Qadınlar kim üçün bəzənir? - YENİ FAKTLAR - ARAŞDIRMA

İngiltərədə aparılan araşdırma nəticəsində qadınların kişilərdən çox başqa qadınları təsirləndirmək üçün geyindiyi üzə çıxıb. Sorğuda iştirak edən 2000 qadının üçdə ikisi həmyaşıdlarından iltifat almaq üçün gözəl görünməyə çalışdıqlarını bildirib.

Bir dəriyə qulluq şirkətinin sifarişi ilə keçirilən sorğunun nəticələrinə görə, 18-30 yaş arası hər on qadından altısının gecəyə hazırlaşmaq üçün paltar seçərkən ağlında sevgililəri deyil, rəfiqələri var.

Qadınların üçdə ikisi kişilərin "gözəl görünürəm" deməsinin standart nümunə olduğuna inanır və bunu düşünmədən deyir. Qadınların 48 faizi əcnəbi qadından kompliment almağa üstünlük verəcəyini bildirsə də, yarısından çoxu heç vaxt sadəcə bir kişini heyran etmək üçün geyinmədiklərini, 22 faizi isə kişinin fikrinin onlar üçün az əhəmiyyət kəsb etdiyini bildirib.

Hər üç qadından ikisi dedi ki, rəfiqələri saçlarını və ya makiyajlarını dəyişdirərkən tərəfdaşlarından daha çox şərh verirlər. Amma bu iltifatlara baxmayaraq, qadınların dörddə biri bayıra çıxanda rəfiqələri ilə rəqabət apardıqlarını düşünür. Dörddə biri də etiraf edir ki, onlar kimi yaxşı görünmək üçün daim dostlarının üslubunu təqlid edirlər.

Qadınların öz bədənlərini qəbul etmə tərzi kişilərdən fərqlidir. Qadınlar başqası tərəfindən necə göründüklərinə çox əhəmiyyət verirlər. Məsələn, bir qadın kiminsə üzərində paltar görüb çox bəyəndiyi zaman eyni olmasa da, ona bənzər bir şey almaq istəyir. Bu, qadınlar arasında rəqabəti artırır. Bir insanın bir şey xoşuna gəlirsə, onu alır. Onun üçün başqa dostu olub-olmamasının fərqi yoxdur, bunu sorğu-sual etmir. Sosial mühitlərə baxdığımızda, peşəsindən asılı olmayaraq, qadınlar həmişə kimin nə geyindiyi barədə beş dəqiqə danışırlar. Bütün bu narahatlıqlara görə, qadın evdə geyinib hazırlaşarkən, həmkarlarının onlar haqqında nə düşünəcəyini və onun haqqında nə danışılacağını düşünür. Bir sözlə, qadınlar başqasının onları necə qəbul etdiyi ilə maraqlanır. Hər qadın üçün keçərli olmaya bilər, amma qadınlar arasında rəqabət hissi ümumiyyətlə çox yüksəkdir.

Kişilər arasında rəqabət olduğu kimi qadınlar da bu sahədə yarışır. Qadınlar geyinərkən kişilərin diqqətini cəlb etmək və həmyaşıdlarına “mən səndən daha cəlbediciyəm, mən daha gözələm” demək və bu mesajı çatdırmaq üçün geyinirlər. Bəzi mədəniyyətlərdə, xüsusən də İngiltərədə qızlar qızlar, oğlanlar isə oğlanlar üçün məktəbə gedir və bu mədəniyyəti orada alırlar. İnsanlar ilk növbədə özləri üçün geyinirlər. Başqası üçün geyinmək mütləq ikinci plandadır. Məsələn, mən əvvəlcə özüm üçün geyinib seçim edirəm. Geyinərkən üstünlük verdiyim geyimlər də buna uyğundur. İnsanların öz kriteriyaları var. Məsələn, mənim bəyəndiyim çəkim, bəyəndiyim geyim tərzim və saç düzümüm var. Seçimlərimi buna uyğun edirəm. Sonra ikinci və ya üçüncü adamlar haqqında düşünə bilərsən, hamının bəyənməsini istəyirsən, amma dediyim kimi, birinci özüm. Ümumiyyətlə bu cür davranan qadınlara baxdığımızda sevgilisi olmayan, yalnız qadın dostları olan və hər zaman onlarla vaxt keçirən tiplərdir.

