Prezidentin yeni təyinatına paytaxt sakinlərinin BAXIŞI - SORĞU

Prezident tərəfindən yeni təyinatlar həyata keçirilib. Bununla bağlı SİA olaraq paytaxt sakinləri arasında sorğu keçirdik. Bəs onlar bu yeni təyinatlara necə baxırlar? Həmin sorğunu sizə, təqdim edirik:

Paytaxt sakini Əli Yunisov: "Tədbirlər yaxşı tədbirlərdir. Alqışlayıram. Ancaq bu yeni təyin olunmuş şəxslərin üzərində ictimai nəzarət olsa yaxşıdır. Bəzi icra hakimiyyətləri tərəfindən müharibə şəhidlərinə qarşı haqsızlıqlar edilir. Bunlar təkrarlanmasın. Prezidentin hər sərəncamını alqışlayırıq. Amma yerli strukturların Prezidentin sərəncamlarını necə yerinə yetirdiyini bilmək üçün gərək, burada bir ictimai nəzarət olsun. Düşünürəm ki, bu nəzarət yerinə yetirilsə, sərəncamların effekti daha müsbət olar".

Paytaxt sakini Məlahət Rzayeva: "Mən heç bir müsbətə doğru bir addımın olacağına inanmıram. Düşünmürəm ki, burada nəsə yenilik olacaq. Yeni təyin olunmuş şəxslər bəlkə də, nəsə müsbət işlər görə bilər. Hər halda zaman göstərəcək. Ümid edək ki, yaxşıya doğru nəsə olacaq".

Paytaxt sakini Nəsir İskəndərov: "Mən açıq danışacam. Burada nəsə bir müsbət hadisə baş verəcəyinə inamıram. Çox güclü ictimai nəzarət olmadıqca da müsbət heç nə görmürəm. Verilən sərəncamların yerinə düzgün yetirilib-yetirilməməsi ilə bağlı dövlət nəzarəti olur. Ancaq bununla yanaşı ictimai nəzarətin də bu baxımdan müsbət olacağını düşünürəm".

Paytaxt sakini Elmin Alışov: "Bəzi hallarda rüşvətxor məmurların ucbatından kadr islahatları aparılır. Düşünürəm ki, səbəblərdən biri də budur. Prezident İlham Əliyevin apardığı kadr islahatları mühüm xarakter daşıyır. Ümid edirəm ki, bundan sonra da kadr islahatları aparılacaq və ölkəmizdə cəmiyyətə lazım olan vəzifəli şəxslər öz işlərinin başlarında olacaq"

Paytaxt sakini Kəmalə Nəsibova: Ümumiyyətlə, düşünürəm ki, Prezidentin bu təyinatları, çox vacibdir və yerindədir. Yeni kadrlara ehtiyac var. Xüsusilə də, gənclərə üstünlük verilməli olduğunu düşünürəm. Çünki yaşlı nəsil rüşvət alışdığı üçün düşünürəm ki, elə də davam edəcək. Rüşvət məsələsini, işlərdə olan qanunsuzluğu aradan qaldırmaq üçün yeni nəfəs gənclərə ehtiyac var. Çünki yeni nəsil kəmiyyətə, məbləğə yox, keyfiyyətə önəm verir.

Paytaxt sakini Sünbulə Camalzadə: "Mən hesab edirəm ki, dəyişiklik, yenilik hər zaman öz müsbət effektiv təsirini göstərir. Bu baxımdan Prezidentin sərəncamları yerindədir. Təyinatlarda daha yeni şəxslərə, gənclərə yer verilməsi lazımdır. Düşünürəm ki, bu belə də olacaq. Daha yaxşı hadisələrin olacağına ümidliyəm.

Paytaxt sakini Səməndər Quluzadə: "Mən hər zaman olduğu kimi indi də cənab Prezidentin göstərişlərinin doğru və yerində olduğunu düşünürəm. Hesab edirəm ki, əvvəl olan hansısa naqisliklər yeni təyin olunan şəxslər tərəfindən bir də təkrarlanmayacaq. Bundan sonra olan işlərin yerində olacaq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə