Banka bağladığınız halda bunları bilməniz MÜTLƏQ VACİBDİR - QİDA MÜTƏXƏSSİSİ AÇIQLADI

“Ümumiyyətlə, banka bağlamağı həm mürəbbələr, həm turşular, həm də kompotlara aid edə bilərik. İlk növbədə təmizliyə fikir verilməlidir. Bankalar, şüşə qablar hansı ki, bağlanılacaq qida məhsullarını saxlayacağınız qablar və qapaqlar ilk öncə sterilizə olunmalıdır. Yəni, tamamilə təmiz olduğundan əmin olmalıyıq. Daha sonra istifadə edəcəyimiz turşular üçün tərəvəzlər, göyərtilər çox təmiz yuyulmalıdır, hər biri dənə-dənə ayrılıb baxılmalıdır ki, içində bəzən həşərat ola bilər ki, bu halda zəhərlənməyə səbəb ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti hüseynova deyib.

Onun sözlərinə görə, mütləq şəkildə onların hər biri ayrı-ayrılıqda yuyulub təmizlənməlidir: “Bəzən mürəbbələrdə zəhərlənmə riski ona görə olmur ki, mürəbbələr yüksək şəkərlə birlikdə qaynadılır və bu halda onun tərkibindəki zərərli maddələr öz zərərli xüsusiyyətini itirir. Amma sağlamlıq üçün faydalı olmasına görə mürəbbələri də bişirərkən bütün meyvələr sağlam meyvə olmalı, yəni xarab olmuş olmamalıdır”.

Məhsəti Hüseynova sözlərinə belə davam edib: “Əgər cem hazırlanırsa bəzən əzilmiş meyvələrdən istifadə edirlər ki, bu halda da onun tamamilə içinin sağlam olmağına fikir vermək lazımdır. Sadəcə, əzilibsə bişirmək olar. Xarab olmuş meyvələrdən qətiyyən istifadə etmək olmaz. Eynilə də kompot üçün həmin meyvələri bir-bir seçməli və yuma qaydalarına fikir verməlidir. Ən önəmlisi onların hər birinin fərqli saxlanma xüsusiyyəti var. Yaxşı olar ki, ağızları bağlananda hava keçirməyən və təzə qapaqlardan istifadə olunsun. Bir çox hallarda təzə qapaqlardan istifadə olunmur, təkrar istifadə olunmuş qapaqlardan istifadə olunur ki, bu halda da həmin bağlanılan bankaya hava keçir ki, hava ilə reaksiyaya girdikdə zəhərlənməyə səbəb olur, tərkibi dəyişir. Bütün bunlara diqqət etmək lazımdır. Eyni zamanda da yaxşı olar ki, qaranlıq, sərin, quru yerdə və mütəmadi olaraq nəzarətdə saxlamaq lazımdır. Bəzən olur ki, turşular hava çəkmiş olursa, qapağı ata və bu halda digərlərinə də zərər verə bilər. Bəzən də olur ki, yeni bağladıqları halda qapaq atanda bunu istifadə edirlər ki, yeni bişirilib. Ondan tamamilə imtina etsələr daha yaxşıdır. Çünki qapağın atmasına hava səbəb olur. Bu halda da artıq o məhsul zərərli hesab olunur”.

“Ən çox zəhərlənməyə səbəb olan pomidor turşusudur ki, burada da dediyimiz kimi pomidorları xüsusilə dənə-dənə seçmək lazımdır. Çünki, pomidorların tərkibində daha çox zəhərlənməyə səbəb olan maddə var. Bütün meyvə tərəvəz təmiz-təmiz seçilməli, xarab məhsul olmamalıdır. Yaxşı olar ki, heç əzilmiş məhsuldan da istifadə olunmasın və bir-bir yuyulub təmiz sterilizə olunmuş bankada qoyulmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə