Kimlər məsuliyyətsiz və səhlənkar adlanır? - DİQQƏT! - SOSİOLOQ VƏ PSİXOLOQ İZAH ETDİ

"Məsuliyyətsiz və səhlənkar insan baxır hansı səbəblərdən bunu edir. İnsan var ki, elə xarakteri bu cürdür. Amma insan da var ki, rejimli işdən bezərək belə davranır. Tamamilə fərdi bir xarakterdir, xüsusiyyətdir, hamıya şamil etmək olmaz". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.

Onun sözlərinə görə, məsuliyyət insan üçün çox yaxşı keyfiyyətdir: "Bu, sizin həmişə yaxşı yadda qalmağınıza səbəb olur. Kiməsə nəysə söz verirsənsə, tutalım, işini vaxtında yerinə yetirirsənsə, bütün vəzifələrinin öhdəsindən vaxtında gəlirsənsə bu məsuliyyətdir".

"Məsuliyyət ümumiyyətlə, həm özünə, həm qarşıdakına, həm işinə hörmət deməkdir. Səhlənkar insan üçün hər şeyin təxirə salınması normaldır. Amma nəyisə təxirə salmaq, nəyisə vaxtında etməmək, günü-günə satmaq, bugünün işini sabaha qoymaq normal insan davranışı kimi qəbul edilməməlidir və edilmir. Hər işi vaxtında görmək lazımdır. Məsəl var ki, "dəmiri isti-isti döyərlər", "bugünün işini sabaha qoyma". Belə misallar boşuna deyilməyib. Hər işi vaxtında görmək lazımdır. Məsuliyyət kimi vacib xarakter və alışqanlıqlar hər insanda olmalıdır".

Psixoloq Vüsalə Əmiraslanova isə problemi psxioloji cəhətdən izah edib: "Ümumiyyətlə, səhlənkarlıq və məsuliyytəsizlik insanın xarakteridir. Bu, çox vaxt genetik olur. Yəni, valideynlərin hansındasa və yaxud da yaxın qohumlardan kimdəsə varsa bu həmin insanın xarakterinə təsir göstərir. Amma biz bilirik ki, hər bir insan özündə mənfi xüsusiyyətləri görüb onu düzəldə bilər. Bunu psixoloqlar da təsdiqləyir. Bunu bilən insan da öz üzərində mütləq işləməlidir. Əgər insan özü-özünü tərbiyələndirə bilmirsə, mütləq mütəxəssisdən dəstək almalıdır".

"Səhlənkarlıq və məsuliyyətsizlik daha çox iradəsiz insanlarda olur. İnsanda iradəsizlik varsa, o mütləq məsuliyyətsizlik edir. Disiplinsiz həyat, düzgün qurulmamış, planlaşdırılmamış işlər insanda səhlənkarlığa səbəb ola bilir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə