Niyə xarici vətəndaşlarla evlənməyə üstünlük verilir? - ARAŞDIRMA

Son zamanlar ölkəmizdə əcnəbilərlə evlənin qadın və kişilərin sayı kifayət qədər artıb. Bəs, bunun səbəbi nədir? Niyə bizim xanımlar və bəylər daha çox başqa millətin nümayəndələri ilə münasibət qurmağa meyillidir? SİA olaraq məsələ ilə bağlı araşdırma apararaq ekspert, sosioloq, psixoloq və şəhər sakinlərinin fikirlərini öyrəndik.

Əcnəbi sakinlərlə özəl münasibət əsasən, istirahət mərkəzlərində başlayır. Türkiyənin Antalya bölgəsinə işləməyə gələn bir çox rus qadını həyatını aşiq olduqları türklərlə birləşdirir və Antalyada məskunlaşır.

Deyilənə görə, əcnəbilərlə ailə qurarkən daha çox baxımlı olub olmadığına fikir verilir. Rus qadınları türk kişilərini ailələrinə dürüst və sadiq olduqları üçün seçdiklərini ifadə edən Antalya Rus Kültür Dərnəyi Başçısı Marina Sakarova "Türk kişiləri isə savadlı və baxımlı olduqları üçün rus qadınlarına üstünlük verirlər. Beləcə, iki zəngin mədəniyyətin birləşməsi ilə xoşbəxt bir ailə qurulur”.

Bir sıra xarici mənbələr kişilərin niyə daha çox rus qadınlarına meyilli olmasını göstərir. Rus qadınlarının çox şıltaqlıqları yoxdur, səhvlərinizə hörmət edirlər. Üstəlik, əgər arada eşq olmadan onlara xəyanət edirsinizsə, sizi bağışlayırlar. Şəxsi vaxtınıza hörmətlə yanaşırlar.

Onlar üçün həftə sonu dostlarınızla birlikdə quracağınız planlar problem olmayacaq. Evdən kənarda olduğu kimi evdə də özlərinə böyük qayğı göstərməyi və həmişə gözəl və cazibədar və qalmağı sevirlər. Bunu özlərini xoşbəxt etmək üçün etsələr də, siz də bəyənəcəksiniz.

Cinsi əlaqə baxımından rahat bir cəmiyyətdə və ölkədə yaşadıqlarına əsaslanaraq, münasibətlərinizdə sizi xoşbəxt edəcəklərinin çox böyük ehtimalı var. Rus qızları əylənməyi və gecə yaşamağı sevsələr də, yetkin və ana xarakterə malikdirlər. Daha çox uşaq sahibi olmaq istəmələri bunu axtaran türk kişilər üçün yaxşı bir səbəbdir.

Çox qısqanc deyillər və axmaq qısqanclığa girmirlər. Amma təbii ki, dünyanın hər bir qadını kimi sevdikləri kişilərə və ərlərinə qısqanclıqla yanaşırlar.

Bəs, bizim qızlar niyə xarici oğlanlara maraq göstərirlər?

1. Anlayışlı olduqları üçün

Ağıllı adam güclü adamdır. Anlama dozasını tənzimləmək həm də qızların xarici kişiləri necə sevdiyi sualına cavab vermək deməkdir. Çünki anlayışın dozası həm də sevginin dozası deməkdir.

Bəs nə etməlisən? Aşağıdakı kimi ümumiləşdirək:

"Onu boğmaq və həyatını zindana çevirmək. Amma hökmranlığına xələl gətirəcək qədər də onu nəzarətsiz qoyma. Əlindəki quşu çox sıxsan, ölər, amma çox buraxsan da uçar”.

2. Pozitiv olmağın gücü

Pozitiv olmaq, insan münasibətlərinə gəldikdə kişinin ən güclü silahına çevrilir. Çünki kişilərin ümumi quruluşu şikayətlərə əsaslanır. Bu səbəbdən cəmiyyətdə "kədərli və mənfi kişi cəmiyyəti" üstünlük təşkil edir. Belə bir mənfi mühitdə pozitiv bir oğlan olmaq, qızı öz gücü altına almaq deməkdir və buna pozitiv olma gücü deyilir. Qızlar da məhz pozitiv xarici kişiləri daha çox sevir. Özünüzü motivasiya edərək özünüzü idarə etməyə və daha müsbət bir əhval-ruhiyyə ilə yaşamağa çalışmalısınız. Bunu müəyyən bir müddət etdikdən sonra ətrafınıza pozitiv enerji yaymağa başlayacaqsınız və bu enerji xarici qızların ətrafınızda fırlanmasına səbəb olacaq.

3. Dinləmənin gücü

Göründüyü kimi cəmiyyətdə heç kim qarşısındakı insanı dinləmir. Digər tərəfdən, hər kəsin özünəməxsus bir hekayəsi olduğu və bunu söyləməsi lazım olduğu aydındır. Yaxşı, belə bir mühitdə bir qızı səmimiyyətlə dinləyən bir adamın nə qədər güclü olduğunu bilirsinizmi?

4. Duyğunun gücü

Emosional olaraq güclü olan bir adam qısa müddətdə qızların sevimlisinə çevrilə bilər. Soruşursan niyə? Bunun iki səbəbi var:

Birinci səbəb qadınların emosional cəhətdən güclü kişilərlə tez bir zamanda tanış olmalarıdır. Çünki qızlar kişilərdən daha emosional varlıqlardır və bir kişinin də emosional olduğunu görəndə ona daha yaxın hiss edir. Bu da iki cins arasında qırılmaz bir bağ yaradır. Çünki insanlar həmişə özlərinə bənzər insanlarla birlikdə olmağı üstün tuturlar.

5. Nitqin gücü

Natiqliyin bir sənət olduğu bugünkü dünyada danışma gücü ilə gündəmə gələn kişilər həmişə daha prestijli olublar. Bu kontekstdə sizə və xarici qızların kişiləri necə sevdiyini soruşan bütün kişilərə tövsiyə budur: Hər gün ən az 15 dəqiqə audio kitab oxuyaraq diksiyanızı düzəldin. Zaman keçdikcə hətta danışığınızın nə qədər yaxşılaşdığına da təəccüblənəcəksiniz. Unutmayın ki, insanlar geyimləri ilə qarşılanır, amma danışıqları ilə yola salınırlar.

6. Sirli adamın gücü

Niyə qızlar sirli oğlanları sevirlər? Qızların şüuraltında "bir qədər sirli kişilər" bir sehrbaz və ya psixi gücə sahib kimi qəbul edilir.

Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova bu cür münasibət bildirib: “Ailə qurmaq ilk olaraq mental duyğularımızın açarıdır. Çünki, artıq bəşəriyyətə gəldiyimiz bir gündən bəzən valideynlərimiz kimləsə bizi göbəkkəsdi eləyər, arzuları, xəyalları, istəkləri olar, hətta bəzən özlərinin xoşbəxt olmadığı ailə tablosunda sanki övladlarının ailə qurmasında birbaşa vasitəçi olmaq istəyirlər. Yəni, “mən bunu belə etmədim, belə etsəydim daha xoşbəxt olardım”, “valideynlərim mənim sözümə qulaq asmadılar, assaydılar təbiidir ki, mən indi atanla bu zülmü çəkməzdim” kimi fikirlər də var. Baxırıq ki, bu söhbətlərin sonunda istər qızlarımızda, istərsə də oğlanlarımızda yaranacaq mental duyğulardan uzaqlaşmağa doğru addımlar atlır.

Hər kəs son dövrlər öz psixologiyasına belə bir təsir edir ki, mən harada xoşbəxtəmsə orada da öz ailəmi quracam. Necə ki, deyirik ki, harada rahat yaşaya biliriksə, ora mənim vətənimdir. Amma çox gözəl bir atalar misalımız da var ki, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Ailələrdə bu problemlər yaşandıqca təbii ki, ortalıqdan artıq o fərqlər götürülübdür, uzun ömürlü ailələrin çox olmasında fərqi yoxdur xalaoğlu xalaqızı da ailə qurub boşana bilir, xarici vətəndaşla da ailə qurub boşanmaya gəlib çıxa bilir. İllərlə, 7 il bir-birini istəyib ailə quranlar da ailə qurduqdan sonra düşünürlər ki, sən demə mən heç onu sevməmişəm. Görürsünüz, fərqlər tamamilə yəni, başqa-başqa kriteriyaların üzərində qurulur.

Bizim onlayn seanslarımız da olur və bəzən də görürsünüz ki, xarici ölkədə yaşayan, xarici ölkədə ailə quran və yaxud tələbə olan qızlarımız, oğlanlarımız yazarkən mənim ilk olaraq sualım olur ki, “niyə öz millətimizdən olan bir insana getmədiniz, məhz xarici ilə ailə qurdunuz?” Çoxlarının cavabı bu olur ki, “mental düşüncələr məni yordu, sıxdı. Öncə öz azərbaycanlımı sevirdim, amma onun yersiz qısqanclıqları, güvənsizlikləri məni bu addıma gətirdi. Amma baxıram ki, bu adam məni incitmir, mənə güvənir, inanır”. Bir çoxlarında araşdırdığım səbəblər bu olub.

Digərində tamamilə sosial durum məsələsi olub. Yəni, mən oxudum təhsilimi sonunu istədim ki, xaricdə davam etdirim və sonunda gəldim burda ruhumu oxşayacaq sanki ruh əkizimi tapdım. Onunla ailə qurdum və çox xoşbəxtəm. Bax, səbəblər bundan irəli gəlir. Təbiidir ki, burada valideynlərin üzərinə çox böyük bir məsuliyyət düşür. Övladlarımızın yanında apardığımız söz-söhbətlər, narazılıqlar təbiidir ki, “sonunda bizim bütün kişilərimiz bu cürdür, qəddardır, əzabverəndir qaçım canımı qurtarım, bilsəydim o vaxt məni xarici bir vətəndaş istəyirdi onunla ailə qurardım” demək olmaz.

Bir də təbiidir ki, sosial şəbəkələr buna birbaşa vasitəçidir. Bir də görürsən ki, bir müddət uzunmüddətli söhbətlərin olması bir-birinin ruhlarını oxşaması sonunda gəlir ki, elə sən demə biz bir-birimizin yarıyıq, biz ailə quraq”.

Media eksperti, jurnalist Rövşən Rəsulov isə bu məqamlara toxunub: “İndi elə bir zamandır ki, cəmiyyətdə xarici vətəndaşlarla ailə qurmağa pis baxılmır. Amma daha əvvəllər belə məsələlərə çox ciddi yanaşılırdı, xüsusilə Azərbaycan ailələrində. Hətta belə bir hal da mövcud idi: oğlan başqa hər hansı millətin qızını ala bilərdi, amma qızın başqa millətə ərə verilməsinə müsbət baxılmırdı. Bəli, tək-tək hallar olurdu ki, azərbaycanlı qızlar başqa millətin nümayəndələrinə ərə gedirdilər. Onda da bu hal çox təəccüblə, hətta heyrətlə qarşılanırdı.

Məsələnin digər tərəfi də var. Söhbət dini mənsubiyyətdən gedir. Dinimizə görə oğlanlar başqa millətdən olan qızlarla evlənə bilərlər, lakin qız xəylağı yalnız ailə qurmaq istədikləri fərqli millət nümayəndəsinin müsəlman olmasını tələb etməlidir. İndi həmin məsələ də təəssüf ki, “köhnəlmiş düşüncə” kimi atılıb bir kənara. Ancaq gəlin görək burada nə qədər mənəvi, imana xas olan və dəyərlərə qoyulan hörmət amili üstün tutulur.

Məncə, bir ailənin möhkəm olması üçün yalnız qarşılıqlı ehtiram deyil, həm də imanlı, mənəviyyatlı olmaq da tələb edilir. Təbii ki, yaşlı və ya orta yaşı nəsil daim bu dəyərləri yeniyetmələrə, gənclərə aşılamalıdırlar. Onda nə ailələr dağılar, nə də başqa arzuolunmaz hadisələr yaşanar.

Zaman dəyişdikcə vaxtilə mövcud olan qaydalar, milli baxışlar, hətta rituallar da dəyişməkdədir. Şəxsən mən, öz düşüncəmə görə belə addımı doğru hesab etmirəm. Bəlkə də bu düşüncəmə görə müasirliyi, kosmopolitliyi daha önəmli sayan kəsimlər məni qınaya da bilərlər, mənim konservant fikirli adam kimi də qiymətləndirə bilərlər, amma heç cür azərbaycanlı qızlarımızın başqa millətlərin oğlanları ilə ailə qurmalarına haqq qazandıra bilmirəm. Halbuki mən də müasirləşmənin tərəfdarıyam, amma çərçivəsində.

Belə ki, ailə dəyərinin kökü, möhkəmliyi, sarsılmazlığı milli və mənəvi dəyərlərimiz üzərində qurulmalıdır və bu mövcudluqla həmin dəyərlərimiz övladlarımıza ötürülməlidir. Əks halda, yaxın gələcəkdə milli genlərimizdə arzuolunmaz kollapslar da yarana bilər. Bax, ondan sonra hər şey istədiyimiz kimi ola bilməz.

Qaldı ki, qızlarımızın xarici şəxslərlə ailə qurmalarına – burada məqsədlər də ola bilər. Məsələn, orta sosial həyat sürən bir qız vəziyyətini yaxşılaşdırmaq üçün imkanlı xarici vətəndaşla ailə qurur və bu ailənin mənəvi tərəfləri qətiyyən ola bilməz. Gec, ya da tez həmin ailə mütləq dağılacaq və buna istifadəçilikdən başqa heç cür ad vermək olmur.

Ola bilər ki, azərbaycanlı qız misal üçün, bir alman vətəndaşı ilə qarşılıqlı münasibət hissləri yaşayır, onlar bir-birlərini həqiqətən də sevirlər. Amma bu məsələdə də ciddi tələblərin ortaya qoyulması şərtdir. Qızın ailəsi ilk növbədə öz dəyərimizə hörmət qoymalı, onun tələblərinin yerinə yetirilməsini istəməlidir.

Ümumiyyətlə, bu məsələdə belə bir ənənəvi sualı verməyin məncə yeridir: “Xoruz yox idi səhər açılmırdı ki?”.

Fürsətdən yararlanaraq qızlarımıza tövsiyə etmək istərdim ki, çalışsınlar milli ruhda yaşasınlar, müasirliklə də ayaqlaşsınlar, amma bu ruhu unutmasınlar. Ailə qurarkən də şükür Allaha ki, qeyrətli, zəhmətkeş, vicdanlı oğullarımız var, onlarla ailə qurub xoşbəx həyatlarını, dövranlarını sürsünlər, övladlarını böyütsünlər və onları Vətənə layiq vətəndaş kimi yetişdirsinlər”.

Məsələ ilə bağlı şəhər sakinlərinin də fikirlərini öyrəndik:

Şəhər sakini Aytən Qədiməliyeva: “Azərbaycanlı kişilərin çoxsu işsizdi və yaxşı maaşları yoxdur. Xanımlar da qurduğu həyatı yaxşı yaşamaq, xaricdə gün görmək ümidi ilə xaricilərlə evlənirlər. Təəssüf ki, çoxsunun da şansı gətirmir və gedəndən sonra peşman olanlar da olur, xoşbəxt yaşayanlar da”.

Şəhər sakini Aytac İbrahimxəlilova: “Xarici vətəndaşla ailə qurmaq çox yaxşıdır. Bu mənim çox xoşuma gəlir. Hətta düşünürəm ki, bu say artsa çox gözəl olar. Mən özüm də xarici vətəndaşla ailə qurmaq istəyirəm və hərkəsə də məsləhət görürəm. Bu sayədə fərqli dil və mədəniyyət də öyrənmiş olarıq. Həmçinin bizim qızların necə kübar olduğunu da onlara göstərmiş olarıq”.

Şəhər sakini Aytən Məmmədova: “Bəzi insanlar düşünür ki, xarici vətəndaşla evlənsələr daha sərbəst olacaqlar və bütün günü gəzəcəklər. Düşünürəm ki, xarici vətəndaşla ailə quranlar tez ayrılırlar. Bizim qızlar daha çox türklərlə ailə qurmağa həvəslidir”.

Şəhər sakini Dilbər Məmmədova: “Bizim qızların xaricilərlə evlənməsində əsas səbəb odur ki, qadına yuxarıdan aşağı baxırlar. Qadının vəzifəsi yalnız uşaq dünyaya gətirib yoldaşına qulluq etmək deyil. Bundan başqa amillər də var. Qadın kariyera da qura bilər, işə də gedər. Xarici kişilər qızın keçmişinə baxmır. Onlar üçün əsas indi və bu gündür”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...