Qızlar niyə ataya bağlı olur? - ARAŞDIRMA

Gündəlik həyatda əksər qızların oğlanlardan daha çox atalarını sevdikləri məlumdur. Uşaqlar valideynlərini sevgidə ayırmaq istəməsələr də, qızlar atalarına daha çox bağlıdırlar. Bəs niyə qızlar atalarını daha çox sevirlər? SİA məsələ ilə bağlı araşdırma apararaq, psixoloq, sosioloq və şəhər sakinlərinin fikirlərini öyrənib.

Xüsusilə 5 yaşlı qızlar cizgi filmlərində izlədikləri super güclü qəhrəmanların real həyatda ataları olduğunu düşünürlər. Nə olursa-olsun, atalarının hər zaman güclü və xarizmatik olduğuna inanırlar. Beynindəki bu düşüncəni dəyişdirmək və ya bunun belə olmadığına inandırmaq çox çətindir. Atalarını özlərindən başqa heç kimlə, hətta anaları ilə də bölüşməyi sevmirlər. Heç bir ayrı-seçkilik olmasa da, bacı-qardaşlar arasında bərabər sevilməyi sevmirlər və hətta atalarının bacı-qardaşlarına olan diqqətini çox vaxt qısqanırlar.

Tanıdıqları və həyatlarına aldıqları kişilərdə isə atasında olan nümunəvi xüsusiyyətləri axtarırlar. Uşaqlıqda sağlam və güclü bir ünsiyyət qurulsa, gələcəkdə ataları kimi möhkəm və mükəmməl xarakterli bir adamla evlənmək istəyirlər. Əgər uşaqlıqda ata fiquru yoxdursa, onlarda yetkinlik yaşında kişilərə qarşı mənfi hisslər və hətta nifrət meydana gələ bilər.

Ata-qız münasibətləri hər kəs üçün fərqli ola biləcək bir vəziyyət olsa da, yalnız uşaqlıqda deyil, həm də yeniyetməlikdə də aktiv rol oynayır. Riskli və təhlükəli siqnalların mövcud olduğu bu zamanda, atanın yeniyetmə ilə doğru münasibəti, yeniyetməlik dövrünün asanlıqla öhdəsindən gəlməsində də təsirli olacaq. Yetkinlik yaşında olan qadının gücü atası ilə münasibətlərinin gücü ilə birbaşa mütənasibdir. Buna görə də qızlar və atalar arasında ünsiyyət çox vacibdir.

Bir qızın atası ilə əlaqəsi gələcəkdə əri, müdiri, dostları və iş yoldaşları ilə əlaqəsini təyin edəcək. Qız kişi cinsini və kişi dünyasını atası ilə birlikdə öyrənir. Atası sayəsində, gələcəkdə kişilər haqqında edəcəyi ümumiləşdirmə məlumatlarına çatır.

Qızlar cəmi altı aylıq olanda atalarının səsinə və toxunmasına anasından fərqli reaksiya verirlər. Başqa sözlə desək, atanı qavramaq və fərqləndirmək dərəcəsi yüksəkdir. Ata da ana kimi uşağın psixososial, psixoseksual və zehni inkişafında rol oynayır. Psixoseksual nəzəriyyəyə görə, qızlar 3-4 yaşlarında atalarına yaxın olmaq istəyirlər. Bunun qarşısını alan adamın anası olduğunu düşünürlər və ananı qısqanırlar.

Atanın münasibəti uşağa necə təsir edir?

Qızlarının gözündə atalar daha güclü və müdrikdirlər. Buna görə də daha çox hörmət oyadırlar. Əgər ata sərt, hökmlü və qorxudandırsa, qız utancaq olacaq. Özünü ifadə etmək əvəzinə, içinə qapanmağı üstün tutacaq.

Əgər ata daim tənqidi mövqedə olarsa və övladına səhv etmə şansı verməzsə, uşağına zərər verir. Səhv etməsinə icazə verilməyən bir uşaq, öz həqiqətini tapmaqda ömür boyu çətinlik çəkəcək.

Məhdud atalar uşağının intellektual inkişafını da məhdudlaşdırır. Araşdırmalara görə, yüksək zəka ilə atanın diqqəti arasında artan bir əlaqə var. Ata çox yumşaq və ya çox sərt olsa da, problemdir. Çünki qızların, xüsusilə, sərhədlərə ehtiyacı var.

Atalar qızlarının ilk sevgisidir. Qızlar onu ideal bilirlər. Çünki gözlərini ilk açanda atası ilə tanış olurlar. Bu ideallaşmanın dərəcəsi qızın sonrakı münasibətlərində sevgi axtarışına da təsir edəcək. Atası çox ideal olan qız heç vaxt onun kimisini tapa bilməz. Məlumdur ki, qızlar ümumiyyətlə qadın olaraq atalarına bənzəyən kişiləri seçirlər. Bundan əlavə, atalarından kifayət qədər diqqət və sevgi görməyən qızlar münasibətlərində daha yaşlı və ya yetkin kişilərə üstünlük verirlər. Atalarından tapa bilmədikləri qayğı və mərhəməti belə axtarırlar. Bu, bəzən səhv və ağrılı seçimlərə səbəb olur.

Ata olmaq bəlkə də bir insanın həyatında ən mühüm dönüş nöqtələrindən biridir. Bununla yeni və əhəmiyyətli bir rol əldə edilir. Həyatın nizamı dəyişir, məsuliyyətlər fərqlənir və məzmun dəyişir. Bu yeni rol çox narahatlıq yaratsa da, həm də sevinc və xoşbəxtlik gətirir.

Cəmiyyətimizdə oğlanların sevgisinə baxmayaraq, araşdırmalar ataların qızları ilə münasibətlərinin daha yaxın, daha isti və daha sevgi dolu olduğunu, ata-qız münasibətlərinin daha məmnun məzmunlu olduğunu göstərir.

Qızlar körpəlikdən ataların diqqətini çəkirlər. Kişilər üçün qız uşağının böyüməsini seyr etmək olduqca maraqlıdır. Çünki qızlar oğlanlardan bir çox cəhətdən fərqlənir. Əlbəttə ki, qızların mədəni cəhətdən gücləndirilmiş davranışları ilə oğlanların gücləndirilmiş davranışları arasındakı fərq burada böyük əhəmiyyət kəsb edir. Oğlandan daha sərt, ifadə etməyən bir münasibət gözlənilsə də və hətta "ağlamaq" xoş qarşılanmasa da, qızların ağlaması və hər cür duyğularını ifadə etməsi təbiidir.

Qızlar hisslərini ifadə etməyə struktur cəhətdən daha açıqdırlar. Bu xüsusiyyətlər valideynlərin rəftarı ilə gücləndirildikdə, daha çox xarici görünüşə sahib olan, sevgisini və qəzəbini daha açıq şəkildə ifadə edən bir uşaqla qarşılaşırıq. Fərdi fərqlər olsa da, nitq inkişafı və emosional inkişaf, ümumiyyətlə, qızlarda oğlanlara nisbətən daha tez olur, yəni qızların ətraf mühitlə ünsiyyəti daha erkən başlayır. Onların özünü ifadə etmə intensivliyi atalara da təsir edir. Ataların qızları ilə daha sıx emosional qarşılıqlı əlaqədə olması mümkündür.

Hər bir uşaq kimi qızlar da analarının diqqət və sevgisinə ehtiyac duyurlar və bu, vazkeçilməz maraqdır. Ancaq atanın marağı çox fərqli bir tələbdir. Ata, əsasən, xarici dünyanı təmsil edir. Atası ilə nə cür münasibət qursa, xarici dünya ilə də bənzər bir əlaqəyə meyllidir. Qız atası ilə münasibətləri sayəsində əks cinsin xüsusiyyətlərini tanıyır. Bu münasibət nə qədər səmimi və anlayışlı olarsa, uşaq gələcəkdə əks cinsdən biri ilə münasibətlərində o qədər rahat olar.

Qız atasından nə qədər çox heyranlıq və minnətdarlıq alarsa, xarici aləmdə özünə inamı bir o qədər inkişaf edər və özünü hər cür münasibətlərdə daha asan ortaya qoyar. Qızın təbiətinə və atasına heyranlığına görə həmişə atasına yaxın olmaq istəyir. Ataların bu maraqlara eyni şəkildə cavab verməsi, aralarında xüsusi bir bağın yaranmasına səbəb olur. Zaman-zaman, uşaqlıq dövründə qızın atasına olan sevgisi və heyranlığı o qədər artır ki, hətta anasından belə atasını qısqanmağa başlayır.

Məlumdur ki, maraqlarına və atalarından tələblərinə cavab tapa bilməyən qızlar, xüsusilə, yeniyetməlik dövründə daha çox şəxsiyyət böhranı yaşayır, əks cinslə münasibətlərində daha çox çətinlik çəkirlər, daha tez məyus olurlar və inkişafa meyillidirlər.

Qızların atalarını daha çox sevmələrinin səbəbi anaları ilə rəqabət hissləridir. Analarla ünsiyyət problemləri xüsusilə qızların atalarına yaxınlaşmasına səbəb olur.

Xüsusilə, ananın işləmədiyi vəziyyətlərdə, axşam saatlarında ata gələndə ana və qızın gündüz yaşadığı problemlər şikayət mövzusu olarsa, atalar uşaqlarının yanında olmağa daha çox meylli ola bilərlər. Xüsusilə, bir qardaş varsa, ümumiyyətlə, günahkar bilinməsi və qızının zəif olduğu üçün ata tərəfindən qorunması uşaqlarda "atam həmişə məni qoruyur" hissinin inkişafına səbəb olur. Bu qorunma ehtiyacı uşaqların, xüsusən də, qızların həyatında əhəmiyyətli bir yerə malikdir. Atası tərəfindən qorunan bir uşaq, erkən uşaqlıq dövründə əsas etibar hissini inkişaf etdirir. Necə davranırsa yaşasın, atasının arxasında olacağını bilmə zəmanəti, yaşadığı çətinliklər nə olursa-olsun, həyatla üzləşmək baxımından çox vacibdir. Ata tərəfindən verilən bu etimad ardıcıl və uzun ömürlü olduqda, insan bunu özününküləşdirə və özünə inamına çevirə bilər. Erkən yaşlarından etibarını daşıyan qızların, sonrakı yaşlarında həyatlarını daha inamlı bir şəkildə tutmaları və yaşadıqları çətinliklərin öhdəsindən gəlməyə daha davamlı olmaları mümkündür.

Sosioloq, Sağlam Cəmiyyət Hərəkatının sədri Lalə Mehralı məsələyə belə münasibət bildirib: “Qızların atalarına bağlı olması ilə bağlı fikiri hamıya şamil etmək olmaz. Yəni, bu, əksəriyyət üçün nəzərdə tutulmayıb. Bu, fərdə xas, şəxsiyyətə özəl məsələdir. Yəni, günümdə kifayət qədər atasına yox, anasına bağlı olan qızlara da rast gəlinir. Ola bilər ki, xeyli oğlan uşağı atasına düşkün olsun. Qız uşağı da həmçinin.

Bizdə mental dəyərlərə görə, analarla qızları arasında münasibət daha yaxındır. Ata ilə qız arasında isə belə yaxın münasibətə o qədər də rast gəlinmir”.

Psixoloq Fərqanə Mehmanqızı isə fikirlərini bu cür ifadə edib: “Hər bir insan dünyaya gəldikdə iki valideyni olur və bir cins olaraq ilk tanıdığı qarşı cins qızlarda ata, oğlanlarda isə anadır. İlk tanıdığı əks cinsi sevmək həm valideyn kimi, həm də ilk tanıdığı cins olaraq sevmək onlar arasındakı bağın göstəricisidir.

Ümumiyyətlə, şəxsiyyət qarşı cinslə tam olur, yəni bir cins eyni yox, qarşı cinslə tamamlanır və qızlar ataları ilə tamlanaraq, dünyanı tam olaraq atalarında görürlər. Oğlanlar isə dünyanı analarında görürlər və çox maraqlı bir nüans var ki, qızlar böyüdükcə atalarının tərbiyəsini aldıqca, atalarını ideallaşdırdıqca, böyüdükcə ataları kimi insanı özlərinə bir lider seçirlər. Gələcəkdə qızlar ataları kimi oğlanla evlənirlər. Hətta belə bir statistika var ki, atalarında bəyənmədiyi xasiyyətlər belə olsa, xasiyyətlər gələcək həyat yoldaşında da olur.

Oğlanlar üçün isə, qadın anlayışı, qadın dedikdə anaları kimi biri gözlərinin önünə gəlir və analarının xasiyyətini axtarırlar. Bu, şüuraltı olur. Qızlar da kişi dedikdə, ataları kimi kişi anlayışı qəbul edirlər.

Əgər ailədə hər hansı bir travma, valideynlə uşaq arasında problem varsa, bu məsələ, oğlanlarda qadınlara qarşı özgüvənsizlik, qısqanclıq, əgər ana ilə hər hansı bir bağları yoxdursa gələcək həyat yoldaşlarına, sevdiklərinə qarşı inamsızlıq yaranır. Analarından sevgi görməmiş oğlanlar varsa, onlarda qadınlar tərəfindən atılmaq qorxusu olur. Analarından görmədiklərini sevgini sevdiyi qadın tərəfindən görmək istəyirlər. Həmişə diqqət, qayğı görən uşaqlar daha özgüvənli, daha rahat olurlar və onlara diqqət göstərməyən qadınlardan daha rahat ayrıla bilirlər”.

Şəhər sakinləri isə məsələyə bu cür münasibət bildirib:

Şəhər sakini Aytən Qədiməliyeva: “Bəli, düzdür qızlar analardan daha çox ataya bağlı olur. Mənə elə gəlir ki, atalar da qızlarını bir başqa sevirlər. Sanki bu, təbiətin bir qanunudur. Mən də atama bağlı idim. Amma heyif ki, Rəbbim onu məndən tez aldı. Ata qıza arxadır, dayaqdır. Ata dar günün dayağıdır. Əgər arxanda atan varsa, daha rahat olursan. Heç kimdən, heç nədən qorxmursan. Ata olmayanda isə, qanadı qırıq quş kimi olursan. Ata sevgisi dünyanın ən gözəl sevgilərindən biridir. İnsan onun yoxluğunu hər zaman hiss edir. “Atanın çiyni” deyilən bir yer var ki, orada sümüklərinizə qədər sakitliyi hiss edirsiniz. Deyiləcəklər çoxdur...”.

Şəhər sakini Ləman Quliyeva: “Bilirsiniz, hər zaman xanımlar üçün zərif, incə varlıqdır deyilir. Düzdür, elədir. Xanımlar hər zaman diqqət və nəvazişi seviblər. Birinin onlara qayğı göstərməsi, dəyər verdiyini hiss etməsi xanımları xoşbəxt edir. İlk diqqət, qayğı gördüyümüz, ilk sevildiyimizi hiss etdiyimiz, ilk bizi sevən, qoruyan, dəyər verən şəxs atamızdır. İlkləri heç kim və heç nə əvəz etmir. Hər bir qızın istəyi arzusudur ki, onu sevib qoruyan, dar günündə sığınacağı, pis günündə dərdini danışıb başını çiyninə qoya biləcəyi, özünü güvəndə hiss etdirən, heç nədən qorxmayan “ATAM yanmdadır, o həll edər" dediyi bir atasının olmağını arzulayır. Çünki ata dayaqdır, ata qızını hər xasiyyətilə, hər səhvi-düzü ilə qarşılıq gözləmədən, mənfəət güdmədən sevir. Allah bütün valideynləri qorusun”.

Şəhər sakini Aytac İbrahimxəlilova: “Qız uşaqlarının ataya bağlı olmasının səbəbləri onların anaları ilə daha çox vaxt keçirməsi və atasını gün ərzində çox az görməsi ilə bağlıdır. Təbii ki buna cinsi faktorlar da təsir edir. Məncə, qızların analarının xüsusiyyətini alması onları atalarına qarşı daha sevgi dolu edir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...