İdeal evlilik yaşına CƏMİYYƏTİN BAXIŞI NECƏDİR? - SORĞU

Evlilik insan həyatının ən çətin, məsuliyyətli qərar vermə anlarından biridir. Bu qərarın verilməsində aparıcı rol oynayan amillərdən biri də qərar verən şəxsin yaşıdır. Dünyanın əksər ölkələrində evlilik yaşı anlayışı 18 kimi qəbul edilir. Yəni bu yaşda olan istənilən şəxs evlənmək barədə müvafiq dövlət qurumlarına müraciət edə bilər. Amma bu, hələ o demək deyil ki, 18 yaşlı gənc evlilik kimi məsuliyyətli yükün altına girə bilər. Bəs görəsən insanlar bu mövzuda nələri düşünür? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Elgün Rəhimov: "Təbii ki, hər bir insan müəyyən yaşa gəldikdən sonra evlənməlidir. Yəni insanların bu dünyada tək yaşaması bəzi tərəflərdən yaxşı deyil. Fikrimcə, ideal evlilik yaşı xanım üçün 25, kişi üçün isə 27-30 arası olmalıdır. Çünki, bu yaş aralığında insan olğun düşünür və nisbətən doğru seçimlər edir".

Şəhər sakini Züleyxa Əliyeva: "Bu evlilik məsələsinin yaşla əlaqəsi böyükdü. Çünki, boşanmaların böyük səbəbi məhz insanların aşağı yaşlarda səhv seçim etdiklərindən qaynaqlanır. Gənc xanım və bəylər 19-22 yaşında ciddi bir həyata laqeyd yanaşırlar və sonu da boşanmalara gətirib çıxarır. İnsanların düşüncəsi və fikirləri hər il dəyişir və insanlar bəzən bunun fərqinə varmırlar. Evlilik yaşı məncə, 25-dən sonrakı dövrdür ki, bu yaşda insanlar daha dəqiq qərarlar verir".

Şəhər sakini Rüstəm Quliyev: "Hər bir insanın düşüncəsi fərqlidi, ancaq bu düşüncələr əsasında həyatlar qurulur və insanlar yeni bir həyata addım atırlar. Bu elə bir məsələdir ki, onu oyuncaq hesab etmək olmaz, evləndik sonra hə alınmadı boşandıq. Xeyr, bu belə bir şey deyil. Ailə qurmaq asan bir iş deyil, lakin ailənin dağılması an söhbətidir. Bu ailə elə qurulmalıdır ki, cütlüklər 3-5 günlük yox bir ömür birlikdə olsunlar və bir-birinə dəstək olsunlar. Ona görə də, bu haqda 26 yaşından sonra qərarlar vermək daha doğru olar".

Şəhər sakini Leyla Rzayeva: "Bu yaş məsələsi çox qəliz bir məsələdir. Çünki, elə evliliklər var ki, həmin insan 20 yaşında da olsa öz ailəsini qurur və çox gözəl də yaşayır. Ancaq çox vaxt da bu olmur, xüsusən də gənc yaşında ailə həyatı qurmuş insanların ailələri tez dağılır. Ona görə də düşünürəm ki, insan 25 yaşından sonra ailə həyatı qursun, nə də olsa o yaşdan sonra insan biraz fərqli yöndə düşünür və olğun olur".

Şəhər sakini Samir Quliyev: "Məncə, minimal evlilik yaşı 25 olaraq götürülməlidir. Bu hər iki cins üçün keçərlidir. Çünki, insan həmin yaşlarda olğun, yetkin olur. İnsan ömrü 4 hissəyə bölünür və insan bu ömrün 4/1-ni özünə ayırmalıdır. Bu hissə də 25 yaş olaraq hesablanır. Ona görə də insanlar bu 25 yaşı özlərinə ayırmalıdırlar".

Şəhər sakini Ləman Rzayeva: "Düşünürəm ki, ideal evlilik yaşı 24 olmalıdır. Çünki, bu yaş normal olaraq nə gec sayılır nə də tez sayılır. İnsanlar bu yaşda nə çox olğun olurlar, nə də çox uşaq kimi olurlar. Ona görə də bu yaşda evlənmək daha yaxşı olar ki, gənclərin əyləncəli və enerjili olduğu vaxt məhz 24 yaşına düşür".

Şəhər sakini Azad Nəsirov: "Hesab edirəm ki, evlilik üçün bir vaxt məhfumu yoxdur. İnsanlar nə vaxt özlərini evliliyə hazır hiss etsələr, o vaxt da evlənməlidirlər. Ancaq təxmini yaş etibarı ilə bəlkə də 25-28 yaş aralığında olan evliliklər daha yaxşı olar. Bu məsələdə qərarlar insanların təcrübələrinə və əldə etdikləri biliklərdən asılıdır".

Şəhər sakini Nailə Nəbiyeva: "Mənə elə gəlir ki, ümumiyyətlə kişi və qadın üçün evlilik 25 yaşından sonra olmalıdır. Çünki, ilk öncə insan öz təhsilini və karyerasını düşünməlidir. Xüsusilə də tez evlənən qızlarımız təbii ki, tez ana olurlar, bu da onların təhsilini davam etdirməsinə maneçilik törədir. Ona görə də əsasən də xanımlar üçün ideal evlilik yaşı 25 və 25-dən sonradır".

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə