Ailədə büdcə kimin əlində olmalıdır? - SORĞU

Son illərdə ölkədə işləyən qadınların sayında artım müşahidə edilir. Artıq kişilərlə bərabər, qadınların da ailə büdcəsinin formalaşmasında öz payı var. Lakin bu məsələdə fikirlər haçalanır. Belə ki, qadının pulunun büdcəyə aid olmadığını düşünən kişilər kifayət qədərdir. Bir çox insanların ən çox yadında qalan xərcləri kommunal ödənişlərdir. Əsas problemlər də məhz buradan qaynaqlanır.

Büdcənizə zərər gətirən yerlərdən biri də supermarketlərdir. Yadınıza salın, ay ərzində çörək üçün baş vurduğunuz supermarketdən neçə dəfə əlidolu paketlərlə çıxmısınız? Evə gəldikdən sonra baxırsınız ki, əslində, aldığınız məhsulların bir neçəsi çox da lazımlı deyilmiş. Əgər xərclərinizi izləməyi öyrənməsəniz bu hallar tez-tez baş verəcək. Ailə büdcəsinə ciddi nəzarət ailənin iqtisadiyyatına yaxşı təsir etmiş olur. Bəs görəsən bunun üçün ailədə büdcə kimdə olmalıdır? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Əfqan Nəsirli: “Mən bir ailə başçısı olaraq xanımıma da hörmətlə yanaşdığım üçün ailəmizdə bunu ikimiz də tənzimləyirik. Məncə, əgər o ailədə səadət, sevgi varsa, deməli, bunun bir fərqi yoxdur. Kim büdcəni daha yaxşı idarə etməyi bacarırsa, o da edir. Şərt o deyil ki, ailə büdcəsi mütləq kişidə olmalıdır. Əgər kişi gəlirləri və çıxarları düzgün idarə edə bilmirsə, xanımından dəstək almalıdır ki, onların ailələrindəki maddi vəziyyət qaydasında olsun”.

Şəhər sakini Tapdıq Əhmədov: “Fikrimcə, ailə büdcəsi kişidə olmalıdır. Çünki evin böyüyü kişidir, evi idarə etmək də onun boynunun borcudur. Kişi evi elə idarə etməlidir ki, qadının bunları fikirləşməsinə ehtiyac qalmamalıdır. Ailənin daxilində baş verən maddi və mənəvi problemləri kişi həll etməlidir. Alış-veriş, kommunal xərcləri və bu kimi maddi ehtiyacları qarşılamaq ailədə ən çox kişinin üzərinə düən vəzifədir. Ola bilər ki, bəzən qadınlar bunu daha yaxşı bacarsın. Ancaq mən ümumi olaraq deyə bilərəm ki, Azərbaycan ailələrində ən çox ailə büdcəsi kişinin əlində olur.

Şəhər sakini Əbdülxalid Fətullayev: “Ailə büdcəsinin düzgün idarə edilməsi hələ də ən aktual məsələlərdəndir. Həyat göstərir ki, bəzi insanlar orta gəlir ilə ailənin maddi ehtiyaclarını daha yaxşı idarə etdiyi və maddi cəhətdən xoşbəxt həyat yaşasa da, dəfələrlə çox gəlirləri olan insanlar maddi ehtiyaclarını yaxşı ödəyə bilmir, daima borc bataqlığında batırlar. Bu məsələ ailə büdcəsini kişi və ya qadının idarə etməsi ilə əlaqədar deyil. Bu, çox ciddi məsələdir, gender ayrıseçkiliyi etmək düzgün olmaz. Əgər qadın evin xərclərini və gəlirlərini yaxşı bilirsə, onun idarə etməsi yaxşı olar. Yox əgər kişi yaxşı bilirsə, bunu kişi etsin. Yəni qanun qoyulmayıb ki, bunu ancaq kişi bacarmalıdır. Kişi qazancı gətirirsə, bunu haradasa qadın da idarə edə bilər”.

Şəhər sakini Gülüstan Babayeva: “Mən özüm pensionerəm, yoldaşım da mənim kimi pensiya alır. Bizə gələn dövlətdən verilən pensiyanı yoldaşım götürür və o idarə edir. Yəni, məncə evə gələn gəliri kişi qarşılamalı və idarə etməlidir. Bunu biz əvvəldən belə görüb götürmüşük, ailəmiz bizə belə öyrədib. Biz də öz övladlarımıza, nəvələrimizə belə öyrətməliyik ki, onlar da böyüdükdə, boya-başa çatdıqda və ailə sahibi olduqda öz ailələrini də yaxşı yönləndirə bilsinlər”.

Şəhər sakini Bikə Nağıyeva: “Düşünürəm ki, evin əsas məhək daşı və onurğası qadındır. Evə qazancı kişi gətirsə də, qadın onu idarə etməyi bacarmalıdır. Elə ailələr tanıyıram ki, kişi ailə büdcəsinə aylıq 5 min manat qazanc gətirir və pulu xanımına verir. Bir neçə gündən sonra kişi baxır ki, gələn gəlirdən əsər-əlamət yoxdur. Ortada səbəb odur ki, evin xanımı pulu düzgün istiqamətləndirə bilmir, hara gəldi xərcləyir və beləliklə, ailə büdcəsindəki qazanc tükənir. Məncə, belə olan halda ailə büdcəsini evin kişisi idarə etməlidir ki, ən azından əgər övladları varsa gələcək üçün onlara da yatırım edə bilsinlər”.

Şəhər sakini Gülnaz Qədimova: “Azərbaycan mentalitetində qədimdən belə bir qanun var ki, evə gələn gəliri evin kişisi yönləndirməlidi. Evin maddi problemlərini məhz kişi həll etməli, ailənin ehtiyacı olanları o qarşılamalıdır. Çünki ailə başçısı kişidir. O qazandığı əməkhaqqını gətirməsindən əlavə, burada qadına da vəzifə düşür ki, əgər kişinin çox da vaxtı yoxdursa və yaxud kişi idarəetmədə çox da yaxşı deyilsə, qadın da bu vəzifəni boynuna götürə bilər. Evlilik elə bir şeydir ki, burada birlik mütləq olmalıdır. Əgər olmasa, o ailənin sonu heç də yaxşı bitməyəcək və o ailədə doğulan uşaqlar da düzgün tərbiyə ala bilməyəcəklər”.

Şəhər sakini Rafiq İsmayılov: “Fikrimcə, o ölkədə ki, qadının rolu yüksəkdir, həmin ölkədə inkişaf davam edir deməkdir. Məlumdur ki, bizdə normalda ailələrdə kişinin sözü daha çox keçir, nəinki qadının. Çünki bəzi düşüncələrdə “ailəni idarə edən mütləq kişi olmalıdır” fikri var. Bu da özlüyündə çox yanlış düşüncə tərzidi. Lakin yəhudilərdə ailədə qadının rolu kişidən daha çoxdur. Həm məsləhət verməkdə, həm də uşaqların tərbiyələndirilməsində qadın daha çox iştirak edir. Çünki qadın cəmiyyətin yaradıcı qüvvəsidir. Bu da qadının daha çox şeyə qadir olduğunun sübutudur. Düşünürəm ki, qazancı evə kişi gətirsə də, qadın onu ən ekonomik yollarla idarə etməlidir”.

Şəhər sakini Cəmilə Seyidova: “Məncə, bunun fərqi yoxdur. Ayrıseçkilik etməyə gərək duymuram və düşünürəm ki, kim evə gələn gəliri yaxşı tənzimləyə bilirsə o da etsin. Mütləq deyil ailə başçısı bunu etməlidir. Ola bilər ki, müəyyən səbəblərdən bu, mümkün olmur və qadının üzərinə vəzifə olur. Bu barədə fikrim sabit olaraq qalır”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...