Qadınların yalnız kişiləri düşünərək və ya qadınları düşünərək geyindiyini söyləmək səhv olar. İlk növbədə özlərini yaxşı hiss etmək, güzgüyə baxanda gözəl görünmək, xoşbəxt olmaq üçün geyinirlər. Bunun səbəbi bəzən diqqət çəkmək istəmələridir, bəzən hətta normal dostları ilə vaxt keçirərkən belə, özlərini yaxşı hiss etmək üçün gözəl geyinməyə əhəmiyyət verirlər. Təbii ki, diqqət çəkmək də bunun bir hissəsi ola bilər, amma dediyim kimi, prioritet özünü yaxşı hiss etməkdir.

Mən şəxsən düşünmürəm ki, qadınlar sırf kişilərə gözəl görünmək üçün geyinirlər. Qadınlar ilk növbədə özləri üçün geyinirlər. Özünə hörmətdən, sevgidən ehtiyatlı geyinə bilərlər və bu təbiidir. Məncə bunu öz həmkarlarına qarşı bir şey kimi qəbul etmək düzgün deyil. Onların özlərinə hörmətindən, daha yaxşı hiss etmələrindən, prioritet qadının özüdür. Amma təbii ki, onların həmkarları ilə yarışı düşündükdə bu məsələnin ümumiyyətlə olmadığını deyə bilmərik. Zaman-zaman digər qadınlarla rəqabət aparırlar, bu, vazkeçilməzdir, ona görə də təbiətin qanunu budur.

SİA məsələ ilə bağlı araşdırma apararaq psixoloq və stil üzrə məsləhətçilərin fikirlərini öyrənib. Görək həqiqətən də xanımlar özləri yoxsa əks cins üçün bəzənir?

Psixoloq Zeynəb Eyyubova: “Belə bir deyim var ki, “qadınlar əslində qadınlar üçün bəzənir”. Amma zahirdə isə kişilər üçün bəzəndiyini deyirlər. Hər qadının müxtəlif səbəbi ola bilər. Qadın var ki, həqiqətən özü üçün, özgüvənli olması üçün bəzənir. Bəzi qadınlar var ki, işləri üçün, sevdiyi şəxs üçün bəzənir. Yəni, hər qadının özünə aid yaşam səbəbi və stimulu var ki, bu da qadından qadına fərqlənir.

Bir neçə gözəllik agentlikləri və yaxud kosmetik şirkətlər testlər keçiriblər. Bu testlər nəticəsində məlum olub ki, qadınlar yanlarındakı bəylər üçün deyil, qadınlar üçün bəzənirlər. Yəni, bunu qadınların onları daha yaxşı görməsi üçün edirlər. Bunun da alt planında o dayanır ki, qadınlar həmişə mübarizə və müqayisə ruhunda olurlar”.

Stil məsləhətçisi, geyim psixoloqu Rena Əliyeva isə fikirlərini bu cür ifadə edib: "Bu çox mübahisəyə açıq bir mövzudur. Düşünürəm ki, hər üç tip qadın mövcuddur:

1.Özü üçün geyinən

2.Digər qadınlar üçün geyinən

3.Kişilər üçün geyinən

Bu artıq xarakter və yaşam tərzi məsələsidir. Təbii ki, burada gördüyü iş, ətraf-mühit və xarakter böyük rol oynayır. Adətən özü üçün geyinən qadınlar ən sağlam özgüvənli və uğurlu qadınlar olur. Digər qadınlar üçün geyinənlər isə ya tamamilə qadına aid bir işlə məşğul olan insanlardır, ya da rəqabət hissi çox güclü olan qadınlardır. Kişilər üçün də geyinən qadınlar dişi və qadınlıq enerjiləri yüksək şəxslərdir.

Geyim psixoloqu kimi onu deyə bilərəm ki, ən sağlam nəticələri bir qadının özü üçün geyinməyi verir. Başqa bir kişi üçün geyindikdə bir müddət sonra qadın artıq özünü əksik hiss edir. Çünki, yanlız kişinin zövqünə uyğun olmağa çalışır və özündən, öz var oluşundan uzaqlaşır. Digər qadınlar üçün geyindikdə isə bəhsə-bəhs hissi baş qaldırır. Yəni, “o alıb mən də alım” məsələsi olur.

Özü üçün bəzənən qadınlarda isə zaman keçdikcə, yaş artdıqca özünə olan hörməti və dəyəri itməmiş olur. Bəzi xanımlar ki, görürük həqiqətən kənardan baxdıqda zövqsüz kimi görünsə də bu qadınlar özləri üçün geyinən qadınlardır. Hər bir insan öz zövqü və istəkləri doğrultusunda geyindiyi zaman özünü daha xoşbəxt hiss edəcək”.

SİA araşdırma mövzusu ilə bağlı şəhər sakinlərinin də fikirlərini öyrənib:

Şəhər sakini Zərintac Mayisqızı: “Məncə, cavab qadına görə dəyişir. Yəni, bir çox xanımlar sadəcə həyat yoldaşlarına görə bəzənir. Onu maraqlandıran həyat yoldaşına gözəl görünməkdir. Lakin, digərləri isə özü üçün, bəzənməyi sevdiyi üçün və istədiyi kimi bəzənir. Belə bir kateqoriya da var: Ümumiyyətlə cəmiyyətdə gözəl görünmək üçün, yəni, işdə, gəzməyə gedəndə və s. bəzənir.

Sonda, bunları qeyd etmək istərdim ki, xanımlar özləri necə istəyirlərsə, elə də etsinlər yəni istəsələr bəzənərlər, istəməsələr də yox. Bu insan xarakterinə görə dəyişir. Baxımlı olmağı isə ümumiyyətlə hər bir xanıma məsləhət görürəm. Çünki gözəl olmayan qadın yoxdu özünə lazımi qədər diqqət göstərməyən xanım var.

Şəxsi fikrimi də qeyd edim ki, xanımlar kiməsə gözəl görünmək üçün yox özləri üçün, özlərini necə görmək istəyirlərsə elə də bəzəsinlər. Yəni, qadınlar seçim etməkdə azaddır”.

Şəhər sakini Fatimə Əzizli: “Qadınlar xoşbəxt olmaq üçün, özləri üçün bəzənirlər. Mən hər zaman deyirəm ki, bəzənirəm və özümü sevgi dolu hiss edirəm. Güzgüdəki əksim mənə göz qırpır. İnsanlara, ətrafa görə hazırlaşmıram özgüvənimi yeniləmək, geyinmək, xoş ətir istifadə etmək zövq verir. Qadınlar qarşı cinsə deyil, öz həmcinslərindən üstün olmaq üçün şarmlı olmağa üstünlük verirlər”.

Şəhər sakini Aysun Əliyeva: “Bəzənmək qadınların təbiətində var. Kosmetika, zinət əşyaları, gözəl geyimlər məhz qadınlar üçün yaradılıb. Ona görə də bunlardan istifadə edən qadınları kim üçünsə edib deyərək qınamaq ağılsızlıqdı. Qadın gözəl geyindikdə, gözəl makyaj etdikdə özünü daha gümrah hiss edir. Elə buna görə də bəzənirlər. Bəzənirlər ki, güzgüdə ideal, özgüvənli qadın görsünlər. Baxımsız, bəzək-düzəksiz qadının solmuş güldən fərqi yoxdur”.

Şəhər sakini Gülnar Əliyeva: “İstər qadın, istərsə də kişi fərqi yoxdur. İnsan özü üçün, öz təmizliyi üçün baxımlı və gözəl olmalıdır. Lakin, hər qadın fərqlidir. Kimi əri, kimi sevgilisi üçün bəzənir. Bəzənmək dedikdə yanlız makiyaj nəzərdə tutulmur. Buraya həm də dırnaq, saç, üz və bədən baxımı da daxildir”.

Şəhər sakini Ülkər Xəlilli: “Qadınlar məncə özləri üçün bəzənir. Kimin üçünsə bəzəndiklərini düşünmürəm. Bəzənərkən özlərini xoşbəxt, güclü və daha gözəl hiss edirlər. Çünki insan özü-özünə xoş görünürsə, qırağdakı heç bir insanın fikri, görüşü, düşüncəsi onun üçün önəmli deyil”.

Şəhər sakini Röya Zeynalova: "Əks tərəflər qadınların onlar üçün bəzəndiyini düşünsə də qadınlar əslində özləri üçün bəzənərlər. Bu sırf qadınların özlərini motivasiya etmək üsuludur. Olduğu mühitdə gözəl olmaq qadınlar üçün özgüvən yaradır. Bu heç kimdən asılı bir hal deyil".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə