Amnistiya Aktının icrasına PAYTAXT SAKİNLƏRİNİN BAXIŞI - SORĞU

Azərbaycan tarixinin indiyə qədər ən böyük Aministiya Aktına yaxın günlərdə imza atılıb. Bu Aministiya Aktı 15 min məhkumu əhatə edəcək. Bu aktın imzalanması özlüyündə dövlətin xalqa olan qayğısının bir başqa nümunəsidir. Bəs, atılan bu böyük hümanist addım barədə paytaxt sakinləri nə düşünür? SİA məsələ ilə əlaqədar olaraq paytaxt sakinləri arasında keçirdiyi sorğunu təqdim edir:

Paytaxt sakini Ramiz Əsədov: “Bu qərar çox xoş bir qərardır. Mən həmişə istəmişəm ki, insanlar məhkum olmasınlar. Azad və firavan yaşasınlar. Xəta edib cinayət işlədənlər gərək, bundan sonra düşünsünlər ki, heç nəyə görə özünü azadlıqdan məhrum etməyə dəyməz”.

Paytaxt sakini Musa Kazımov: “Çox gözəl qərardı. Neçə gözüyaşlı ana bundan sonra, bəlkə də, sevinc gözyaşı tökəcək. Allah bir anlıq nəfsinə uduzan məhkumların qapılarını açsın! Və bir daha yolları həbsxanaya düşməsin".

Paytaxt sakini Ziyatxan Camalov: “Çox gözəl qərardır. Allah Prezidentimizin canını sağ etsin. 16 min məhkumun hamısı azadlığa çıxarıldıqları üçün cənab Prezidentə minnətdar olacaqlar. Allah ondan razı olsun".

Paytaxt sakini Fərid Qasımlı: “Əfv olunacaq məhkumlar yəqin ki, peşmandırlar. Məhkumdan məkuma da fərq var. Adam var qeyrət üstündə tutulub. Adam da var ki, narkotik üstündə tutulub. Kiminsə balasını zəhərləyib. Belələrinin azad olunmasına razı deyiləm. Narkotikə yox deyirəm. Amma kimsə başqa bir əməl üstündə bir anlıq şeytana uyubsa, onların peşman olduqlarını düşünürəm. Bu baxımdan bu qərarı müsbət hesab edirəm".

Paytaxt sakini Aidə Mirzəyeva: “Yaxşı məhkumları azadlığa buraxsınlar. Onların əvəzinə narkomanları, narko-tacirləri içəri aparsınlar. Bezmişik narkomanların əlindən. O ki qaldı bir anlıq qəflət ucbatından içəriyə düşənlərə, onların islah olacaqlarına inamım var".

Paytaxt sakini Rufan Həmidov: “Baxır nəyin üstündə tutulan məhkumlar azadlığa buraxılacaq. Əgər qadına qarşı şiddət törədibsə, bu adam onun bir günü də qalsa, buraxmasınlar. Amma hər hansı bir oğruluq və ya xırda bir şey üstündə bir adam həbs olunubsa, onun azadlığa buraxılmasında bir problem yoxdur”.

Paytaxt sakini Nuridə Sultanova: “Mən bu barədə düşünürəm ki, dövlət ölçüb-biçib bu qərarı verib. Deməli, bu qərarın bir faydası olacaq. Azadlığa buraxılanlar, yəqin ki, yenidən normal şəkildə cəmiyyətə adaptasiya olacaq”.

Paytaxt sakini Süleyman Ziyəddinov: “Düşünürəm, bu qərar faydalı olacaq. Azadlığa buraxılacaq məhkumlar öz xətalarından dərs alacaq və bir daha hansısa cinayət əməlinə yaxın durmayacaq”.

Paytaxt sakini Səlimə Rzayeva: “Düzdür, hansısa cinayət əməlinə görə şəxs qanun qarşısında cavab verməli və cəzasını çəkməlidir. Amma bəzən elə olur ki, çox yaxşı insan bir anlığa gözlənilmədən xəta törədir. Belə insanlara ikinci bir şans vermək mümkündür. Buna görə də, bu qərarın faydalı olacağını düşünürəm".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə