İntim videosu yayılan bəzi məmurlara - PAYTAXT SAKİNLƏRİNİN BAXIŞI - SORĞU

Son zamanlar tanınmışların, hətta bəzi vəzifəli şəxslərin qeyri-etik, uyğun olmayan videoları yayılıb. Bu barədə SİA olaraq paytaxt sakinləri arasında sorğu keçirdik. Bəs onlar bu məsələlərə necə baxırlar? Həmin sorğunu sizə, təqdim edirik:

Paytaxt sakini Qəmər Əsədova: "Çox pis haldır. Mən deyərdim ki, bu tip videolar gənclərimizin, demək olar ki, tərbiyəsini pozur. Mənim də evimdə iki qız övladım var. İstəmərəm ki, belə şeylər sosial şəbəkələrdə göstərilsin. Mən xüsusilə "Tik-tok"dan çox narazıyam. Bir valideyin kimi narahatam. Bu cür qeyri-etik videolar, yayımlar gəncləri uçuruma aparır. Buna görə, həqiqətən də, çox narazıyam.

Paytaxt sakini Zəminə Axundzadə: "Təbii ki, pis hadisə kimi

baxırıq. Nəzərə almaq lazımdır ki, uşaqlar da sosial şəbəkələrə daxil olur, nəsə axtarırlar. Bu tip görüntülərlə uşaqların qarşılaşması, əlbəttə xoşagəlməzdir. Bu tip videoları belə ictimailəşdirmək, həqiqətən, yolverilməzdir".

Paytaxt sakini Zenfira Əlizadə: "Özləri istəyib paylaşıblarsa, yəni özləri üçün normaldırsa, insanlar da, məncə, onları normal qarşılamalıdır. Amma xeyr, əgər öz istəkləri xaricində çəkilib yayılıbsa, bu çox səhv bir şeydir və məncə, məhkəməyə qədər məsələ gedib çıxmalıdır".

Paytaxt sakini Aynur Rasizadə: "O şəxsidir, şəxsi olan bir

şey yayılmamalıdır. Əgər yayırlarsa, demək nəsə şəxsi qərəzlik var. Ancaq nə olsa da bu tip qeyri-etik, uyğun olmayan videolar yayılmamalıdır. Nəzərə almaq lazımdır ki, buna hamı rast gələ bilər, hamı baxa bilər".

Paytaxt sakini Zülfüqar Veysəl: "Məncə, düz deyil, çünki mənim də başıma gəlib. Məni bir şəxs kənardan çəkib, avara mahnı fonu qoyub "Tik-tok"da paylaşmışdı. Mən həmin şəxsi də tapa bilmədim. Mən hesab edirəm ki, bu cür hərəkətlər qətiyyən yolverilməzdir. Mən özüm sosial şəbəkələrdən istifadə edirəm. Amma çalışıram ki, sosial şəbəkələrdən müsbət şəkildə istifadə edim. Həm də nəzərə almaq lazımdır ki, sosial şəbəkələrə hər kəs girib baxa bilər".

Paytaxt sakini Seymur Cəlilov: "Mənə bu tip videolar maraqlı deyil. Heç vaxt bu tip şeylərə vaxt ayırıb izləmirəm. Bu cür videolar insanlarda təbii ki, xoş təəssüratlar yaratmır. Bu cür videolar yaymaqla özlərini reklam edib, tanıtmaq istəyirlər".

Paytaxt sakini Zirəddin Seyidov: "Çox pis baxıram. Sosial şəbəkə elə bir şeydir ki, ona bütün dünya baxır. Buna görə də, burda insanlar özlərini yaxşı aparmalıdır. Hamıya icazə vermək lazım deyil ki, sosial şəbəkələrə daxil olsun. Yerindən duran yemək yeyir, şəklini paylaşır. Düzgün hərəkətdi bu? Hesab edirəm ki, müəyyən nizamlamalar gətirilməlidir".

Paytaxt sakini Aydın Kərimov: "Bu cür videolar var, yayırlar. Caamata bu cür adamları tanıdırlar. Tanıtdırırlar ki, bunlar bu işlərlə məşğuldurlar. Öz işləri ilə məşğul deyillər".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə