Cəmiyyətdə əlillərə münasibət necədir? - SORĞU

1992-ci il oktyabrın 14-də Əlillər Onilliyinin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyasli tədbirlərin əsası Ümummillli Lider Heydər Əliyev tərəfindən qoyulub. Bəs, cəmiyyət arasında əlillərə münasibət necədir? İnsanların mövqeyini öyrənmək məqsədilə paytaxt sakinləri arasında sorğu keçirdik. Sorğunu sizə təqdim edirik:

Paytaxt sakini Vüsal Məmmədov: “Hər yerdə yaxşı da, pis də var. Mən cəmiyyətdə əlillərə qarşı müsbət davrananların, kömək etməyə çalışanların daha çox olduğunu düşünürəm. Düşünmürəm ki, bizim cəmiyyətdə əlilləri aşağılayan, lağa qoyanlar olsun. Əksinə mənim ətrafdan müşahidəm və yaxınlarımdan gördüyüm qədəri ilə kömək edənlərin sayı çoxdur. Kömək edirik və etməliyik də. Heç cür onların fərqliliklərini onlara bildirməməliyik. Onlar da cəmiyyətin bir üzvüdür. Onların da bizim kimi yaşamaq, həyatın hər bir zövqündən dadmaq hüququ var”.

Paytaxt sakini Hikmət Kərimov: “Mən özüm əlil olmasam da, nitq qüsurluyam (kəkələmə). Bəziləri buna görə lağ edir, bəziləri normal baxır. Bəziləri isə yazıq kimi hesab edir. Amma ilk növbədə cəmiyyət yox, dövlət əlillərə yanaşmalıdır. Məsələn yollarda və s. əlillər üçün keçidlər qoyulubsa da, bəzi yerlərdə artıq vəziyyət stoplanır. Yəni eniş-qalxış məhdudlaşır. Məsələn hər əlilin qolunda gücü yoxdur ki, ekskolatora minib-düşə bilsin. Bu bəlkə də qəribə gələcək amma məncə, onlar üçün lift formasında nələrsə olsun”.

Paytaxt sakini Fərid Cəfərov: “Cəmiyyətdən tutmuş, dövlət orqanlarına qədər hamı fiziki qüsurlu insanların yanında olmaq, onlara kömək etmək istəyir. Biz çalışırıq ki, onların problemi olmasın. Bunun üçün də cəmiyyət olaraq əlimizdən gələni edirik”.

Paytaxt sakini Tofiq Mehdiyev: “Əlillərin haqları, hüquqları ölkəmiz və cəmiyyətimiz tərəfindən qorunur. Şəxsən mən belə şeyllərdə həssasam. Əgər kimsə yanımda onları aşağılayacaq, qürurunu incidəcək bir şey etməyə çalışsa, qətiyyən, buna icazə verməz və ona qarşı əlili müdafiə edərəm. Mənim yanımda heç kim əlillə qarşı hörmətsizlik edə bilməz. Düşünürəm ki, cəmiyyətimizin böyük əksəriyyəti də mənim kimi düşünür”.

Paytaxt sakini Novruz Qurbanov: “Mən rayonda yaşayıram və düşünürəm ki, rayonda əlillərə qarşı münasibət şəhərdəki ilə müqayisədə daha yaxşıdır. Fərq etməz bu əlil müharibə əlili olsun və ya hansısa digər bir səbəbdən əlil olmuş olsun”.

Paytaxt sakini Zəminə Hümbətzadə: “Allah hər kəsi bir cür yaradır. Əlilliyi olan şəxsə qarşı lağlağı münasibət bəsləmək doğru deyil. Uşaqlara xüsusilə bunu öyrətmək lazımdır. Məktəblərdə nitqində qüsuru olan uşaqlara lağ edirlər, onları incidirlər. Mən oğlumu bağçaya qoyanda demişdim ki, əlillərə qarşı lağlağı davranış etmək olmaz. Əksinə bu tip insanlara xüsusi diqqət göstərmək lazımdır”.

Paytaxt sakini Aydın Kərimov: “Əlilliyi olan insanlara dövlət öz qayğısını artırmalıdır. Cəmiyyət mənim bu fikrimi təsdiqləyər. İnsanlarımız belə əlillərə qarşı diqqətcil, hörmətcil yanaşır".

Paytaxt sakini Şəlalə Rzayeva: “Əlillərə qarşı cəmiyyətdə lağlağı münasibət bəsləndiyini düşünmürəm. Kim də lağ edirsə anlamalıdır ki, sabah kimin başına nə gələcək bilmək olmaz. Eyni zamanda Vətən müharibəsində iştirak edən və qazi olub əlil olan igidlərimiz var. Onlardan biri də mənim bacım oğludur. Başa düşə bilirəm ki, onların bu vəziyyəti onların anaları üçün ağırdır. Əlil olmaq bahasına, ölmək bahasına Vətən üçün mübarizə aparan bütün igidlərimizə minnətdarlığımı bildiririk”.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə