Hər insanın özündə dəyişmək istədiyi bəzi yönləri var. İnsan öncə, özünü, həyatını və ətrafını mənfi şəkildə təsirləndirən amilləri dəyişmək istəyir. Lakin bəzi insanlar dəyişmək üçün girdiyi bu yoldan yarımçıq qayıdır. İnsan həqiqətən dəyişə bilər? Belə bir deyim var ki, insan yeddisində nədirsə, yetmişində də odur? Yaş irəlilədikcə, illər keçdikcə xarakter dəyişir?
Dəyişmək çox uzun bir müddət tələb edir, lakin imkansız bir şey də deyil. Qadınlar bir kişiyə aşiq olur və sonra onu olmaq istədikləri kişiyə çevirməyə çalışırlar. İnsanları dəyişən əsas amillər onların yaşadıqları hadisələrdir, gərgin təcrübələr insan ruhunda dərinlik yaradır, sonra isə dəyişiklik istəyi yaranır. Bu istək daxildən gəlməlidir, çünki insanlar çox vaxt kənardan onlara qoyulan dəyişiklik öhdəliyinə müqavimət göstərirlər. Bəli, insanlar zamanla dəyişir və bu normaldır.

Dəyişmək istədiyiniz insanı bu hisslərdən uzaq tutaraq, onu olduğu kimi sevdiyinizi söyləyərək başlaya bilərsiniz. Sonra "Sən belə yaxşısan, amma daha yaxşı ola bilərsən" cümləsi sanki bir sehrdir. Biz insanlar üçün həqiqətən və tam dəyişiklik mümkündürmü? Yoxsa yeddidə olduğumuz kimi yetmişdə də eyniyik?
Şəxsiyyəti formalaşdıran bir çox amillər var. Buraya genlər, ətraf mühit, həmyaşıdlar, təcrübələr və s. daxildir. Bəziləri çox əsəbi və gərgin bir təbiətə malikdir, bəziləri isə son dərəcə sakit və durğundur. Araşdırmalar göstərir ki, körpəlikdə formalaşan şəxsiyyət sonradan da davam edir.
3 yaşında nəsinizsə, indi də olduğunuz kimisiniz. 1950-ci illərdə aparılan bir araşdırmada doğumundan 30 yaşına qədər 133 insan müşahidə edilib. Tədqiqatçılar körpələrin fəaliyyət səviyyələrinə, əhval-ruhiyyələrinə və diqqət vəziyyətlərinə görə onların doqquz fərqli xüsusiyyətini müəyyən ediblər. Nəticədə onlar "asan uşaqlar", "çətin uşaqlar" və "yavaş uşaqlar" kimi kateqoriyalara ayrılıblar. Bu araşdırmada üç yaşında asan və ya çətin olaraq təyin olunan uşaqların da yetkinlik dövründə eyni kateqoriyada qiymətləndirildiyi müşahidə edilmişdir.

Yetkinliyin ipuçları körpəlikdə gizlənir.Təbii ki, zamanla şəxsiyyətdə bəzi dəyişikliklər baş verə bilər. Lakin körpəlikdən uşaqlığa keçid dövründə insanın şəxsiyyəti tədricən aydınlaşmağa başlayır. Üç yaşına qədər nümayiş etdirilən davranışlar da həmin şəxsin yetkinlikdəki şəxsiyyətinə dair ipuclarını ehtiva edir.
Uşaqlıq yetkinliyin güzgüsüdür. London Psixiatriya İnstitutunun nəşr etdiyi bir araşdırmada, min dən çox 3 yaşlı uşağın "uyğunlaşan", "nəzarət olunan", "inamlı", və "utancaq" kimi xüsusiyyətləri müşahidə edilib. 1975-76-cı illərdə davranışları qiymətləndirilən yaşlı uşaqlar, 26 yaşlarında edilən qiymətləndirmələrlə müqayisə edildi. Müqayisə nəticəsində onlar arasında böyük oxşarlıqlar göründü. Yəni, aralarında elə də bir fərq olmadı.
Psixoloji problemlər də uşaqlıqla bağlıdır. Ona görə də hər hansı bir psixoloqa müraciət edəndə, o sizin uşaqlığınıza qayıdır. Tədqiqatçılar böyüklərdəki psixoloji problemlərin ilk əlamətlərinin uşaqlıqdan yarandığını iddia edirlər.
SİA məsələ ilə bağlı araşdırma apararaq psixoloq və ekspertlərin fikirlərini öyrənib:

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri, Azərbaycanın QHT sektorunun tanınmış təmsilçisi Gülayə Səfərova: “Düşünürəm ki, zamanla insan dəyişir. Onun özünəməxsus davranış formasını əks etdirən xarakteri həyat prosesində, düşdüyü mühitdə, təlim və tərbiyəsinin təsiri altında formalaşır. Bütün bunlarla bərabər insanın xarakteri onun dünyagörüşü və əqidəsi ilə də sıx bağlıdır. Eyni zamanda, bəzi insanları dəyişməyə sövq edən həyatda yaşadığı stresli vəziyyətlər, münaqişələr, uğursuzluqlar da səbəb olur. İnsan yaşa dolduqca onun ağlı təfəkkürü də inkişaf edir, doğru ilə yanlışı ayırd etməyə başlayır. Bu amillər də insanın dəyişməsinə səbəb olur. Onun təxəyyülünü inkişaf etdirir, mənlik şüurunu formalaşdırır. Yəni insanın bütün bu yaşadıqları əsas verir ki, deyək insan yeddisində necədirsə yetmişində elə deyil. Bu, mənim həyatda gördüklərimdən qənaətə gəldiyim fikirlərdir”.

Psixoloq Leyla Fətəli: “İnsan həqiqətən dəyişə bilər. Yetər ki, bunu insan özü görsün və istəsin. Bir insanı heç kim özü istəmədən dəyişə, onu başqa bir yola yönləndirə və dəyişə bilməz. Əgər bir insanın dəyişməyini çox istəyiriksə, ona normal şəkildə mənfi cəhətlərini deməliyik. Amma bunu onu incitmədən, qorxutmadan etmək lazımdır. Yanında olaraq onu olduğu kimi sevərək, "amma belə olsan daha yaxşı olardı" kimi davranmaq lazımdır.
"İnsan yeddisində nədirsə, yetmişində də odur" deyimi ilə razı deyiləm. Yaş irəlilədikcə təbii ki, xarakter dəyişir. İnsanın yeniyetməlik dövründəki xasiyyəti ilə indiki eyni deyil. Yaş artdıqca xarakter formalaşır. Əsas odur ki, insan ailədən və məktəbdən doğru korreksiya olunsun. Ən əsası da özü-özünü formalaşdırmağı, inkişaf etdirməyi bacarsın".
SİA məsələ ilə bağlı şəhər sakinlərinin fikirlərini də öyrənib:
Şəhər sakini Paşa Məmmədov: "Məncə, insan dəyişir. Ən azından bunu sevdiyi, dəyər verdiyi insanlar üçün edir və etmək istəyir. Söhbət insanda olan mənfi xüsusiyyətlərdən gedir. Bəzən deyirlər ki, xasiyyəti tünd adam dəyişmir, elə necədirsə həmişə elə qalır. Mən bu fikirlərlə razı deyiləm. Bu, həmin kişinin həyatında olan, onu dəyişdirmək gücünə malik olan insandan asılıdır. Əgər həyatınızda sizin mənfi xüsusiyyətlərinizi müsbətə doğru dəyişə biləcək biriləri varsa, siz yaxşı mənada dəyişəcəksiniz. Qarşılıqlı anlaşma yolu ilə hər şey mümkündür, sadəcə, istəyin".
Şəhər sakini Nicat Ələkbərov: "Məncə, bu sualın cavabı insandan və onun düşdüyü mühitdən asılıdır. İradəsi güclü olan insan düşüncə tərzini, xarakterini dəyişə bilər (və ya əksinə). Amma insanı bəzən gördükləri, yaşadıqları (özündən asılı olmayaraq) formalaşdırır, dəyişir. Qısası - düşünürəm ki, zamanın insanda dəyişdirmədiyi təkcə göz rəngi və qan qrupudur".
Şəhər sakini Mirkamal Kazımzadə: "Günü-gündən inkişaf edən dünyamızda hər şey dəyişir. Biz də bu dünyada yaşadığımız üçün uyum saxlamağa çalışırıq. Buna görə də dəyişməyə məcbur qalırıq. 7-sində nədirsə 70-də də odur ifadəsi isə bizim ana xüsusiyyətlərimizdən bəhs edir. Hər bir şəxsdə müəyyən xüsusiyyət var ki, onu istəsə belə dəyişə bilməz. Çünki insanları bir-birindən fərqləndirən özəlliklərdən biri də həmən o özünə xas olan xasiyyətləridir".
Şəhər sakini Ülkər Xəlilli: "Məncə insanlar dəyişmir. Bəli, insan yeddisində nədirsə yetmişində də odur. Yaşın dəxli yoxdur. Uşaqlıqdan necə böyüyürsə, necə davranırsa, böyüyəndə də elə olur, elə davranır. Xarakter elə formalaşır. Pisdirsə pis, yaxşıdırsa yaxşı olur. Heç kim dəyişmir. Dəyişirəm deyənlər belə bir müddət sonra yenə eyni insan olurlar".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB