Taksi sürücüləri Covid pasportunun tələb olunmasına NECƏ BAXIR? - SORĞU

Azərbaycan Respublikası Nazirlər kabineti yanında Operativ Qərargahın qərarına əsasən bu gündən Taksi sürücülərindən vaksin pasportu tələb olunacaq. SİA olaraq bu qərarla bağlı taksi sürücüləri arasında sorğu keçirdik. Sorğunu sizə təqdim edirik:

Paytaxt sakini Zöhrab Səmədov: "Covid-19 vaksini qəbul etmək hər şeydən qabaq özümüzün və ətrafımızın sağlamlığı üçün önəmlidir. Biz taksiçilər ictimaiyyətlə həmişə əlaqədə oluruq, insanlara xidmət edirik. Onların sağlamlığını düşünməliyik. Odur ki, bu qərara çox yaxşı baxıram".

Paytaxt sakini Zahid Rəcəbov: “Bu çox gözəl qanundur. Yoxlamaq lazımdır. Çünki, camaat xəstələnir, xəstələnməmək üçün vaksin olmaq lazımdır. Bunu tək biz taksi şoferləri yox, bütün camaat etməlidir ki, bu xəstəlik bizdən uzaqlaşsın".

Paytaxt sakini Murad Muradxanlı: “Mən özüm hər iki doza vaksini qəbul etmişəm. İndi taksi sürücülərindən vaksin pasportunun tələb olunması çox yaxşı qərardır. Onsuz da tək taksidə yox, restoran və kafelərdə də yoxlama olur. Yəni, vaksin olmasan digər bəzi qapalı yerlərə də girə bilmirsən. Həm də öz sağlamlığımız və sərnişinlərin sağlamlığı üçün bu çox vacibdir".

Paytaxt sakini Elman Şirinoğlu: “Mən düşünürəm ki, bu qərar yaxşıdır. Çünki biz insanlarla daim ünsiyyətdə oluruq. Yəni, insanlara xidmət göstəririk. Buna görə də, bizim vaksinli olmağımız lazımdır. Mən şəxsən hər iki doza vaksin qəbul etmişəm".

Paytaxt sakini Ziyyədin Əlioğlu: "Mən iki doza vaksin qəbul etmişəm. Bu bizim sağlamlığımız üçündür. Hökumət də bizim sağlamlığımızı düşünüb bu qərarları qəbul edir. Buna görə də, hökumətin bu qərarlarına tabe olmaq lazımdır. Əlaxüsus biz taksiçilər bu məsələyə ciddi yanaşmalıyıq. Çünki xalqa xidmət edirik".

Paytaxt sakini Vaqif Rzayev: “İki doza vaksin ümumiyyətlə çox lazımlıdır. İnsanın həm öz sağlamlığına, həm də ətrafındakıların sağlamlığına görə vaksin xüsusi rol oynayır. Taksiçi kimi deyə bilərəm ki, biz həm də sərnişinlərlə ünsiyyətdə oluruq və onların sağlamlığını biz fikirləşməliyik. Vaksin olsaq da virus keçə bilər. Amma ən azından yüngül keçər. Buna görə bu qərar əladır və faydalıdır".

Paytaxt sakini Əziz Süleymanov: "Taksi ilə vaksinin nə əlaqəsi? Baxmayaraq ki, mən hər iki doza vaksini qəbul etmişəm. Amma bəzi qapalı məkanlara icazə verilmədiyi üçün bunu etmişəm. İndi dövlətimiz bu qərarı veribsə, deməli düşünüb verib. Ancaq tabe olmalıyıq".

Paytaxt sakini Ziyad Nəzərov: "Bu qərarla bağlı bizim düşüncəmiz ancaq müsbət olmalıdır. Çünki hökumət bizim sağlamlığımız üçün bu qərarları verib. Mən şəxsən bəyənirəm və dəstəkləyirəm".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə