Hamiləlikdə koronavirusa necə qalib gəlmək olar? - EKSPERTLƏR AYDINLIQ GƏTİRDİ

“Ümumiyyətlə, koronavirus həm hamilələrdə, həm də digər insanlarda çox risk yaradır və təbii ki, hamilələrdə bu risk ikiqatdır. Yəni, bətindəki körpənin də həyatını təhlükəyə atmış olur. İlk növbədə, koronavirusdan qorunmağın əsas şərtlərindən biri davamlı olaraq immun sistemimizi güclü etmək və immun sistemimizə zərər vuracaq bütün amillərdən uzaq durmaqdır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözərinə görə, biz gündəlik sağlam qidalanmanı yerinə yetirməliyik: “Xüsusilə, hamiləlikdə zərərli qidalardan daha çox paketlənmiş məhsullardan uzaq durmaq lazımdır. Çünki, bunlar da immun sistemini aşağı salır, vaxtlı-vaxtında sağlam yuxu rejiminə əməl etmək lazımdır və eyni zamanda gündəlik fiziki aktivliyimiz önəmli olmalıdır”.

“Mütləq şəkildə gündəlik olduğumuz məkanlarda daha çox gigiyena qaydalarına uyğun əllərimizi tez-tez yumalıyıq. Bəzən olur ki, uzun müddət evdən bayırda qaldıqda əllər yuyulmur, mütəmadi olaraq spirtlənir və bunun da tərəfdarı deyiləm. Əllərin yuyulması ən vacib şərtlərdən biridir. Yaxşı olar ki, xüsusilə bayırda olduqda mütəmadi olaraq əllərin təmiz şəkildə yuyulmasına diqqət edək. Çünki, əlimizlə davamlı olaraq ağzımız, burnumuz, gözümüzə toxunuruq və bu da yoluxmanın bir nömrəli səbəblərindən biridir”.

“Yaxşı olar ki, qapalı məkandayıqsa, tez-tez təmiz hava ilə otağı havalandıraq. Ümumiyyətlə, mümkün olduqca tanımadığımız insanlarla təmasdan qaçmalıyıq. Vacib olmadıqca kütləvi tədbirlərdən uzaq durmaq lazımdır, çünki ən çox yoluxma kütləvi tədbir olan yerlərdə olur. Çünki, hər kəsin sağlıq durumu bilinmir və koronavirus sürətli yayıldığı üçün, ona görə mütləq şəkildə hamilələrin bu kimi tədbirlərdən uzaq durması sağlamlıq üçün daha yararlıdır. Daha sonra özlərinə aid əşyalar var ki, bu evin içində də ola bilər, məsələn, gigiyenik əşyalardır, bunu istifadə etdikləri qablardı, stəkanlardı, boşqab ola bilər, əl üz silən dəsmallardır ki, bunlardan mütləq şəkildə özləri istifadə etməlidir, ortaq istifadəyə yol verilməməlidir”.

Məhsəti Hüseynova sözlərinə belə davam edib: “Mümkün olduqca hamiləlik dövründə uzaq səyahətlər olmasın və ən önəmli məsələlərdən biri də stress faktorudur. Ona görə yaxşı olar ki, neqativ, elmi əsası olmayan xəbərləri, ümumiyyətlə, şübhəli hesab etdiyiniz xəbərləri izləməməyiniz daha məsləhətlidir. Çünki, bu halda həqiqətən də psixologiyamızı korlamamış oluruq. Qidalanmamızda da daha çox həkimin yazdığı qida əlavələriniz varsa onu vaxtı-vaxtında qəbul etməliyik. Meyvə-tərəvəzimizi bol etməliyik, təzə bişirilmiş yeməklərə üstünlük vermək lazımdır və günlük qidamızı yaxşı olar ki, hər gün təxmini eyni saatlarda səhər, günorta, axşam yeməyi olaraq, qəbul edək ki, çünki orqanizmimiz standart çalışma mexanizminə malikdir, biz nə qədər rejimli edəriksə, yediklərimiz o qədər bizim orqanizmimizə faydalı olar və xüsusilə də hamiləlik dövründə gələcək körpəmizin sağlamlığı, özümüzün sağlamlığı üçün bu nüanslara diqqət etməyimiz daha vacibdir”.

Məsələ ilə bağlı cərrah, mama-ginekoloq Ləman Əliyeva da öz fikirlərini qeyd edib: “Ümumiyyətlə Covid-19 və yaxud da digər infeksiyalardan qorunmaq üçün sosial məsafə gözlənilməlidir. Həmçinin əlləri də tez-tez yumaq lazımdır”.

“Apteklərdə xüsusi mazlar var ki, burunun qarşısına vuralaraq infeksiyalara qarşı mübarizə aparır. Virusdan qorunmaq üçün bu da çox faydalıdır”.

“Qeyd edim ki, bir maskanı ikinci dəfə istifaə etmək düzgün deyil. Ətraf-mühitdəki əşyalara çox toxunmaq da virusa yoluxmağa səbəb olur. Çalışıb həkim məsləhəti ilə vitamin qəbul etsinlər. Bu onlar üçün çox faydalı olacaq. Yəni, immunitetləri yüksələcək”.

“Həmçinin burada qidalanmanın da böyük önəmi var. Lazım olan qədər meyvə, ət, tərəvəz, süd məhsulları da virusun bir nömrəli düşmənidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə