdiyi həyat yolundan, ictimai-tarixi hadisələrdən müəyyənləşdirilir. Xalqımızın adət-ənənəsi multukulturalizmin hərəkətverici qüvvəsidir. Bəs görək şəhər sakinləri adət-ənənə haqqında nə düşünür. SİA bu məsələ ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Səadət Manafova : "Nə qədər indiki zəmanənin insanı olmasam da müəllimə olduğum üçün gənclərlə daha çox vaxt keçirirəm. Doğrudur bəzi gənclərin düşüncəsi mentalitetimizə uyğun deyil. Lakin mənim gənclərin dünya görüşündən çox xoşum gəlir. Ölkə inkişaf etdiyi üçün təbii ki, milli dəyərlərimiz də dəyişir, müasirləşir".

Şəhər sakini Rəşad Cəfərov: "Məncə, mentalitetimiz çox dəyişib. Son zamanlarda Avropaya inteqrasiya inkişaf etdiyi üçün insanların təfəkkürü də o yöndə dəyişir. İstər geyim baxımından, istər böyüklərə hörmət baxımından avropalaşma gedir. Bütün bunlar Avropada normal qəbul olunsa da, bizim mentalitetimizə uyğun deyil. Mənə görə bu mədəniyyət yox, mədəniyyətsizlikdir".

Şəhər sakini Aysel Məmmədxanova və şəhər sakini Gülər Zeynalova: "Biz gənclər olaraq yaşlıların daim indiki dövrlə keçmiş dövrü müqayisə etməyinə və insanların bir-birlərinin işinə qarışmasına qarşıyıq. Bir mənalı olaraq bunu qəbul etməlidirlər ki, dövr dəyişir. Ona görə də insanların düşüncəsinin də dövrə uyğun olaraq dəyişməsi normaldır".

Şəhər sakini Eltac İsgəndərov: "Keçmiş dövrün təfəkkürü tamam başqa idi. Zaman dəyişir və biz də zamana ayaq uyduraraq dəyişirik. Amma düşünürəm ki, köhnə adət-ənənələri saxlamaq lazımdır. Mentalitetimizdə nəyisə dəyişməyə ehtiyac yoxdur".

Şəhər sakini Zərifə Sadıqova: "Mentalitet, cəmiyyətin gözü ilə baxmaqdır. Amma hər insanın öz düşüncəsi, baxış bucağı var. Məsələn, bəzi insanlar mentalitet adı altında, qız övladlarına 18 yaşı tamam olan kimi ailə həyatı qurması üçün təzyiq edirlər. Mənə görə bu doğru deyil. Ola bilər ki, keçmişdə qadınlar o yaşda hətta uşaq dünyaya gətirsinlər. Amma indi həmin dövr deyil. Bu kimi təzyiqlər nəticəsində gənclərimiz də mentalitetdən uzaqlaşırlar".

Şəhər sakini Aydın Mirzəzadə: "Düşünürəm ki, mentalitetimiz kifayət qədər dəyişib. Bəzi insanlar mentaliteti yalnız qızlara aid edir, amma oğlanlar da mentalitetimizi dəyişiblər. Böyüklərə əvvəlki hörmət yoxdu, özbaşınalıq çoxalıb. İndiki uşaqların düşüncəsini dəyişmək lazımdır. Buna görə də həm valideynlər, həm də müəllimlər gənclərimizi düzgün istiqamətləndirməlidir.

Şəhər sakini Qərib Musayev: "Məncə, millətin düşüncəsi pessimistdir. Çox şeyə pis yöndən baxırlar. Hər bir insan öz ailəsinə uyğun olaraq formalaşır. Onları tanımayanlar isə asanlıqla qınaya bilirlər. İnsanlar belə bir haqları olmadığını dərk etməlidirlər. Başqalarını qınayaraq inkişaf etmək mümkün deyil".

Şəhər sakini Zeynəb Nəcəfli: "Azərbaycan mentalitetində mümkün qədər dəyişiklik etmək istərdim. Amma bəzi şeyləri qəbul etmək, uyğunlaşmaq məcburiyyətindəyik. İnsanlar başqalarının fikrinə hörmətlə yanaşmır və mühakimə etməyə tələsirlər. Xüsusilə də, mentalitet anlayışını qadınlara tətbiq etməyə çalışırlar. Kişilər edəndə normal qəbul edilən bir şeyi qadınlar edəndə pis baxırlar. Hələ də kişilər və qadınlar arasında qeyri-bərabərlik özünü göstərir".

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə