Yalnız peşəkar mətbuat bu işin öhdəsindən gələ bilər - BAŞ REDAKTOR MÖVQE BİLDİRDİ

“Hesab edirəm ki, effektiv ictimai nəzarət mexanizmi yaratmaqla ölkədə açıq cəmiyyət quruculuğuna töhfə verə bilərik. Bu prosesdə medianın və qeyri-hökumət təşkilatlarının iştirakı vacibdir. Ələxüsus media ictimai nəzarət funksiyasını çevikliklə təmin etməli, öz məsuliyyətinin fərqində olmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Jurnalist qeyd edib ki, medianın prosesdə aktiv iştirakı ölkədə demokratik təsisatların oturuşmasını və inkişafını təmin edəcək, vətəndaş cəmiyyəti quruculuğunu gücləndirəcək: “Bunun üçün peşəkar yanaşma tələb olunur. Media tərəfsizliyini qorumalı, oliqarxların və siyasi güc mərkəzlərinin ruporu kimi çıxış etməməlidir. Yalnız peşəkar mətbuat bu işin öhdəsindən gələ bilər”.

Baş redaktor deyib ki, Azərbaycanda bəzi informasiya mənbələri medianın üzünə bağlıdır. Bu isə operativ ictimai nəzarət mexanizmi yaratmağı çətinləşdirir: “Effektiv ictimai nəzarət mexanizmi hamıdan çox məmurların özlərinə lazımdır. Buna görə də məmurlar özləri də bu işdə maraqlı olmalı, mətbuatla əməkdaşlıqdan yayınmamalıdırlar”.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə