"Biz hamımız çay və qəhvə içməyi sevirik. Çünki çay və qəhvə ən gözəl söhbətlərə yoldaşlıq edir, günün yorğunluğunu çıxarır, ürəyimizi isidir. Ancaq bütün yaxşı şeylərdə olduğu kimi çay və qəhvənin də sağlamlıq üçün təhlükəsi var". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ceyhunə Yusifova deyib.
Onun sözlərinə görə, qəhvə məlum faydaları ilə yanaşı, asılılıq yaradan və müəyyən zərərləri olan bir içkidir: "Buna görə də qəhvə bəzi insanlar tərəfindən ehtiyatla istehlak edilməlidir. Qəhvənin həddindən artıq istehlakı ürək ritminə zərərli təsir göstərir. Qəhvənin tərkibindəki kofein səbəbiylə ürək ritmindəki pozuntular baş verir. Qəhvə ürək döyüntüsünə səbəb ola bilər. Ürək xəstələri qəhvə istehlakını məhdudlaşdırmalıdır".
Ceyhunə Yusifova sözlərinə belə davam edib: "Təcrübələr göstərib ki, qəhvənin həddindən artıq istehlakı qan təzyiqinin artmasına səbəb olur və təzyiqi artırır. Qəhvə xora, qastrit kimi xəstəliklərə səbəb olmasa da, bu xəstəlikləri olan insanlarda xəstəliyin irəliləməsinə və pisləşməsinə səbəb olur. Çünki mədə qəhvədən aldığı stimulla turşu ifraz edir".
Migren və qəhvə çox yaxşı birləşmir. Qəhvənin tərkibindəki komponentlər beyin hüceyrələrinə təsir edir və buna görə də miqren ağrıları yarana və ya arta bilər. Qəhvədəki kofein orqanizmdə dəmiri saxlamağa imkan vermir və kalsiumun sidiklə bədəndən xaric olmasına səbəb olur. Bütün bunlar osteoporoz riskini artırır.
Qəhvənin tərkibindəki kofein səbəbiylə gündə 3 fincandan çox qəhvə qəbul edən qadınların məhsuldarlıq nisbəti azalır. Kofein yumurtlama prosesinə mənfi şəkildə təsir edir. Hamilə qadınlar qəhvə istehlakını məhdudlaşdırmalıdırlar.
Çayın səbəb olduğu ümumi xəstəliklər:
- ürək döyüntüsü
- sinə anginası
- sinir pozğunluğu
- baş ağrısı
- ürəkbulanma
- əl titrəməsi
-yuxusuzluq
Daha az çay içməli olan insanlar:
-artıq çəki, böyrəklərində qum və ya daş olanlar
- uremiya və ya albuminuriyası olanlar
- yüksək qan təzyiqi olan xəstələr
- əsəb, ürək, mədə və qaraciyər xəstələri, revmatizm şikayətləri olanlar
Gündə 2-4 stəkan çay faydalıdır, amma çoxu zərərlidir. 1-2 stəkan çay içməyin heç bir zərəri yoxdur. Çayın yeganə müəyyən edilmiş zərəri qidadan aldığımız dəmirin miqdarını azaltmasıdır. Bəzi ekspertlər bildirirlər ki, çay xüsusilə yeməkdən dərhal sonra içmək orqanizmdə dəmirin miqdarını azaldır. Xüsusilə, vegetarianlara tərkibində dəmir olan qidaları qəbul etdikdən dərhal sonra çay içmək tövsiyə edilmir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə